Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:33

ATƏT Rusiyada seçkini izləməyəcək


Dövlət Duması
Dövlət Duması

Rusiya hakimiyyəti koronavirus pandemiyasını əsas gətirərək beynəlxalq müşahidəçi sayını azaldıb

ATƏT Rusiya Dövlət Dumasına sentyabrda keçiriləcək seçkini izləməyə müşahidəçi göndərməyəcək. Belə bir qərar son 30 ildə ilk dəfə verilir və Rusiya hakimiyyətinin qoyduğu “böyük məhdudiyyətlər”lə izah olunur.

Qurumun avqustun 4-də bildirməsinə görə, Rusiya hakimiyyəti koronavirus pandemiyasını əsas gətirərək beynəlxalq müşahidəçi sayını azaldıb.

“Məhdudiyyətlər olmamasına rəğmən...”

“Rusiyada qarşıda gələn seçkiləri müşahidə etməyimizin mümkün olmayacağından çox təəssüflənirik”, – ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları Bürosunun (DTİHB) direktoru Matteo Mekakki deyib.

“Pandemiya ilə bağlı aydın məhdudiyyətlər olmamasına rəğmən Rusiya hakimiyyətinin müşahidəçi sayını azaltmaqla bağlı təkidi bugünkü addımı qaçılmaz edib”, – o, sözlərinə əlavə edib.

ATƏT dünyada əsas seçki müşahidəsi qurumlarından biridir, 57 üzv ölkədə seçkilərin azad və ədalətli keçməsini müəyyənləşdirmək üçün ekspertlər göndərir. ATƏT-in Parlament Assambleyası da qısamüddətli müşahidə missiyaları yollayır.

Sentyabrın 19-da rusiyalılar parlamentin aşağı palatasının və 39 region parlamentinin üzvlərini, eləcə də doqquz region qubernatorunu seçəcəklər.

ATƏT-in məyusluğu

Kreml seçki öncəsi müxalifətçilərə və müstəqil mediaya divan tutur. Kremlin həbsdə olan tənqidçisi Aleksey Navalnının siyasi şəbəkəsinə bağlı müxalifətçilər seçki prosesindən uzaqlaşdırılıb.

ATƏT Rusiyada seçkini müşahidə etməyə dəvət olunsa da, müşahidəçi sayı sonradan 60-a salınıb və Rusiya hakimiyyəti bunu ölkədə pandemik vəziyyətin pisləşməsi ilə izah edib. ATƏT ilin əvvəlində deyirdi ki, 80 uzunmüddətli və 420 qısamüddətli müşahidəçiyə ehtiyac var.
Qurum diqqəti tam müşahidə missiyasının yerləşdirilməməsini əsaslandıracaq pandemiya qadağalarının olmamasına çəkir. ATƏT həmçinin pandemiya başlanandan çoxsaylı ölkələrə seçki müşahidəçisi göndərdiyini deyir.

ATƏT PA-nın Prezidenti Marqareta Kederfelt müşahidəçi sayına məhdudiyyət qoyulmasından məyusluğunu dilə gətirib. “ATƏT-ə az sayda müşahidəçi göndərməyə icazə verilir ki, bu da sadəcə işimizi effektli və hərtərəfli görməyə imkan vermir”, – o vurğulayıb.

XS
SM
MD
LG