Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:52

Hasara dırmaşıb sərhədi keçən rusiyalının Latviya macəraları


Stanislav Başilov
Stanislav Başilov

27-yaşlı keçmiş polis əməkdaşı Stanislav Başilov hərbi səfərbərlikdən yayınmaq üçün Rusiyanı tərk edərək Latviyaya gedib.

Onun onminlərlə həmvətəni isə bu arada Ukraynaya qarşı 10 aydan artıqdır davam edən müharibədə vuruşur.

Pskov sakini Başilov Latviya Vətəndaşlıq və Miqrasiya İdarəsinin onun sığınacaq müraciətini rədd etdiyini öyrənəndə dəhşətə gəlib. Qurum Başilova risk yaradan təzyiqə məruz qalması, yaxud onun siyasi və ya insan haqları fəalı olmasına hər hansı dəlil tapılmadığını əsas gətirib.

"Dünya başıma uçdu. Bu, son idi. İndi geriyə, sərhədçilərin yanına [göndərəcəklər], FSB-dən “gülərüz dayday” gələcək, ya müharibəyə, ya da türməyə gedəcəyəm”, – deyə o düşünüb.

Ancaq dekabrda məhkəmədə qalib gəlib və sığınacaq alıb.

Dilemma

Rusiyalıların müharibədən yayınmaqdan ötrü müxtəlif ölkələrə qaçması Aİ və Ukraynanı dəstəkləyən digər ölkələrdə dilemmaya səbəb olub. Onlar düşünürlər ki, Rusiya vətəndaşlarının özləri Kremlin bu aqressiv hərəkətlərinin qarşısını almaq üçün daha çox iş görməlidirlər. Digər tərəfdən, çağırışdan yayınan rusiyalılara sığınacaq vermək siyasi və təhlükəsizlik riskləri daşıya bilər.

Latviya və onun Baltik regionundakı qonşuları Ukraynaya hücum başlanandan Moskvanın aqressiyasını dayandırmaq üçün sanksiyalara çağırış edənlərin ilk sıralarında olublar. Riqa Rusiya ilə 214 kilometrlik sərhədi boyunca təhlükəsizlik və hərbi hazırlığını kəskin gücləndirib.

Əhalisinin ¼-ə qədəri etnik rus olan bu keçmiş sovet respublikası eyni zamanda sadə rusiyalıların Aİ-yə səyahətinin qarşısının alınmasına çağırışların önündə gedib. Ölkə açıq müraciətlə Rusiya vətəndaşlarını çağırışdan yayınmaq üçün Latviyada sığınacaq istəməkdən çəkindirməyə də çalışıb.

Səfərbərliyə qarşı çıxanlar

Başilovun ilk sığınacaq müraciətinin rədd edilməsindən bir ay sonra yüzminlərlə Rusiya vətəndaşı Prezident Vladimir Putinin elan etdiyi “qismən səfərbərlikdən” yayınmaq üçün sərhədə axışıb. Bunun ardınca Latviya sərhəd təhlükəsizliyini gücləndirib.

Latviyanın Daxili İşlər Naziri Kristaps Eklons deyib ki, "Rusiyadakı səfərbərlik... Latviyada sığınacaq verilməsi üçün əsas deyil". Ancaq o həm də əlavə edib ki, “hər bir hala fərdi qaydada baxılır”. Nazir həmin dövrdə Latviyadan sığınacaq istəyən rusiyalıların cəmi 16 nəfərinin bunu məhz hərbi çağırışdan yayınmaq məqsədilə etdiyini də vurğulayıb.
Başilov həmin 16 nəfərdən biri idi.

Həftələr sonra, Latviyanın Xarici İşlər Naziri Edqar Rinkeviç AzadlıqRadiosunun rusdilli “Nastoyaşeye Vremya” layihəsinə müsahibəsində deyib ki, əgər rusiyalılar ölkələrinin Ukraynada törətdikləri ilə razılaşmırlarsa, o zaman Rusiya hökumətinə etiraz etməlidirlər. "Bu insanlar Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə qarşı deyillər, səfərbərliyə qarşıdırlar – bu isə böyük fərqdir”, – o bildirib.

Polis akademiyasında oxuyub

Başilov özünü bir illik orduya yazılan, ancaq tezliklə “oranın nə gündə olduğunu” görən, sonradan doğma Pskov regionunda polis akademiyasında oxuyan "adi oğlan” kimi təqdim edir. Oradakı korrupsiya və rüşvətxorluğu əyani gördükdən sonra polis sistemindən istefa verdiyini deyir.

