Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:09

Almaniya və Britaniyada vaksin sınaqlarına başlanır


Almaniyada könüllülər üzərində koronavirusa qarşı vaksinin sınaqlarına başlanıb.

Welt saytı yazır ki, bu sınaqların keçirilməsinə icazəni Paul-Ehrlich vaksin və biotibbi dərman vasitələri institutu verib.

Vaksini hazırlayan BioNTech şirkətidir. Sınaqların ilk mərhələsində 200 könüllünün iştirak edəcəyi gözlənilirdi.

Perspektivli dərman preparatları ümumi qaydalara görə əvvəlcə hüceyrə kulturalarında, daha sonra isə heyvanlar və ən nəhayət insanlar üzərində sınaqdan çıxarılır.

İnsanlar üzərində təcrübənin özü də üç mərhələdən ibarətdir.

Almaniyanın hazırladığı vaksinin ilk sınağı təhlükəsizlik üçün olacaq.

Bundan sonra daha çox insanın iştirak etdiyi iki və üçüncü mərhələlər keçirilə bilər.

Qrip vaksini təcrübəsi

Ekspertlər BioNTech tərəfindən Pfizer əczaçılıq korporasiyası ilə birlikdə hazırlanan vaksinin effektli olacağına çox ümid bəsləyirlər. Bu şirkət əvvəllər qrip vaksinlərinin hazırlanmasında əhəmiyyətli uğurlar əldə edib.

Almaniyada hazırlanan vaksin mRNT kateqoriyasına aiddir. Bu vaksinlər əsasən virusların genetik kodunun fraqmentlərindən ibarətdir.

Orqanizmə daxil olarkən vaksin insan hüceyrələrini virus zülallarının istehsalına təhrik edir. Öz növbəsində zülallar isə immun reaksiyasına səbəb olur.

Kütləvi istifadə 2021-də mümkün olacaq

Belə vaskinləri pandemiya şəraitində tez və böyük həcmlərdə istehsal etmək mümkündür, lakin indiyədək bütün dünyada heç bir mRNT tipli vaksin istifadə üçün rəsmi icazə ala bilməyib.

Dünya Səhiyyə Təşkilatı yazın əvvəllərində bütün dünya boyunca 20-dək vaksin üzərində iş getdiyini bildirmişdi.

Elə o vaxt məlum olmuşdu ki, insan üzərində ilk vaksin sınaqları ABŞ və Çində keçirilib.

Lakin ekspertlərin fikrincə, koronavirus vaksini kütləvi istifadə üçün yalnız 2021-ci ildə hazır olacaq.

Könüllülərə “minnətdarlıq pulu” ödənəcək

Bu arada Londondakı İmperiya Kolleci potensial koronavirus vaksininin sınaqlarında iştirak edə biləcək britaniyalılara müraciət edib.

Metro qəzeti yazır ki, potensial vaksinin sınaqları qarşıdan gələn aylar ərzində keçiriləcək. Bu sınaqlarda 18-55 yaşı olanlar iştirak edə bilərlər.

Könüllülərə minnətdarlıq olaraq 190-625 (400-1300 manat) funt sterlinq pul da ödənəcək.

Bundan əvvəl Britaniyanın səhiyyə naziri Matt Hancock Oksford Universitetində COVID-19 virusu üçün vaksinin insanlar üzərində sınaqlarına başlandığını elan etmişdi.

1112 könüllü

ChAdOx1 nCoV-19 adı ilə tanınan Oksford vaksini əvvəlcə 1112 könüllüdən 510-na vurulacaq.

Qalan iştirakçılara artıq mövcud olan başqa vaksin daxil ediləcək.

Pasientlərə onlara hansının vurulduğu bildirilməyəcək . Hər bir iştirakçı 6 ay ərzində klinikaya 4-12 dəfə gəlməli olacaq. Sözü gedən “minnətdarlıq pulu” hər dəfə ödənəcək.

Hamilə olanlar və ya hamiləliyi planlaşdıranlar sınaqda iştirak edə bilməzlər.

Eyni qayda habelə əvvəlllər hər hansı adenovirus və ya koronavirus vaksin təcrübələrində iştirak etmiş şəxslərə də aiddir. Sınaqlarda koronavirusa yoluxmuş şəxslər də iştirak edə bilməzlər.

Xəbər verilir ki, Oksford vaksininin sınaqlarını təşkil edən İmperiya Kollecinin özünün hazırladığı başqa bir vaksin də var. Lakin onun sınaqlarına iyun ayında başlanacaq.

XS
SM
MD
LG