Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:03

Süleyman Sani Axundov. Laçın yuvası


Drama 3 pərdədə

İŞTİRAK EDƏNLƏR

Ə m i r a s l a n a ğ a - 50 yaşında, böyük mülkədar.
C a h a n g i r a ğ a - onun oğlu, 22 yaşında, bolşevik.
P ə r i c a h a n x a n ı m - onun qardaşı qızı, Cahangirin nişanlısı, 20 yaşında.
G ö v h ə r x a n ı m - Əmiraslan ağanın arvadı.
Ə d i l b ə y - Cahangir ağanın dayısı, bolşeviklərin tərəfdarı.
H a d i l ə l ə - Cahangirin lələsi.
S ə l i m b ə y
H e y d ə r b ə y }Bəylər.
M u x t a r b ə y
M e h r ə l i b ə y
H a c ı İ m a n q u l u - tacir, 60 yaşında.
M o l l a S a d ı q - axund.
Cəfərqulu - qolçomaq,
S ə n ə m
S ə f ə r }Əmiraslan ağanın xidmətçiləri.
Ə h m ə d

Bir neçə qoşun əhli, bir neçə kənd əhli.


B İ R İ N C İ P Ə R D Ə

Hadisə ilk baharda, böyük mülkədar Əmiraslan ağanın dağ döşündəki kəndində vaqe olur. Kəndin üst tərəfində hasarlanmış əski bir köşk (qala), onun yaxınlıgında Əmiraslan ağanın evi. Səhnə Əmiraslan ağanın otağını göstərir. Otağın divarları və səqfi Firdovsinin "Şahnamə" əsərinin qəhrəmanlarının rəsmi ilə müsevver, pəncərələrin şüşələri rəngbərəngdir. Açıq pəncərələrdən dağlar, çay və qala görünür.