Bundan sonra gübrə zavodunda işləməyə başlayan Başilov ehtiyat zabiti kimi siyahıda qalıb.

O, Azadlıq Radiosunun “Sever.Realii” xidmətinə müsahibəsində fevralın 24-ü hücum xəbərini eşidəndə şoka düşdüyünü və sonadək bunun prinsipcə mümkün olduğuna inanmadığını söyləyib.

Qərbin hesablamalarına görə, ilk hücumda işğalçı ordunun tərkibində 200 min Rusiya əsgəri olub. Bu ordu aylar ərzində toplanıb. Bu müddətdə ABŞ Rusiya və qonşu Belarus ərazisindən Ukraynaya hücum olunacağı haqda xəbərdarlıq edib.

Hərbi komissarlıqdan gələn zəng

Martın 4-də Başilov işdə olanda valideynləri ona hərbi komissarlıq əməkdaşının gəldiyini deyiblər: "Müharibə başlayır və səni hərbi komissarlığa çağırırlar”.

"Hərbi xidmət təcrübəmdən bildiyim üçün anladım ki, onlar …sənin yerinə müqavilə imzalaya, səni inandıra, [yaxud da] şantaj edə bilərlər”, – Başilov danışır.

O, vizası olmadığı halda Pskovdan Latviya sərhədinə qədər 40 kilometr maşın sürüb. Sonradan Belarusa gedərək oradan qanuni şəkildə Latviyaya keçə biləcəyini düşünüb. Əvvəlcə Estoniya və Latviya sərhədlərinin kəsişməsinə gələrək bəxtini burada sınayıb. Daha sonra cənubdakı sərhəd məntəqəsinə gedərək burada “Rusiya formasında olan sərhədçiləri” görüb.

Hasara dırmaşaraq sərhədi keçən Başilov Vilaka kəndinə girmədən meşənin içi ilə gedib. Sonra yolun kənarı ilə getməyin daha təhlükəsiz olduğunu düşünərək üstünü təmizləyib və meşədən çıxıb.

Riqa avtobusuna minib

Riqa avtobusuna minən Başilov burada özünü bir qədər çaşqın görünən polis əməkdaşına təslim edib və ona sərhədi qanunsuz keçdiyini, siyasi sığınacaq istədiyini deyib.

"Nə dediyimi dərhal anlamadığı aydın görünürdü”, – Başilov xatırlayır.

"Çox qorxulu idi. Ancaq onlar məni sərhəd xidmətinin binasına gətirdilər və az-çox təhlükəsiz yerdə olduğumu anladım”, – o deyir.

Riqa yaxınlığında yerləşdirildiyi yeni Muçenieki təcrid mərkəzində özünü təhlükəsizlikdə hiss edən Başilov Latviya cəmiyyətinə inteqrasiyadan ötrü latış dili kursuna getməyə başlayıb və dili A1 səviyyəsində öyrənərək sertifikat alıb. Üç ay sonra iş icazəsi alaraq bir onlayn kazinoda çalışmağa başlayıb. Eyni zamanda ingilis dilini müəyyən qədər öyrənib.

“Öldürmək və ölmək istəməyən adi oğlanam”

Avqustda ona miqrasiya idarəsindən rədd cavabı gəlib. Məmurlar onun hər hansı etiraz aksiyasında iştirakının dəlillərini tapa bilməyiblər.

"Əlbəttə, mən tanınmış siyasi fiqur deyiləm, hərbi komissarlıq idarələrini yandırmamışam. Öldürmək və ölmək istəməyən adi oğlanam”, – Başilov vurğulayır.

Nəhayət dekabrın 15-də Riqa inzibati ərazi məhkəməsi ona sığınacaq verilməsi haqda hökm çıxarıb. Başilov müraciəti rədd edilərsə, Gürcüstana keçməyi planlaşdırırmış.

Latviya Dövlət Təhlükəsizlik Xidməti şübhəli motiv və loyallığa malik rusiyalıların sərhədi keçərək ölkəyə gəlməsindən narahatdır. Qurum hərbi təcrübəsi olan rusiyalıların ölkəyə girişinə icazə verilməsinə qarşıdır.

XS
SM
MD
LG