Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:02

London görüşü niyə alınmadı...


Nikol Paşinyan və İlham Əliyev Londonda
Nikol Paşinyan və İlham Əliyev Londonda

"Həftəlik icmal"da iyulun üçüncü həftəsinin hadisələrinə nəzər salaq.

Bu həftə Azərbaycan və Ermənistan liderləri Böyük Britaniyada bir araya gələ bilərdilər, amma gəlmədilər. Əslində, görüşlə bağlı yalnız ehtimallar səslənirdi.

İyulun 18-də Londonda Avropa Siyasi Birliyinin sammiti başlar-başlamaz əvvəl Azərbaycan, daha sonra Ermənistan bir-birini görüşdən imtinada suçladı. Bundan bir həftə öncə iki ölkənin xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü. Həm onlar, həm də görüşə ev sahibliyi edən ABŞ rəsmiləri danışıqlarda proqres olduğunu deyirdilər. Sonradan Dövlət Departamenti sözçüsü sülh sazişinin tərəflərdən ağır kompromislər tələb etdiyini açıqladı.

Yəni, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan Londonda görüşsəydi, "proqres" bir az da möhkəmlənə bilərdimi? Danışıqlar prosesində belə U-dönüşünə nə, hansı qüvvələr səbəb oldu?

Britaniyanın marağı

Stepan Danielyan
Stepan Danielyan

NEWS.am-a danışan ermənistanlı politoloq Stepan Danielyan alınmayan görüşün təşəbbüsünün Britaniyadan gəlməsinə diqqət çəkir. Danielyan Britaniyanın Orta Asiya və Azərbaycana investisiyalarının həcmini vurğulayaraq deyir ki, "Böyük Britaniya Sünikdən keçəcək "Orta dəhliz"in reallaşdırılmasında ilk növbədə maraqlıdır. Onların da məqsədi dəhlizin Ermənistanın yox, Azərbaycanın, yaxud üçüncü ölkənin şərti nəzarətində olmasıdır".

Təhlilçinin fikrincə, Ermənistan görüşün ikitərəfli formatda keçirilməsində israr edib, üçüncü ölkənin iştirakına, öz gündəmini ortaya atmasına etiraz edib. Azərbaycan isə Ermənistanın təklifinə razılaşmayıb, Britaniyanın gündəmi ilə görüşmək istəyib. çünki onu dəhliz maraqlandırır.

Elə prezidentin köməkçisi Hikmət Hacıyev də iyulun 18-də "Report"a açıqlamasında Ermənistanın Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklifindən imtina etdiyini vurğulayırdı.

Azərbaycandan təhlilçi Zərdüşt Əlizadə isə AzadlıqRadiosuna deyib ki, ABŞ da dəhlizin açılmasına çalışır, ona görə də Azərbaycan tələsmir: "Paşinyanın siyasi xətti odur ki, Rusiyadan ayrılıb Qərbə tərəf getsin. Qərbə gedən isə bir yol var, o da Türkiyədir. Amma Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirməsə, Türkiyə Ermənistanla sərhədini açmayacaq. Belə olan halda Paşinyana sülh sazişini imzalamaq daha çox lazımdır".

Azərbaycan Ermənistanın Sünik bölgəsindən keçməsi nəzərdə tutulan marşruta "Zəngəzur dəhlizi" deyir, Yerevan isə öz ərazisindən heç bir ölkəyə dəhliz verməyəcəyini bildirir.

Müdafiə Nazirliyində 100 milyon manatlıq yeyinti: 'Ölkə rəhbərliyinin bundan xəbəri olub'
Gözlə

No media source currently available

0:00 0:12:04 0:00

8 min manatlıq çaxır, 74 minə gül və dibçəklər

Bu həftə yerli mediada 1993-2020-ci illərdə Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olmuş general-polkovnik Nəcməddin Sadıqovun adı hallandı. Həm də təkcə müstəqil deyil, elə hökumətyönlü media orqanlarında da. Söhbət Müdafiə Nazirliyi və nazirliyə tabe qurumlarda toplam 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işindən gedir. İstintaqa göndərilən hesabata görə, Müdafiə Nazirliyində dörd il boyunca tədbirlər adı ilə 713 min manat ayrılıb.

Məsələn, tədbirlər üçün təkcə gül və dibçəklərə 74 min manat xərclənib. Yaxud Sadıqovun hərəsi 100 manatdan 80 şüşə çaxır aldırdığı buna da 8 min manat pul xərclədiyi bildirilir.

Keçmiş qərargah rəisinin adı ilk dəfə deyil məhkəmələrdə büdcədən mənimsəmələrlə bağlı çəkilir. Bundan başqa, azərbaycanlı hərbçilərin Ermənistan xüsusi xidmət orqanları üçün casusluq iddialarının araşdırıldığı "Tərtər işi"ndə də bir sıra yüksək vəzifəlilərlə yanaşı, Sadıqovun da məhkəməyə çağrılıb dindirilməsi tələbləri səslənib. Ancaq nə o, nə də digər vəzifəlilər sorğulanıb.

Ərəstun Oruclu
Ərəstun Oruclu

"Şərq-Qərb" Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu AzadlıqRadiosuna deyir ki, bunun birinci səbəbi Sadıqovun siyasi sistemdəki korrupsiya piramidasının bir hissəsi olması, onun büdcəni təkbaşına dağıtmaması, yuxarılarla bölüşməsidir. Üstəlik, təhlilçinin fikrincə, "Sadıqov bu şəbəkəni özbaşına qura bilməzdi, ona Rusiyadan tapşırıq verilib. Azərbaycan hakimiyyəti də buna şərait yaradıb".

Ə.Oruclu N.Sadıqovun hakim ailə ilə qohumluq əlaqəsinin də onun toxunulmazlığında rol oynadığını qeyd edir. Daha bir amil isə "Sadıqovun Müdafiə Nazirliyində qurduğu nəhəng korrupsiya, talançılıq, casus şəbəkəsinin hələ də güclü təsirə malik olmasıdır".

Ə.Oruclu keçmiş baş qərargah rəisinin hələ də həmin şəbəkəyə nəzarət etdiyini iddia edir. "Nə qədər ki Nəcməddin Sadıqov hakim ailəyə təhlükə yaratmır, ona qarşı heç bir cəza görülməyəcək", - Ə.Oruclu bildirir.

Keçmiş baş qərargah rəisinin hakim ailəyə yaxınlığı, Rusiya ilə isti münasibətləri haqda bundan öncə də mediada məlumatlar gedib. Bunların heç biri təkzib olunmayıb.

XS
SM
MD
LG