G ö v h ə r x a n ı m (tək). Xudaya, mən nə günahın sahibiyəm ki, məni belə
böyük bir bəlaya giriftar etdin? Tam üç ildir ki, gözlərimin nuru, ciyərparəm,
yurdumun çırağı, tək bir övladımın həsrətini çəkirəm. Cahangirim, gözəl oğlum,
cavan oğlum, başına nə bəla gəldi ki, bu uzun müddətdə gəlib əziz vətəninə çıxa
bilmədin? Söyləyirlər ki, Rusiyada inqilabdır. Orada su yerinə qan axır. İnsanlar
acından tələf olurlar. Ya rəbbi! Bu tökülən göz yaşıma rəhmin gəlsin. Ey uca tanrı! Ey böyük allah! Ey cəmi yaranmışın pənahgahı! Oğlumu səndən istəyirəm.
Ciyərparəmi tezliklə mənə yetir (Hadi lələ daxil olur. Govhər xanım iztirab ilə.)
Hadi lələ, nə xəbərlə gəlmisən? Oğlumdan bir şey bildinmi?
H a d i l ə l ə (məyus bir hal ilə). Xeyr, xanım, şəhərdə bir adam qalmadı ki,
ondan Cahangir ağanı soruşmamış olam. Lakin bir şey hasil olmadı. Rusiya yolu
hər tərəfdən bağlı, bir gediş-gəliş yox...
G ö v h ə r x a n ı m (ağlar səslə). Demək,heç ümid yox, çarə yox...
H a d i l ə l ə. Xanım, bircə çarə var...
G ö v h ə r x a n ı m. O nə çarədir? Tez ol, de, ürəyim tab etmir!
H a d i l ə l ə. Xanım, sənə məlumdur ki, Cahangir ağanı bu əllərim üstə
böyütmüşəm. Gecələr nağıl deyib yatırtmışam. Gündüzlər gəzdirib muğayat
olmuşam. Mən bilirdim ki, onun ayrılığına dözə bilməyəcəyəm. Onun üçün də
Rusiyaya gedən zaman Əmiraslan ağanın ayaqlarına yıxılıb yalvardım ki, məni
Cahangir ağadan ayırma, onunla Rusiyaya getməyə, mənə də izin ver, razı olmadı.
Bu əhvalat yadındadırmı?
G ö v h ə r x a n ı m. Bəli, yadımdadır. Sənin də yadındadırmı, mən onun
ayaqlarına düşüb yalvardım ki, məni bədbəxt etmə, bu səkkiz il oxuduğu kifayət
edər. Bir belə mal-dövlət sahibidir. Daha nəyə ehtiyacı var ki, cavan ömrünü
qürbət ölkədə çürüdə. Mənim də sözümə qulaq asmadı. Dedi: "Gərək mənim
oğlum universitet qurtara!" Özün de bilirsən ki, istər dünya alt-üst olsun,
Əmiraslan ağa dediyindən dönməz.
H a d i l ə l ə. Ağanın o xasiyyətini mən də bilirəm. İndi fikrim budur ki,
Bakıya gedəm, oradan bir xəbər biləm. Bu da mümkün olmasa, Rusiyaya gedərəm,
ağamı axtarıb taparam.
G ö v h ə r x a n ı m (təəccublə). Sənmi?
H a d i l ə l ə. Bəli, mən. Gecələr yata bilmirəm, xəyalıma cürbəcür fikirlər
gəlir. Deyirəm, bəlkə, o təhlükədədir, məni imdada çağırır, mənsə burada istirahət
edirəm. Yox, xanım, daha səbir edə bilmərəm, getməliyəm.
G ö v h ə r x a n ı m. Hadi lələ, Əmiraslan ağa səni buraxarmı?
H a d i l ə l ə. Bilirəm, buraxmaz, lakin mən ondan izinsiz gedəcəyəm və bir də
ağanın mənə nə ehtiyacı var? Qulluğunda duran xidmətçilər çoxdur. Mənim
getməyimdən xəbəri olmayacaqdır. Sizin də bu sirri kimsəyə deməyəcəyinizə
əminəm.
G ö v h ə r x a n ı m. Ondan arxayın ol, ancaq məni təşvişə salan bir tərəfdən
Rusiya yollarının bağlanması, orada və Qafqazda törənən vuruşma, çarpışma, o biri
tərəfdən də sənin qocalığındır. A kişi, bu sinnində haraya gedib çıxacaqsan?
H a d i l ə l ə. Bunların hamısı düzdür, lakin allahı da unutmamalı, hər bir şey
onun əlindədir. Ya məramıma nail olacağam, ya da bu yolda fot olacağam.
G ö v h ə r xanım. Hadi lələ, sənin bu fədakarlığın məni bir tərəfdən şad edir, o
biri tərəfdən qəmgin. Şadam ki, belə qorxulu üsyan zamanında sənin kimi fədakar,
əməkdar xidmətçilərimiz var. Qəmginəm ki, bu sinnində istirahət əvəzinə, belə
qorxulu və ağır səfərə gedirsən. Nə deyim? Get, allah sənə yar olsun. Hərgah
oğlumu tapıb mənə yetirsən, səni lazımınca razı edib ölənə kimi yadımdan
çıxarmaram. Yola götürməyə lazımından artıq pul və qızıl verəcəyəm ki, bəlkə
onların gücü ilə bir iş görə biləsən.
Bu halda Əmiraslan ağa daxil olur.
Ə m i r a s l a n a ğ a. Yenə baş-başa verib nə plan çəkirsiniz?
