Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 04:55

'ABŞ buyurub desin ki, sülh sazişi imzalanırsa...'


Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Kazanda BRICS sammitində
Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Kazanda BRICS sammitində

Bu həftə ABŞ administrasiyasının Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq üçün səylərini artırmasından, hakimiyyətin Qərb mediasına qarşı "hibrid təhdid" iddialarından danışırıq.   

Oktyabrın 24-də Rusiyanın Kazan şəhərində Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdü. Görüşdən sonra tərəflərin yaydığı qısa bəyanatda deyildi ki, iki lider xarici işlər nazirlərinə sülh sazişinin tezliklə başa çatdırılması və bağlanması üçün danışıqları davam etdirməyi tapşırıblar. Görüşdən öncə isə N.Paşinyan demişdi ki, Yerevan və Bakı sülhün təməlinin qoyulmasından ötrü bütün prinsipial məsələləri razılaşdırıb. Onun sözlərinə görə, Ermənistan Azərbaycana sərhəd və gömrük nəzarətinin sadələşdirilmiş prosedurları mexanizmləri ilə Naxçıvan ilə əlaqə qurmağı təklif edib.

Həftənin əvvəlində isə ABŞ prezidenti Co Bayden xüsusi köməkçisi Maykl Karpenteri Bakı və Yerevana göndərdi, tərəflərə eyniməzmunlu məktub çatdırdı. Bayden iki ölkə arasında sülhə nail olmaq üçün administrasiyasının "cəsarətli" təşəbbüslərə hazır olduğunu yazdı. ABŞ prezidenti İ.Əliyevi və N.Paşinyanı sülh müqaviləsini bu ilin sonunadək imzalamağa çağırıb.

AzadlıqRadiosunun erməni xidməti – "Azatutyun" yazır ki, N.Paşinyan 16 maddəli sülh sazişinin böyük bir bölümünü əhatələyən razılaşmanı imzalamağa hazır olduğunu yenidən səsləndirib. Rəsmi Bakı isə yarımçıq sülh sazişi imzalamağı real saymır.

Bəs, ABŞ administrasiyası tərəflərə hansı təşəbbüslərə gedə bilər? Sülh sazişinin ilin sonuna kimi imzalanması nə dərəcədə realdır?

Rasim Musabəyov
Rasim Musabəyov

"Tələm-tələsik sülh müqaviləsi imzalamağa nə ehtiyacımız var?"

Deputat Rasim Musabəyov "Turan"a deyib ki, eyham vurulan, amma açılmayan stimullaşdırıcı təkliflərin qısa müddətdə reallaşması inandırıcı görünmür, Uzunmüddətli perspektivdə isə onları hansı administrasiyanın gerçəkləşdirəcəyi bəlli deyil. Deputat Bayden administrasiyasının səylərini intensivləşdirməsini onun müddətinin ilin sonunadək başa çatması, Ukrayna, Yaxın Şərqdə də bu dövrdə irəliləyiş əldə etməyin qeyri-mümkünlüyündə görür: "Burada isə uğur daha əlçatan görünür, sülh müqaviləsinin imzalanması üçün yollar tapmaq olar. ABŞ-nin təklifləri arxasında hansı dəstək nəzərdə tutulub, demək çətindir. Amma Azərbaycanın xeyli sualına indiyədək cavab verilməyib. Məsələn, Qarabağ ermənilərinin, Qarabağ konflikti adlanan məsələnin beynəlxalq gündəlikdən çıxması. ABŞ buyurub desin ki, sülh sazişi imzalanırsa, nə ATƏT-in Minsk qrupuna, nə də Qarabağ konflikti məsələsinin gündəlikdə saxlanmasına ehtiyac qalır. Bunu demirlər. Onda bizim tələm-tələsik hansısa sülh müqaviləsi imzalamağımıza nə ehtiyacımız var?".

R.Musabəyov ABŞ prezidentinin məktubunun iki liderin Kazan görüşündə müzakirə olunma ehtimalını istisna etmir.

Şahin Hacıyev
Şahin Hacıyev

Siyasi şərhçi Şahin Hacıyev isə AzadlıqRadiosuna deyir ki, Azərbaycanla Ermənistan arasında sülhün imzalanması Bayden administrasiyasından, yalnız ABŞ-nin mövqeyindən asılı deyil, yaranan vəziyyət geosiyasi düyündür: "Qərbin, ilk növbədə ABŞ-nin və Rusiyanın maraqları toqquşur. Rusiya sülhün imzalanmasını o zaman istəyəcək ki, bu, onun şərtləri və iştirakı ilə baş versin. Əks halda, bu, yalnız Azərbaycan və Ermənistanın arzusu, yaxud Qərbin iştirakı ilə olsa, Moskva bunun əleyhinə çıxacaq. Buna əngəl ola biləcəkmi, bu, başqa məsələdir, amma əleyhinədir. Məsələnin bu qədər uzanmasının da əsas səbəbi budur. Ermənistan, demək olar ki, Azərbaycanın bütün şərtlərini qəbul edib. Lakin bu şərtlər vaxtaşırı dəyişir, yeniləri çıxır. Bəzən tam məntiqli şərtlər olmur. Nəzərə alsaq ki, sülhün imzalanması hər bir ölkənin gələcəyi, sabitliyi, təhlükəsizliyi üçün daha vacibdir, bu qədər uzadılmasının mənası yoxdur. Bu təsir ilin sonunacan bu məsələnin çözümünün inandırıcı olmadığını göstərir".

