Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:29

Avropa Parlamenti Azərbaycana qarşı sanksiyalara çağırır. Bakıdan etiraz


Avropa Parlamenti (Arxiv fotosu)
Avropa Parlamenti (Arxiv fotosu)

Azərbaycan deputatları Avropa Parlamentinə cavab verib

Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsi Avropa Parlamentinin “Avropa İttifaqı-Azərbaycan münasibətləri” adlı hesabatına etiraz edib.

Komitənin bəyanatında hesab edilir ki, qətnamədə Azərbaycanın sülhə nail olmaq səyləri qəsdən gözdən salınır:

“Qətnamədə Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması beynəlxalq hüquqa, eləcə də bu qurumun özünün nizamnaməsinə qarşı tam hörmətsizlikdir.”

Komitə iddia edir ki, “bu qətnamənin mətnindən dözülməz korrupsiya qoxusu” gəlir

Sənədin sonunda yazılıb:

“Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi avropalı parlamentariləri yenidən düşünməyə, odun üstünə yağ tökməməyə, revanşist qüvvələri bəsləməməyə, qarşılıqlı hörmət və anlaşmaya əsaslanan konstruktiv dialoqa çağırır”

***

Avropa Parlamenti martın 15-də keçirilən plenar iclasında “Avropa İttifaqı-Azərbaycan münasibətləri” adlı hesabatı səs çoxluğu ilə qəbul edib.

Xorvatiyalı millət vəkili Jelyan Zobkonun hazırladığı hesabata dair dinləmədə çıxış edən Avropa deputatlarının çoxu Azərbaycan hökumətini beynəlxalq öhdəliklərini yerinə yetirmədiyinə, təməl azadlıqlar və insan haqlarını pozduğuna görə tənqid ediblər.

Sənəddə deyilir ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü Avropa İttifaqının Azərbaycanla enerji sektorunda əməkdaşlığını gücləndirib, lakin Aİ buna görə Azərbaycanda insan haqlarının və demokratiyanın pozulmasına göz yummamalıdır.

Hesabat Azərbaycanı ifadə və media azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına, təməl insan hüquqlarının təmin edilməsinə, habelə siyasi məhbusların azad olunmasına çağırır.

Sanksiyalara çağırış

Sənəddə Avropa İttifaqına Azərbaycanda insan hüquqlarını kobud şəkildə pozan rəsmilərə, xüsusilə də bu hərəkətlərə yol verən hüquq-mühafizə nümayəndələrinə hədəfli sanksiyaların qoyulmasına çağırış edilir.

Hesabatda deyilir ki, Azərbaycan senzuraya yol verməməli, hakimiyyət internet azadlığını ehtiva edən qanunlarını Avropa standartlarına uyğunlaşdırmalıdır.

Hesabatda Azərbaycan hökumətinə vətəndaş cəmiyyəti ilə sıx dialoq qurulması, demokratiya və insan haqlarını təmin edən islahatların keçirilməsi çağırışı edilir.

Sənəddə Azərbaycan jurnalistlərinin, siyasi fəalların, insan haqları müdafiəçilərinin ölkə daxilində və xaricində təqib olunması, cinayət məcəlləsindən fərqli düşüncəyə görə qisas vasitəsi kimi istifadə olunması pislənir.

Hesabat Azərbaycan hökumətini insanların sərbəst toplaşma hüququnun təmin edilməsinə çağırır.

Sənəddə təəssüflə qeyd olunur ki, Azərbaycan Milli Azlıqların Qorunmasına dair Avropa Şurasının Konvensiyasını icra etmir.

Hesabatda habelə Azərbaycanın siyasi partiyalar və media haqqında yeni qanunları pislənir.

Azərbaycan-Ermənistan münasibətləri

Sözü gedən hesabatda Azərbaycan və Ermənistan arasında gərginliyə, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunması məsələsinə də toxunulub.

Hesabatda Azərbaycanın və Ermənistanın aralarındakı münasibətlərin yaxşılaşdırılması istiqamətində atdıqları addımlar təqdir olunur, hər iki tərəfə regionda sülhün bərqərar olunması üçün imkanı əldən verməmək çağırışı edilir.

Hesabatda habelə Azərbaycanın 2022-ci ilin sentyabrında “Ermənistanın suveren ərazisinə qarşı tammiqyaslı təcavüzü” pislənir, üçtərəfli bəyanatların, habelə Aİ-nin vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların həyata keçirilməsinə çağırış edilir.

Azərbaycan isə Ermənistan ərazisinə təcavüzlə bağlı ittihamları rədd edir, sərhədlərin delimitasiya olunmadığını bildirir.

Hesabatda vurğulanır ki, bütün tərəflər həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyünə ehtiram göstərməlidir.

Sənəddə Azərbaycan hökumətinə Laçın dəhlizinin açılması, Qarabağ ermənilərinin həmin dəhliz boyunca hər iki tərəfə sərbəst hərəkətinin təmin olunması çağırışı edilir.

Rəsmi Bakı Xankəndi-Laçın yolunun blokadaya salınması fikirlərini qəbul etmir, yolun humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Regional oyunçular

Hesabatda Azərbaycanın Ermənistanla münasibətlərin yaxşılaşdırılmasına doğru addımları, o cümlədən sülh müqaviləsi üçün 5 prinsip təklif etməsi təqdir olunur.

Bu da bildirilir ki, Azərbaycan və Ermənistan arasında müharibə zamanı və ondan sonra Aİ-nin passiv mövqe tutması Rusiya, İran və Türkiyə kimə regional oyunçuların təsir gücünü artırıb.

Hesabatda qeyd olunur ki, Moskva həm Ermənistan, həm də Azərbaycan üzərində təsirini saxlamaq məqsədilə ədalətsiz və ziyanlı rol oynayır və faktiki olaraq Qarabağ münaqişəsinin həllində maraqlı deyildir.

Sənəddə deyilir ki, Türkiyə regionda daha konstruktiv rol oynamaq üçün Azərbaycana birtərəfli dəstəyinə son qoymalı, həm də Ermənistanla münasibətlərin normallaşdırılmasına çalışmalıdır.

Hesabatda münaqişə başlanandan bəri istər Erməni, istərsə də Azərbaycan mədəni, dini və tarixi irsinin məhv edilməsi pislənir.

Azərbaycan rəsmiləri bu hesabata, hələlik, münasibət bildirməyiblər. Ancaq indiyədək hakimiyyət təmsilçiləri ölkədə hüquq və azadlıqların pozulmasına dair beynəlxalq tənqidləri rədd edib, bütün fundamental hüquqların qorunduğunu bildirib.

XS
SM
MD
LG