H a d i l ə l ə. Ağa, Gövhər xanım ilə mənim, Cahangir ağadan başqa nə
söhbətimiz olacaq?
Ə m i r a s l a n a ğ a. Gerçəkdən, Cahangirdən bir xəbər yoxdur. Özüm də mat
qalmışam.
G ö v h ə r x a n ı m. Əlbəttə, mat qalarsan. Sənin tərsliyindən indi mən
bədbəxt ana, çarəsiz qalmışam.
Ə m i r a s l a n a ğ a. Gövhər, sus, yenə ovqatımı təlx etmə!
G ö v h ə r x a n ı m. Xeyr,bağışla, bu uzunmüddət susduğum kifayət edər!
Daha bəsdir! Səbir kasam dolub daşmış. Məni arvad yerində, xanım yerində
qoymursansa, övladının anası yerində qoy. Onu da istəmirsənsə, bir yad qadın, bir
məzlum insan yerində qoy. Qapındakı nökər qorxudan sənə söz qaytarmırsa da,
heç olmasa üzünə baxa bilir, lakin mən ona da cürət edə bilmirəm. (Ağlayır.)
Ə m i r a s l a n a ğ a. Gövhər, məndən nə istəyirsən?!
G ö v h ə r x a n ı m. Səndən övladımı istəyirəm!
Ə m i r a s l a n a ğ a. Mən nə edim? Rusiya yolu bağlı, poçt, teleqraf da
işləmir.
G ö v h ə r x a n ı m. Bəs bunu nə üçün əzəldən fikir etmədin? Niyə mənim
məsləhətimə qulaq asmadın? Səkkiz il oxuduğu bəs idi. Pəricahan haçana kimi onu
gözləsin?
Ə m i r a s l a n a ğ a. Bəs sənin istədiyin o idi ki, baqqal Səfdərqulunun nəvəsi
Həsənəli məktəb qurtarsın, amma Hidayət ağanın nəvəsi Cahangir ağa yarım
təhsildə qalsın? O ki qaldı Pəricahana, o özü gimnaziyanı qurtarmış bir qızdır.
Əmizadəsinin ali məktəbə getməsinə çox şad idi.
G ö v h ə r x a n ı m. Yaxşı, ona razı olmadın, bəs Hadi lələni nə üçün
Cahangirdən ayırdın? İndi belə zamanda sən də, mən də arxayın olardıq.
Ə m i r a s l a n a ğ a. Elə bu ağıllamı mənim işlərimə qarışmaq istəyirsən? 19
yaşında cavana lələmi lazım idi? Bundan əlavə Hadi lələ bu sinnində Rusiyada
necə yaşaya bilərdi? Getmiş olsaydı, indi o da qırılanların biri idi.
G ö v h ə r x a n ı m (iztirabla). Demək, Cahangirin də diriliyinə ümid yoxdur?
Ə m i r a s l a n a ğ a. Onu demədim.O onun fərasətinə baxır: hərgah başında
bir şey varsa, başqaları kimi xarici məmləkətə qaçıb canını qurtarar və bir də
mənim oğlum rusların knyaz, qraf, baron və qeyri nücəba övladlarından artıq və
əzizmidir? Onlar necə olar, o da onlar kimi.
H a d i l ə l ə. Ağa, Cahangir ağa dinc, rəhmdil və hamı ilə mehriban rəftar
edin bir cavandır. Onunla kimin işi ola billr?
Ə m i r a s l a n a ğ a. Belə hərc - mərclikdə onun kimi dilsiz - ağısızlar tələfə
gedə bilərlər. Cahangir mənə və mənim nəslimə əsla oxşamayıbdır. Bax, buna və
bunun nəslinə oxşayıbdır. (Barmağı ilə Govhər xanımı gostərir.) Mənim əcdadım
atan, kəsən, vuran, yıxan, hökmdar bir nəsil olmuş. Əbəs yerə familiyamız
"Şirzadə" deyildir. Bax, bizim nəslə layiq mərhum qardaşımın qızı Pəricahandır: at
minməkdə, tüfəng atmaqda cümləni heyrətə gətirir.
Bu halda Pəricahan xanım çərkəzi libasda, əlində qırmanc daxil olur və qaçaraq
Əmiraslan ağanın boynuna atılır.
P ə r i c a h a n x a n ı m. Əmucə, sənə bir yaxşı xəbər gətirmışəm!
G ö v h ə r x a n ı m. Qızım, Cahangirdənmi?
P ə r i c a h a n x a n ı m. Xeyr, əmucə muştuluğuma nə verəcəksən?
Ə m i r a s l a n a ğ a. Qızım, hər nə istəsən.
P ə r i c a h a n x a n ı m. Xaldar dayça mənim.
Ə m i r a s l a n a ğ a. Sənin, ingilis tüfəngim də üstəlik.
P ə r i c a h a n x a n ı m. Hadi lələ, sən nə verəcəksən?
H a d i l ə l ə. Xanım, mənim nəyim var ki, nə də verim?
P ə r i c a h a n x a n ı m. Sən də bu gecə mənə Mələkzadə nağılı kimi gözəl bir
nağıl söylərsən.
Ə m i r a s l a n a ğ a. İndi söylə görüm nə xəbər gətirmişsən?
P ə r i c a h a n x a n ı m. Əvvəl mənə bir qəziyyə üz verdiyini söyləyim, sonra
gətirdiyim xəbəri. Əmucə, qaşqa at altımda qoruqdan gəlirdim. Qarşıma bir kəndli
çıxdı. Qaşqa atı çamura salmağa heyfim gəldi. Oğlana dedim: "Yoldan çıx!"