"Hibrid təhdidlər"

Oktyabrın 24-də Avropa Parlamenti Azərbaycanda insan haqlarının pozulması ilə bağlı qətnamə qəbul etdi, siyasi baxışlarına görə saxlanılan və həbs olunanları azadlığa buraxmağa çağırdı. Qətnamədə hakimiyyətin ölkəiçi və xaricində fəallara, jurnalistlərə, müxalifət liderlərinə repressiyası pislənilir, təzyiqlərin COP29 ərəfəsində nəzərəçarpacaq dərəcədə intensivləşdiyi bildirilir.

Milli Məclisin cavabı yubanmadı, Avropa Parlamentini "qoca qitənin bütün problemlərini bir kənara qoyaraq yenidən ölkəmizə qarşı hücuma keçməkdə" suçladı. Açıqlamada vurğulanıb ki, Azərbaycanla təzyiq və ultimatum dilində danışmaq olmaz.

Milli Məclis
Milli Məclis

Bu həftə Milli Məclisdə "COP29-a qarşı hibrid təhdidlər" də müzakirə olundu. Debatı xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı parlamentin yeni çağırışında yaradılmış müvəqqəti komissiya təşkil edib. Çıxışçılar Qərb mediasının Azərbaycana qarşı müxtəlif metodlara əl atdığını, sosial şəbəkələrdə dezinformasiyaların yayıldığını bildiriblər. Komissiya sədri Ramid Namazovun fikrincə, COP29 tədbiri yaxınlaşdıqca Azərbaycana qarşı qarayaxma kampaniyaları da artır. Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli isə dezinformasiyaların daha çox sosial şəbəkələrdə yayıldığını vurğulayıb: "Bu gün də Qərb mediası müxtəlif metodları Azərbaycana qarşı tətbiq edir. Onlardan biri də məlumatın hissələrə bölünərək paylaşılmasıdır. Beləliklə, xarici media cəmiyyəti manipulyasiya edərək kütləvi şüura təsir edir və onlarda çaşqınlıq yaradır".

Gerçəkdən də COP29 ərəfəsi Azərbaycanda insan haqları və demokratiyanın durumu beynəlxalq mediada daha çox tənqid olunur, hakimiyyətə mediaya, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmaq çağırışları edilir. Hakimiyyət təmsilçiləri bu tənqidləri qəbul etməsələr də, hüquq müdafiəçiləri ölkədə azı 300 nəfərin siyasi ittihamlarla cəza çəkdiyini deyirlər.

Bəs, Azərbaycan hakimiyyətinin insan haqları, demokratiya ilə bağlı tənqidləri hibrid təhdid kimi təqdim etməkdə niyyəti nədir?

Siyasi şərhçi Şahin Hacıyev bu tendensiyasinı yeni saymır, deyir ki, Azərbaycan hakimiyyəti hər dəfə insan haqları, demokratiya pozuntuları ilə bağlı tənqidi daxili işlərə müdaxilə kimi qiymətləndirib, bu cür təqdim etməyə çalışıb: "Bu, yeni taktika deyil. Sadəcə, indi bunu bir qədər genişləndiriblər. İndiyədək hansısa rəsmi qurumların, dövlət xadimlərinin tənqidindən söhbət gedirdisə, indi sosial şəbəkələrdə gedən tənqidə də şamil etməyə çalışırlar. Burada söhbət xüsusilə xaricdə fəal olan, hakimiyyəti çəkinmədən tənqid edən bloqerlərdən, siyasi mühacirlərdən gedir. Etika məsələlərini kənara qoysaq, onların qarşısını almaq mümkün olmur. Odur ki, bütün tənqidləri birləşdirib antiazərbaycan hərəkatı kimi təqdim edirlər, belə don geyindirməyə çalışırlar. Elə bu komissiyanın yaradılması da, çox güman ki, bu məsələ ilə bağlıdır. Yaxın gələcəkdə bu istiqamətdə qiymətləndirmələrin davam edəcəyini gözləmək olar".

Son 20 ildə Azərbaycanda mətbuat azadlığı necə olub 51 pillə geriləyib?
Gözlə

No media source currently available

0:00 0:05:28 0:00

"Tənqidçilər təqib olunacaq, cəzalandırılacaqlar"

Bəzi beynəlxalq insan haqları təşkilatları belə bir narahatlıq səsləndiriblər ki, COP29-dan sonra hökumətin tənqidçiləri qisasla üzləşə bilərlər. Ancaq bu beynəlxalq tədbirdən sonra durumun nisbətən düzələcəyinə, ilsonu əfv olacağına ümid bəsləyənlər də var. Ş.Hacıyev isə BMT-nin iqlim sammitindən sonra durumun müsbətə doğru dəyişə biləcəyinə inanmır: "Ən yaxşı halda heç nə baş verməyəcək. Ancaq heç bu da inandırıcı deyil. Tənqidçilər təqib olunacaq, cəzalandırılacaqlar. Bu, ümumi strateji xətdir, dəyişməsi ilə bağlı heç bir əlamət yoxdur. Bu mənada pessimistəm".

Bu həftə müxalifətdə olan AXCP sədri Əli Kərimlinin məhkəməsi bir daha təxirə salındı, məhz COP-29-dan sonraya, dekabrın 2-nə təyin olundu. Ə.Kərimlini rəhbəri olduğu partiyanın keçmiş üzvü böhtanda ittiham edir, cəzalandırılmasını tələb edir. Partiya isə bu işi birbaşa hakimiyyətin sifarişi sayır.

Elə "The Washington Post" da bir müddət öncə Azərbaycanla bağlı tənqidi məqaləsində Ə.Kərimlinin saxta ittihamlarla üzləşdiyini, onun məhkəməsinin dəfələrlə təxirə salındığını, iqlim konfransından sonraya saxlanacağını yazırdı.

XS
SM
MD
LG