Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:31

Rusiya Baxmut döyüşlərinə əlavə resurslar cəlb edir


Baxmut
Baxmut


Moskva son bir sutkada Ukraynanın şərqində Baxmut-Avdiyevka-Mariinka cəbhə xəttinə hücumları intensivləşdirib. Ukraynalılar Rusiyanın hava zərbələrini, minaatanlardan atəşi, piyada hücumlarını intensivləşdirdiyini bildirirlər.

Silahlı Qüvvələrin Baş Qərargahının aprelin 26-da yaydığı məlumatda deyilir ki, Rusiya səylərini Baxmut, Avdiyevka və Mariinkaya hücumlara cəmləyir, son 24 saat ərzində Rusiyanın 39 hücumu dəf olunub.

“Baxmut və Mariinkada ağır döyüşlər davam edir”, – ordu vurğulayır.

Hava hücumu xəbərdarlığı

Aylarla çəkən şiddətli döyüşlərin episentri olan Baxmutdan təxminən 10 kilometr cənubda yerləşən Klişçiyevka kəndində də təkrarlanan rus hücumları dəf edilib.

Avropanın ən böyük atom elektrik stansiyasının yerləşdiyi cənub Zaporojye bölgəsində bir gecədə hava hücumu xəbərdarlığı elan edilib.

AzadlıqRadiosunun müxbirləri çoxsaylı partlayışların İran istehsalı olan “Şahed” dronlarının hücumu nəticəsində baş verdiyini bildiriblər.

Zaporojye hərbi administrasiyasının rəhbəri Yuri Malaşko sakinləri özlərini qorumağa çağırıb, lakin partlayışların mahiyyəti barədə ətraflı məlumat verməyib.

"Hava xəbərdarlığı bitənə qədər təhlükəsiz yerlərdə qalın", – Malaşko bildirib.

Atom elektrik stansiyasına nəzarət edən Rusiya qüvvələri hələ də Zaporojye vilayətinin Ukraynanın nəzarətində olan hissələrini müntəzəm atəşə tutur.

Kupyanskda muzeyə hücum

Rusiyanın aprelin 25-də şərqdə yerləşən Kupyansk şəhərindəki muzeyə raket zərbəsi endirməsi nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Prezident Volodimir Zelenski bunu "barbarlıq" adlandırıb.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov AzadlıqRadiosuna deyib ki, aprelin 25-də Kupyansk şəhər mərkəzinə endirilən zərbədə S-300 tipli raketlərdən biri də Tarix-Diyarşünaslıq Muzeyinə düşüb.

"Terrorçu ölkə bizi tamamilə məhv etmək üçün hər şeyi edir. Tariximizi, mədəniyyətimizi, xalqımızı. Ukraynalıları tamamilə barbar üsullarla öldürür", – deyə Zelenski Telegram-da yazıb və əlavə edib: "Biz cavab verməliyik və verəcəyik!"

T-14 Armata tankları işə salınır

Rusiyanın dövlət xəbər agentliyi RİA bildirib ki, Moskva müharibədə yeni T-14 Armata döyüş tanklarından istifadə etməyə başlayıb, Ukrayna mövqelərini atəşə tutub, lakin hələlik, "birbaşa hücuma" cəlb etməyib.

Xəbərdə deyilir ki, tank ekipajın “gövdənin ön hissəsində yerləşən, təcrid olunmuş zirehli kapsuldan” uzaqdan idarə etdiyi pilotsuz qülləyə malikdir.

Lakin Britaniya hərbi kəşfiyyatının məlumatına görə, Rusiya qüvvələri gələn ilk tankların pis vəziyyətdə olmasından şikayətlənib.

Britaniya kəşfiyyatının hesabatında deyilir: "11 ildir hazırlanmaqda olan proqramda gecikmələr, planlaşdırılan donanma ölçüsünün ixtisarı baş verir, istehsalda problemlər haqda xəbərlər gəlir".

15 min qanunsuz çağırış faktı

Bu arada TASS Rusiya Baş prokurorunun birinci müavini Anatoli Razinkinə istinadən xəbər verir ki, Rusiya prokurorluğu vətəndaşların qanunsuz səfərbər edilməsi ilə bağlı 15 min faktı qeydə alıb. Onun sözlərinə görə, hazırda bütün əsassız çağırış fəaliyyətləri dayandırılıb.

“Sibir.Realii” qeyd edir ki, ötən ilin sentyabrından bəri Müdafiə Nazirliyinin açıqladığı səfərbərlik sayından bəlli olur ki, hər iyirminci çağırışçı hərbi komissarlıqların qanunsuz hərəkətlərinə məruz qalıb.

Ötən il sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərazisində müharibənin davam etdirilməsi üçün qismən səfərbərlik elan edib. Rəsmi məlumatlara görə, ehtiyatda olan 300 mindən çox rusiyalı hərbi xidmətə çağırılıb. Səfərbərlik zamanı rayonlarda çoxsaylı qanun pozuntuları aşkar edilib: çoxuşaqlı atalar, səhhətində problem olan, döyüş təcrübəsi olmayan və yaşı həddindən artıq yuxarı şəxslər müharibəyə çağırılıb.

Ötən ilin sonunda çoxsaylı şikayətlərdən sonra Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov səfərbərliyə qeyri-qanuni çağırılmış 10 min insanın evlərinə qaytarıldığını bildirib. Lakin hərbi xidmətə çağırış kateqoriyalarına uyğun gəlməyən neçə nəfərin cəbhədə qalması və statusunun qanunsuzluğunu mübahisələndirməsi haqda rəsmi statistika yoxdur. Çağırışçılar mütəmadi olaraq mətbuatda lazımi hazırlıq və təchizat olmadan ön cəbhəyə göndərilmələri haqda məlumatlar yayırlar. Açıq mənbələrə görə, Ukrayna ərazisində səfərbərlər arasında öldürülənlərin sayı yüzlərlədir.

XS
SM
MD
LG