Kəndli mənə acıqlı baxıb dedi: "Heyvanı məndən əzizmi tutursan, mən niyə
çamura girim?" Bu cavabdan qan başıma sıçradı. Qaşqa atı tərkimləyib kəndliyə
bir elə qırmanc çəkdim ki, özünü qurbağa kimi çamura atdı.
Ə m i r a s l a n a ğ a. Afərin, qızım, əcəb etmisən. Gərək qabağına salıb
buraya gətirəydin. Cəzasını mən verərdim. Kəndlini tanıdınmı?
P ə r i c a h a n x a n ı m. Bəli, Ədil dayının sabiq rəiyyəti Həsənqulu idi.
Daldan qışqırdı ki, "Dayanın, ay ağalar, vaxtınız yaxınlaşmışdır".
Ə m i r a s l a n a ğ a. Elə itaətsizlik ancaq Ədil bəyin rəiyyətlərindən baş verir.
İxtiyar verib kəndliləri başına çıxartmışdır.
H a d i l ə l ə. Həsənqulu ilə atası Cənnətəli də bacarmayır. Davakar, sərt
dəliqanlının biridir.
P ə r i c a h a n x a n ı m. Sonra Mirzə Salehə rast gəldim. Dedi ki, qubernator
dayına teleqraf gəlmiş ki, Şimali Qafqazda dağıstanlılar bolşevikləri elə pozmuşlar
ki, o şiş papaqlarını da qoyub qaçmışlar.
Ə m i r a s l a n a ğ a. Nə gözəl xəbər! Nə şadlıq müjdəsi! Sağ olsun qəhrəman
dağıstanlılar! İndi baron Vrangel də arxalarını kəsib onlara elə bir üsul tutsun ki,
daha bir də Rusiyada bolşevik adı çəkilməsin.
Səfər daxil olur.
S ə f ə r. Ağa, bəylər gəlib sizi görmək istəyirlər.
Ə m i r a s l a n a ğ a. De, gəlsinlər.
Əmiraslan ağadan başqa qeyriləri çıxırlar. Sonra Mehrəli bəy, Səlim bəy, Heydər bəy
və Muxtar bəy daxil olurlar.
M e h r ə l i b ə y. Çox təəccüblü işdir!
H e y d ə r b ə y. Ağla sığışan iş deyil.
Ə m i r a s l a n a ğ a. Çox gözəl xəbərdir!
S ə l i m b ə y. Əmiraslan ağa, nə deyirsən? Çox gözəl xəbərdir?!
M e h r ə l i b ə y. Əmiraslan ağa, haçandan bolşevik tərəfdarı olmuşsunuz?
Ə m i r a s l a n a ğ a. Səndə haçandan ağlını itirib məndən belə səfeh sual
edirsən?
M e h r ə l i b ə y. Doğru buyurursan, bu xəbəri eşidəndən bəri ağlımı
itirmişəm.
Ə m i r a s l a n a ğ a. Doğrudanda, biz bir-birimizi anlamırıq. Oturun görüm,
bu xəbər sizi nə üçün belə çaşdırmış? Qəhrəman dağıstanlılar düşmənimiz
bolşeviklərə elə bir toy tutmuşlar ki, ta həşrədək yadlarından çıxarmazlar.
B ə y l ə r (guluşurlər.) Ha-ha-ha...
Ə m i r a s l a n a ğ a. Nəyə gülürsünüz?
M e h r ə l i b ə y. Öz halımıza gülürük. Görünür, əhvalatdan müxbir
deyilsiniz. Qubernator Nadir bəyə Bakıdan teleqraf vasitəsi ilə xəbər vermişlər ki,
müsavat hökuməti bolşeviklərə təslim olmuşdur. İndi orada Şura hökuməti
qurulmuşdur.
Ə m i r a s l a n a ğ a. Bu xəbər səhihmidir?
M u x t a r b ə y. Bəli, doğrudur, teleqrafı Nadir bəydən alıb özüm oxumuşam.
Ə m i r a s l a n a ğ a. Teleqraf nə vaxt gəlmiş?
M u x t a r b ə y. Bu gün səhər.
Ə m i r a s l a n a ğ a. Bəs nə üçün Nadir bəy mənə məlum etməmiş?
M u x t a r. Ədil bəy orada idi. Yəqin onunla xəbər göndərəcəkdir. O da
gələcəkdi, ancaq mən onu gözləyə bilmədim, tez çıxdım. Odur özü gəlir.
Ə d i l b ə y daxil olur.
Ə d i l b ə y. Yoldaşlar, salaməleyküm.
Ə m i r a s l a n a ğ a. Ah, yeno qulağıma bu söz dəydi!
Ə d i 1 b ə y. Əzizim, nə üçün ovqatım təlx edirsən? Yoldaş, yəni birlikdə yola
çıxan adam, məsələn: Muxtar bəy məni gözləməyib qaçdı, yoldaşlıq etmədi. İndi
hansınızdan muştuluq almışsa, ona şərikəm.
Ə m i r a s l a n a ğ a. Ədil, zarafatı burax, mənə Nadirdən nə xəbər
gətirmişsən?
Ə d i l b ə y. Buyur, öz mübarək dəsti-xəttilə yazılmış məktubu. (Məktubu
verir.)
Ə m i r a s l a n a ğ a. (məktubu oxuyarkən). Biqeyrətlər! Binamuslar, vətəni
satanlar! Görəsən hərəsi nə qədər rüşvət almış. Bəs batmış müsavat əsgərləri
harada qalmışlar? (Hirslə məktubu cırıb atır.)
Ə d i l b ə y. Hansı əsgərləri deyirsən? Xan, bəy, tacir övladlarından toplanmış
əsgərlərimi?
M e h r ə l i b ə y. Ədil bəy, biz buraya bir-birimizə tənə, məzəmmət etməyə
