Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 00:37

Bundestaqa haker hücumunda şübhəli bilinən rusiyalı axtarışa verilib


Dmitriy Badinin həbsi üçün verilmiş FTB orderi
Dmitriy Badinin həbsi üçün verilmiş FTB orderi

Almaniyanın federal prokuroru Rusiya Baş Kəşfiyyat İdarəsi - GRU-nun zabiti olduğu güman edilən və Bundestaqa haker hücumunda şübhəli bilinən şəxsi axtarışa verib.

Almaniyanın Süddeutsche Zeitung qəzeti xəbər verir ki, haker hücumları 2015-ci ilin mayında yer alıb və bu hücum nəticəsində oğurlanmış sənədlər WikiLeaks saytında dərc olunub.

Şübhəli 29 yaşlı Dmitry Badindir. Amerika hökuməti onu Dünya Antidopinq Agentliyi - WADA-ya və ABŞ Demokrat Partiyasının qərargahına haker hücumunda şübhəli bilir.

Onun Moskvada, Komsomolsk prospektində yerləşən 26165 nömrəli hərbi hissədə xidmət etdiyi ehtimal olunur.

“Sovet” hərbi hissəsi

Bəzi məlumatlara görə bu hərbi hissədə şifrələmə ilə məşğul olan kriptoqraflar və kompüter təhlükəsizliyi ekspertləri xidmət edirlər.

Sovet zamanında bu hərbi hissədə GRU-nun radiotexniki kəşfiyyatla məşğul 6-cı şöbəsi tərəfindən tutulmuş məlumatların deşifrə və kriptoanaliz edildiyi məlumdur.

Prokurorluq Badinin Fancy Bear haker qruplaşması ilə bağlı olduğunu bildirir.

Süddeutsche Zeitung yazır ki, Almaniyanın xüsusi xidmətləri Bundestaqa haker hücumunda şübhəli bilinən başqa bir nəfərin də şəxsiyyətini müəyyən edib.

Amma bildirilir ki, onun həbsinə order verilməsi üçün kifayət qədər dəlil yoxdur. Həmin şəxsin kimliyi açıqlanmır.

Assange-ı gözləyən ittihamlar

Xəbər verilir ki, Bundestaqa haker hücumu 2015-ci il aprelin 30-dan mayın 20-dək davam edib.

Bu hücum zamanı azı 16 giqabayt həcmində məlumata çıxış əldə edilib.

Bu sənədlərin içində Almaniya parlamentinin deputatları arasında yazışmalar da var.

ABŞ Demokrat Partiyasının və WADA-nın sənədləri də WikiLeaks saytında dərc olunub.

Bu saytın yaradıcısı Julian Assange-ı Londondan ABŞ-a ekstradisiya mühakiməsi gözləyir.

ABŞ hakimiyyəti Assange-a qarşı casusluqla bağlı 17-dək ittiham irəli sürməyə hazırlaşır.

Kreml və Rusiya XİN haker hücumları ilə hər hansı əlaqələrini inkar edirlər.

XS
SM
MD
LG