Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:31

"Bu tikintiyə görə binamız silkələnir"


İllüstrasiya
İllüstrasiya

►“O qədər yaxın yeri qazırlar ki, binamız özülündən silkələnir. 16 mərtəbəli binadır. Bu binalara aşağı ballı zəlzələ kifayət edir ki, altında qalaq”

YAŞILLIQ OLACAQDI...

Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsindəki 14 saylı binanın sakinləri üzbəüz ərazidə aparılan tikinti işlərindən narahatdırlar. Bina sakinləri deyir, bir müddət əvvəl binanın qarşısındakı boş yer hasarlanıb.

Sonra ağır texnika gətirilib və qazıntı işlərinə başlanılıb. Onların sözlərinə görə, əvvəl işlərin nə məqsədlə və kim tərəfindən aparıldığını öyrənməyə çalışsalar da, fəhlələrdən söz ala bilməyiblər. Ancaq icra hakimiyyətinə və DİN-nin 102 xidmətinə şikayət edəndən sonra hasara lövhə vurulub.

Yalnız onda sakinlərə bəlli olub ki, “Bakinkom” MMC burada 12 mərtəbəli yaşayış binası tikməyi planlaşdırır. Qazıntı işləri də buna görədir.

Bina sakini Şərəfxanım İsmayılova:

“Bizim də binanı həmin şirkət tikib. 16 mərtəbəli binadır. Biz bu şirkətə pul ödəyib mənzil alanda dedilər ki, burada yaşıllıq, istirahət yeri olacaq. Ancaq indi görürük ki, bizi aldadıblar. Binamızla məsafə saxlamadan 12 mərtəbəli bina tikirlər. Həm havamızı kəsirlər, həm də işığımızı”.

Buna da bax: General Mədət Quliyev kimdir?

BİNA SİLKƏLƏNİR

Sakinləri narahat edən daha bir məsələ qazıntı işləri nəticəsində yaşadıqları binanın silkələnməsidir. Bina sakini Yaqub Süleymanov deyir, fəhlələr gecə-gündüz bilmirlər, günün çox hissəsini texnikanın səsindən evdə oturmaq olmur:

“O qədər yaxın yeri qazırlar ki, binamız özülündən silkələnir. 16 mərtəbəli binadır. Onsuz da indiki binaların hansı müddətə, necə, necə materiallardan tikildiyini hamımız gözəl bilirik. Bu binalara aşağı ballı zəlzələ kifayət edir ki, altında qalaq. Hamımız çarəsizlikdən özəl şirkətlərdən ev alırıq. Dövlət tiksəydi, keyfiyyətinə təminat versəydi, əlbəttə ki, gedib dövlətin tikdiyini alardıq. Bir şirkət ki, pulu alana qədər deyir, “burda bağça-bağ olacaq”, pulu alandan sonra gətirib yerində hündürmərtəbəli bina tikir, artıq o şirkətin ciddiliyinə inanmaq olmaz. Onun keyfiyyətə verdiyi təminat nə olacaq? Təbii ki, tikdiklərinin keyfiyyəti də verdikləri vədlər kimi saxtadır. Ona görə şikayət etdik ki, gəlib qazıntını saxlasınlar. Özlərindən də sənəd tələb etdik, görək, bu işləri hansı əsasla görürlər, ancaq təqdim etmədilər”.

Buna da bax: Yunusların işi geri aytarılıb (VİDEO)

“BİR HƏFTƏYƏ O SƏNƏDİ NECƏ DÜZƏLDİBLƏR?”

Sakin deyir, telekanallardan biri gəlib ərazidə çəkiliş apardıqdan sonra qazıntı işləri dayanıb. Bir həftə keçib, bir də görüblər ki, ərazidə yenə canlanma başladı. Həm də bu dəfə daha ağır texnika cəlb olunub.

Sakinlər yaşadıqları bina silkələndiyinə görə evdə otura bilmirlər. Deyirlər, iş başlayan kimi küçəyə qaçırlar:

“Bunlara imkanı yaradan hökumətdir. Hərəsinin əlinə bir parça kağız verib salıblar canımıza. Yaxın gedən kimi kağızı gözümüzə soxurlar, özləri də arxayıncasına deyirlər ki, “narazılığın var, get, ver məhkəməyə”. Əlbəttə ki, artıq əvvəldən bilirlər ki, məhkəməni də satın almaq mümkündür. Daşı daş üstə qoymaq üçün məmur qapılarında aylarla, illərlə sürünürük. Bunlar bir həftənin içərisində o sənədi necə düzəltdilər? Bu qazıntı işləri binada yaşayan nə qədər adamı ürək xəstəsi edib. Hər dəfə binamız silkələnəndə həyətə tökülüşürük, bunlarla ağızlaşıb əsəbiləşirik”.

DEYİRLƏR 25 METR MƏSAFƏ OLACAQ

MMC-dən bildiriblər ki, tikinti işləri qanunidir və qonşu binayla 25 metr məsafə saxlanılacaq.

Xətai rayon icra hakimiyyətindən bildiriblər ki, “Bakinkom” MMC-nin həmin ünvanda 12 mərtəbəli yaşayış binası üçün apardığı tikinti işləri qanunidir. Bunun üçün Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı var və binanın layihəsi də təsdiqlənib. Qurumdan onu da qeyd ediblər ki, bina qonşu binadan 25 metr aralıda inşa olunacaq.

XS
SM
MD
LG