yığışmamışıq. Sənin də oğlun olsaydı, hamıdan tez İrana, Turan qaçırtmışdın. Biz
buraya, Əmiraslan ağanın məsləhətinə toplaşmışıq. Nə tədbiri varsa, buyursun.
Ə m i r a s l a n a ğ a. Müsavat hökuməti bolşeviklərə təslim olmuşdur, fəqət
mən Hidayət ağanın oğlu Əmiraslan elə dinsizlərə təslim olmaram. Buyursunlar,
zor ilə tabe etdirsinlər. Bu mənim cavabım! Hansınız mənimlə həmrəydir,
buyursun, gözüm üstə yeri var. Hər kəs papaq əvəzinə başına arvad yaylığı örtmək
istəyirsə, ona da yol açıqdır. Getsin, bolşeviklərə qul olsun. Bu mənim sizə
deyəcək axırıncı sozüm. O babalarım tərəfindən təmir olunmuş "Laçın yuvası" adlı
qalanı görürsünüzmü? (Barmağı ilə acıq pəncərədən gorunən koşku gostərir.)
İdiyədək bir düşmənə təslim olmamış, nə qədər də mən sağam təslim
olmayacaqdır.
Ə d i l b ə y. Babaların onu kimin qüvvəsi ilə saxlamışlar?
Ə m i r a s l a n a ğ a. Doğrudur. İndi həmin kəndlilər daha siz ağalara qul
olmaq istəmirlər. İndi onlar "Cəmi insan birdir" deyə haqlarım tələb edirlər.
M u x t a r b ə y. Haqlarını tələb etsələr, dərd yarıdır. İndiyə kimi yerləri bizim
üçün becərmişlər, qoy indi də özləri üçün becərsinlər, lakin onların fikri hökuməti
özlərindən qurub, bizlərə ağalıq etməkdir.
Ə m i r a s l a n a ğ a. Ha-ha-ha... Həsənqululardan, cənnətəlilərdən,
fatmanisalardan hökumət! Dünya dəli olmuşdur? Dayanın, bu saat o hökumət
üzvlərini sizə təqdim edəcəyəm. (Qışqırır.) Əhməd, Səməd, Səfər. (Nokərlər cəld
daxil olurlar.) A gədələr, bu saat cəmi xidmətçiləri buraya toplarsınız, deyin ağa
çağırır. Gec gələnin dərisi qırmancımın altında çıxacaqdır.
N ö k ə r l ə r. Baş üstə, ağa.
Ə m i r a s l a n a ğ a. Haydı!
Nökərlər cəld çıxırlar.
S ə l i m b ə y. Bu axır vaxtlarda kəndlilər lap yollarından çıxmışlar. Biz
ağalarına əsla itaət etmirlər.
H e y d ə r b ə y. Bizlərin cümləsindən ağıllı Ədil bəy çıxdı. Vaxtında cəmi
mülkünü satıb, pullarını ciblərinə doldurdu. İndi asudə yeyib-içib gəzir. Nə mülk
və nə də övlad dərdi çəkir. Bir arvadı var, o da özündən qocadır.
Ə d i l b ə y. Mənə kəndlilər tərəfindən heç vaxt xata toxunmaz, çünki mülküm
də olan zamanı, indi də onlarla ədalətlə rəftar etmişəm. Dar günlərində onlara
kömək etmişəm. Onlarla bərabər hər fəsildə qan-tər içində işləyib torpaq
becərmişəm, kəndlilər ilə dostluq edib evimə çağırmışam, evlərinə qonaq
getmişəm. Mən onlarla belə rəftar edib mülkədar olmuşam. Siz nə cür rəftar
etmişsiniz? Kəndlilər qırmancdan başqa sizdən bir mehriban söz eşitməmişlər...
Ə m i r a s l a n a ğ a. Çünki sənin baban kəndli olmuş. Nəcabətdə sənin haqqın
yoxdur.
Ə d i l b ə y. Oraya əl atsaq, çoxlarınızın babalarının xanların qapısında nökər
və mehtər olduğu meydana çıxar.
M e h r ə l i b ə y. Ədil bəy, mənim silsiləmdə kimsənin qapısında nökər və ya
mehtər olmuş şəxs yoxdur. Mənim ulu babam, Nadir şahın müqərrəb
sərkərdələrindən olmuşdur.
M u x t a r b ə y. Mənim əcdadım da elə alçaq vəzifə sahibi olmamışdır.
Mənim nəslim şanlı, şərəfli Turanın cahangiri Teymur xanın nəslindəndir. Şübhən
var isə tarixə bax.
Ə d i l b ə y (rişxəndlə). İnanıram, əzizim, tarixə baxmağa lüzum yoxdur.
Ancaq bilmirəm nə üçün Teymur xanda dayandın? Yuxarı qalxmadınız? Odu,
Heydər bəy qurcalanır. Bu saat əcdadının ululuğunu aparıb Nuha çıxardacaqdır.
H e y d ə r b ə y. Necə? Yoxsa mənim nəslimin qədimliyinə şübhə edirsən?
Ə d i l b ə y. Xeyr, əstəğfürullah! Sənin familiyan İranın əski Keyan mülkünün
nəslindəndir. Səlim bəyinki daha qədimdir. Pişdadyan sülaləsindən Cəmşidin
doğmaca nəvəsindən törəyibdir. Əmiraslan ağa isə o, Tütəng xanın övladından
törəmədir, Tütəng xan da Nuh Nəbinin doğmaca nəticəsidir.

Bu halda Əhməd, Səməd, Səfər, Sənəm və bir dəstə arvad, uşaq, kişi qorxa-qorxa daxil olurlar.

Ə m i r a s l a n a ğ a. İrəli gəliniz! Qulaq asınız. Bax bu gündən bəy, xan, ağa,
nökər, qulluqçu aradan götürülür. İndi cümləmiz bərabər olduq. Daha siz ilə məndə
heç fərq yoxdur. Buyurunuz, əyləşiniz. Biz bəylər ilə söhbət ediniz. Yeyiniz, içiniz,
kef ediniz. Niyə dayanmısınız? Oturunuz (xidmətcilər durduqları yerdə diz ustə
cokurlər.) Orada yox, buyurunuz bu divanlar üstə, bu sandalyalarda əyləşiniz! (Hec
kəs yerindən qalxmır.) A gədə Əhməd! Qalx, buraya gəl. Sənəm sən də. (Qorxaqorxa
gəlirlər.) Sən burada, sən də orada oturunuz.
Ə h m ə d. Ağa, mən ona cürət edə bilmərəm. Məni başına çevir, azad et. Mən
ağaların hüzurunda necə əyləşim?
S ə n ə m (ağlar səslə). Ağa, məni o qırmancın ilə döy, amma bu işə əmr etmə.
Ə m i r a s l a n a ğ a. (əlini xidmətcilərə tərəf uzadaraq). Bu dilsiz-ağızsız
heyvanlardanmı hökumət qurulacaqdır? Deyirəm dünya dəli olub, mənə
inanmırsınız. (Ayağını yerə cırpır.) Durun! Sürünün!
Xidmətçilər qaçırlar. Bir qədər sükutdan sonra.
Ə d i l b ə y. Sizin bu imtahanınız mənə bir şey vermədi. Əmiraslan ağa, siz
kəndli, işçi, yoxsul kütləsi ilə heç bir zaman oturub-durmamısınız, ona görə də
təcrübəniz yoxdur. Qırmızı Ordu Bakıdan bu tərəfə yürüş edərsə, etməsinə də
şübhə yoxdur, çünki Azərbaycan bir Bakıdan ibarət deyil, o vaxtı indi hüzurunuzda
qoyun kimi diz üstə çökən xidmətçi əhmədlər, səmədlər, səfərlər və qeyriləri
bolşevik tərəfinə keçib sizə düşmən olacaqlar; çünki sizin zülmünüzdən xilas
olmaq yolu yalnız odur. Mənfəətləri də oradadır.
Ə m i r a s l a n a ğ a. Heç vaxt! Kəndlilər bolşevik tərəfinə keçməzlər.
Sübutum on səkkizinci il.
Ə d i l b ə y. O başqa zaman və başqa hal idi. İndini onunla müqayisə etmə,
yeni hökumətə tabe olmaqdan başqa yol yoxdur.
Ə m i r a s l a n a ğ a. Heç vaxt! Onları Kürdən bu tərəfə keçməyə qoymarıq.
Gürcüstan və Ermənistanı da unutma.
Ə d i l b ə y. Baxarıq.
Çıxır, bəylər məyus, başlarını aşağı salıb sükuta gedirlər.
Ə m i r a s l a n a ğ a. Nə sükuta getmişsiniz. Yoxsa gopçu Ədilin sözündən
xofa düşmüsünüz?
H e y d ə r b ə y. Xofa düşməyə haqqımız var, çünki Şura hökumətinin
qanununda torpaq kəndlinindir.
Ə m i r a s l a n a ğ a. O niyə? Yer kəndlinin dədəsindən qalıb, ya babasından?
Bu torpaqların üstündə babalarımız su yerinə qan axıtmışlar. Onun bir addımını
kimsəyə vermərəm.
M u x t a r b ə y. Şura hökumətinin qanunda nəinki torpaq, heç xüsusi malmülk
yoxdur.
Ə m i r a s l a n a ğ a. Deməli, bu ev də mənim deyil?
M u x t a r b ə y. Bəli.
Ə m i r a s l a n a ğ a. Daha kifayətdir. Bəs beləmi hökumətə tabe olmaq
istəyirsiniz. Mülkümüzü, ev-eşiyimizi alıb özümüzü də Rusiya mülkədarları kimi
güllə qabağına qoyub tələf etdikdə bizə nə yol qalır? Tabe olmaqmı?
M e h r ə l i b ə y. Xeyr, mən bu ana kimi şərəflə yaşamışam. İndi də lazım
gələrsə, qeyrətlə ölərəm.
Ə m i r a s l a n a ğ a. Qəhrəman bəyin nəvəsindən başqa cavab gözləmək
olmazdı. Siz necə?
M u x t a r b ə y, S ə l i m b ə y, H e y d ə r b ə y. Bizdə bu fikirdəyik.
Ə m i r a s l a n a ğ a. Sağ olunuz! Ümidvaramki, sizlərin köməkliyi ilə
babalarımızın yurdunu düşməndən müdafiə edə billəm. Qırmızı Ordudan əsla xof
etməyin. O, nizami qoşun deyil, əlsiz-ayaqsız, aciz, kasıb-kusublardan toplanmış
dəstədir. Bizim igid dəliqanlıların müqabilində əsla durmazlar, fəqət səy və qeyrət
lazımdır. Siz bu gündən işə şüru ediniz. Dəstələr toplayınız, ləvazimat cəm ediniz.
Kəndliləri hər vasitə ilə olmuş-olursa öz tərəfinizə çəkiniz. Onları bolşeviklərin
vəhşiliyi ilə qorxudunuz. Deyiniz ki, bolşeviklər dini, məzhəbi, şəriəti aradan
götürürlər. Nigahı ortadan qaldırıb, arvadlar hamıya məxsus olur. Ruhaniləri,
ticarət əhlini köməyə çağırınız.
Bu halda Hacı İmamqulu və Molla Sadıq daxil olurlar.
H a c ı İ m a m q u l u, M o l l a S a d ı q. Salaməleyküm.
Ə m i r a s l a n a ğ a. Əleyküməssalam. Buyurunuz əyləşiniz. Yaxşı vaxtda
gəlmişsiniz.
H a c ı İ m a m q u l u. Əmiraslan ağa, Bakıdan gələn xəbər səhihdirmi?
Ə m i r a s l a n a ğ a. Hansı xəbər, hacı?
H a c ı İ m a m q u l u. Bolşeviklərin Bakını almaq xəbəri.
Ə m i r a s l a n a ğ a. Bəli, doğrudur.
M o l l a S a d ı q. Hacı gördün ki, mən yalan deyən adam deyiləm?
H a c ı İ m a m q u l u. Bəs onda fikriniz nədir?
M u x t a r b ə y. Nə olacaq? İrana qaçmaq.
M o l l a S a d ı q. Hacı eşitdinmi? Gördün ki, mənim məsləhətim bizi
düşməndən xilas edər. Bəylər də mən deyənə gəlmişlər, şəriət də bunu əmr edir,
hifz-bədəni vacib buyurmuş, bəla gəlməmiş, fərar et demiş.
M e h r ə l i b ə y. Molla Sadıq, sizin buyurduğunuza görə şəriətimiz: "Düşmən
vətəniniz üstə gəldikdə qoy qaç, canını qurtar" demişdir?! Bəs onda
peyğəmbərimizin buyurduğu hübbil-vətən1 harada qaldı.
Mo l l a S a d ı q. Orası səhih, lakin bolşeviklər bizim üçün bir bəlayi-əzimdir
ki, xudavəndaləm dutduğumuz əməlin cəzası üçün göndəribdir.
S ə l i m b ə y. Bəs o cəza İran əhli üçün göndərilməmişdir? Yoxsa oradakıların
hamısı əməli-saleh insanlardır? Əgər cəza varsa, bizi İranda da tutacaqdır, Turanda
da.
H e y d ə r b ə y. Molla Sadığın fikri budur ki, nə məsləhət olacaq isə olsun,
fəqət içində Arazı keçmək olsun. Hacı, sizin fikrinizi də bilmək istəyirik.
H a c ı İ m a m q u l u. Mənə qalsa, hökumətə itaət etmək. Biz hökm quluyuq,
başda kim duracaqsa dursun.
Ə m i r a s l a n a ğ a. Hec dediyini anlayırsan, ağlını itirmiş kişi? Məgər
bilməyirsən ki, bolşeviklərin ən böyük düşmənləri biz xanlar, bəylər, siz
sərvətdarlar və Molla Sadıq kimi ruhanilərdir? Onlar bu üç sinfi yer üzündən
götürmək fikrindədirlər. Yoxsa fikrin odur ki, bolşevik zamanında da malı beşə
alıb yüz beşə satacaqsan? Onlar alış-verişi bilmərrə aradan götürürlər. İndi
anladınmı? Xəsis, malını yeməyən kişi?
M u x t a r b ə y. Hacı, bundan əlavə pul da aradan qaldırılır.
H a c ı İ m a m q u l u. Elə iş olarmı? Pulsuz da dünya yaşarmı?
M u x t a r b ə y. Hacı, onu get bolşeviklərdən soruş.
Ə m i r a s l a n a ğ a. Daha bitdi. Hacı İmamqulu və Molla Sadıq, hər birinizin
fikrini bildik. İndi bizim də fikrimizi bilin. Biz bəylər qət etmişik ki, bolşevik hökumətinə tabe olmayaq. Bizim üstümüzə gəlsələr, müharibə edib babalarımızın yurdunu müdafiə edəcəyik. Bu bizim qətnaməmiz! Buna siz də tabe olmalısınız. Molla Sadıq, siz Mehrəli bəyin itaətində olacaqsınız, hər nə əmr etsə, fori bitirəcəksiniz. Hacı İmamqulu, siz də Muxtar bəyin əmrinə tabesiniz. Millətdən topladığınız paranı millət yolunda məsrəf edəcəksiniz.
H a c ı İ m a m q u l u. Başınıza dönüm, Əmiraslan ağa, mənim param harada
idi ki, məsrəf edim?
Ə m i r a s l a n a ğ a. Onu Muxtar bəy bilər. O, onun vəzifəsidir.
M u x t a r b ə y. O, bizim xüsusi işimizdir. Əmrinizin dalını buyurunuz.
Ə m i r a s l a n a ğ a. Molla Sadıq, siz də o fəsahət, bəlağət qapısı olan ağzını
açıb camaatı bizim itaətimizə çağıracaqsınız. İndi cümləniz mürəxxəssiniz.
Gediniz, iş dalınca olunuz. (Ayağa qalxırlar.) O da məxfi qalmasın ki, hər kim
mənim əmrimdən baş qaçırarsa, güllə qabağına qoyulacaqdır.
M u x t a r b ə y. Hacı İmamqulu, eşitdinmi?
M e h r ə l i b ə y. Molla Sadıq, anladınmı?
B ə y l ə r. Əmiraslan ağa, xudahafiz.
Ə m i r a s l a n a ğ a. Xudahafiz, qeyrətli bəylərim.

Çıxırlar.

Pərdə


İKİNCİ PƏRDƏ

Birinci pərdənin səhnəsi.

P ə r i c a h a n x a n ı m (yalqız). Ah! Nə dəhşətli xəbər! Nə fənabir hal!
Qırmızı Ordu tərəfindən kəndlər tutulmuş. Kəndlilər də bolşeviklərə qarışıb bəylər
üzərinə üsyan edirlər. Bizim rəiyyətə də etibar yoxdur. Bu axır vaxtlar
xidmətçilərimizin rəftarı bizlə büsbütün dəyişilib. Xanədanımızda ən müti, ən
fədakar sayılan Hadi lələ də yox olmuşdur. Yəqin o da bolşeviklər tərəfə keçibdir.
Daha bundan sonra kimə ümid bağlamalı? Kimdən nicat gözləməli? Ah, harada
qalmışsan ey sevgili əmizadəm! Gəl, gəl, meydanda tək qalmış zavallı əmucənin imdadına çat! Uğrunda göz yaşı tökməkdən kor olan xəstə əmmənin fəryadına
yetiş!

Hadi lələ daxil olur.

H a d i l ə l ə. Uğurlar olsun, Pəricahan xanım.
P ə r i c a h a n x a n ı m Ah! Hadi lələ! A kişi, haraya getmişdin? Bir aydan
artıqdır ki, yox olmuşsan.
H a d i l ə l ə. Bakıya getmişdim.
P ə r i c a h a n x a n ı m. Nə işə?
H a d i l ə l ə . Cahangir ağadan xəbər bilməyə. De görüm Gövhər xanımın
xəstəliyi nədir?
P ə r i c a h a n x a n ı m. Nə olacaqdır?! Cahangirin qəm-qüssəsini çəkməkdən
biçarə əmməm şam kimi əriyir.
H a d i l ə l ə. Gətirdiyim xəbərdən dirilər.
P ə r i c a h a n x a n ı m. Cahangirdən xəbərmi gətirmisən?
H a d i l ə l ə. Bəli.
P ə r i c a h a n x a n ı m. Ah! Ürəyim necə atlanır, Hadi lələ, tez ol, söylə. Mən
sənin barəndə nə fikirdəydim! Əfv et.
H a d i l ə l ə. Yəqin fikir etmisən ki, mən bolşevik tərəfinə keçmişəm, beləmi?
P ə r i c a h a n x a n ı m. Bəli, mən nə edim. Sən yox olmuşdun. Əlbəttə,
şübhəyə düşmək olardı.
H a d i l ə l ə. Xanım, fikriniz səhv deyil.
P ə r i c a h a n x a n ı m. A kişi, nə deyirsən? Doğrudanmı onlar tərəfə
keçmisən?
H a d i l ə l ə. Bəli.
P ə r i c a h a n x a n ı m. Yox, yox, inanmıram. Sən məni imtahan edirsən. Sən
elə qaniçici, dünyanı oda tutub viran edənlər tərəfinə keçməzsən. Sən istəməzsən
ki, belə gözəl yurdumuz tarmar olub qızıl qana boyana.
H a d i l ə l ə. Bu son sözlərinə mən də şərikəm. Lakin bolşeviklər qaniçici
deyillər. Bunlar düşmənlərin iftirasıdır. Bolşeviklər məzlumlar, yoxsullar,
füqareyi-kasibə tərəfdarıdırlar. Onların fikri işçi-kəndli sinfini azad etməkdir. Bu
yolda öz qanlarını tökürlər. Məgər bu pis bir hərəkətdir? Pəricahan xanım,
istəyirsən ki, doğrudan da, əcdadının gözəl mülkü və belə binası sən deyən hala
düşməsin, sənə həvalə olunan bir təklifi qəbul et. Mən onun üçün buraya
göndərilmişəm.
P ə r i c a h a n x a n ı m. O nə təklifdir? Səni kim göndərmişdir?
H a d i l ə l ə. Sənə məlumdur ki, Azərbaycanda Şura hökuməti qurulduqdan
sonra bir neçə mülkədar, bəylər itaətdən boyun qaçırıb tabe olmaq istəmirlər. Ona
görə də Qızıl Ordu hissələri bu tərəfə gəlib çıxmışdır. Hər yerdə kəndlilər Qırmızı
Ordu tərəfinə keçirlər. Təklif budur ki, Əmiraslan ağa qovğasız təslim olsun.
Səndən başqa da onu bu yola gətirən şəxs tapılmaz. Bizə məlumdur ki, bu saat
Əmiraslan ağa Nadir bəygildə bəylərlə birlikdə məşvərət edir.
P ə r i c a h a n x a n ı m. Mənə bu təklifi kim edir?
H a d i l ə l ə. Cahangir ağa.
P ə r i c a h a n x a n ı m. Kim? Cahangir, mənim sevgilim, nişanlım
əmizadəm? Yox, yox elə iş ola bilməz, inanmıram.
H a d i l ə l ə. Buyur, öz dəst-xətti ilə sizə yazdığı məktub. (Verir.)
P ə r i c a h a n x a n ı m (məktubu acıb oxuyur.) Ah! Doğru. Cahangir bolşevik
olub. Ordu başında durubdur, əcdadının yurdunu da tutmaq istəyir. Ah, ağlım
çaşır! Otaq başıma fırlanır. Cahangir, Cahangir, hansı şeytana aldanıb belə alçaq,
gədəyə yaraşan vəzifəni öhdənə götürmüsən?! Məni də, sevgili əmizadəni,
məhəbbətin uğrunda atəşə yanan nişanlını da belə yola dəvət edirsən? Yox, yox,
mən sənin kimi alçaq olmaq istəmirəm. Əcdadımın yurdunu, şərəfini sənin kimi
düşməndən müdafiə etməyə hazıram. Onun uğrunda canımı fəda etməyə hazıram.
Hadi kişi, ağan Cahangir məndən cavab istəyir. (Məktubu cırıb Hadi lələyə
atarkən.) Bu mənim birinci cavabım. (Sonra boynundan qızıl medalyonu, icindəki
Cahangirin rəsmi ilə bərabər cıxarıb Hadi lələyə atır.) Al, tam üç ildir ki, bu rəsmi
ürəyim üstə sevə-sevə saxlamışam. Gecələr onu bağrıma basıb əzizləmişəm,
öpmüşəm. Ta hicran oduna dözüb təsəlli tapmışam. Hadi kişi...
H a d i l ə l ə. Pəricahan xanım, kifayətdir. Məni oda yaxma. Mən sənin
lələnəm. Səni də Cahangir ağa kimi bu əllərim üstə bəsləmişəm. Mənə Hadi kişi
demə.

davamı
XS
SM
MD
LG