Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:33

Samir Əliyev: «Hər 100 manatın 6.5 manatı geri qayıtmır»


Samir Əliyev
Samir Əliyev

-

Bəzi beynəlxalq reytinq agentlikləri Azərbaycanın maliyyə bazarını, bankların reytinqini aşağı qiymətləndiriblər. İqtisadçı Samir Əliyev Azərbaycanda maliyyə bazarının, bankların vəziyyəti ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırır:

– Samir bəy, manatın ikinci devalvasiyasından sonra bank sektorunda bankların bağlanmasını, ya birləşməsini müşahidə etdik. Artıq bu proses dayandımı?

– İkinci devalvasiyadan sonra 6 bank bağlandı və bir neçə bank birləşmə təhlükəsi ilə üzləşdi. Hökumətin bankları birləşdirmək planı baş tutmadı və bankların birləşməsi, təəssüf ki, baş vermədi. Bununla bağlı proseslər, sadəcə, təşəbbüs mərhələsində qaldı. Əmanətlərin dövlət tərəfindən 100 faiz sığortalanmasını nəzərdə tutan qanundan sonra bankların bağlanması ehtimalı düşüb. Yəni, «Bank Standard» nümunəsi göstərdi ki, bankların bağlanması məsələsi, ən azı, müəyyən dövr təxirə salınıb. Ancaq bunu tam istisna etmək olmaz. Gələcəkdə iqtisadiyyatda baş verən proseslər nəticəsində bankların bağlanması və ya birləşməsi məsələsi yenidən gündəmə gələ bilər.

– Hazırda maliyyə bazarında ümidverən proseslər baş verirmi?

– Bank sektoru neftin ucuzlaşması, həm də manatın iki devalvasiyası ucbatından ciddi problemlərlə üzləşdi və təəssüf ki, hələ də problem aradan qalxmayıb. Hazırda müşahidə edirik ki, banklar pul dövriyyəsinin qıtlığından əziyyət çəkir. Banklar açıq valyuta mövqeyini düzgün idarə edə bilmədiklərinə görə devalvasiya nəticəsində birdəfəlik zərərə düşdülər, yəni milyonlarla dollar zərərlə üzləşdilər. Digər tərəfdən, problemli kreditlərin həcmi artır. Bankların dollar depozitləri və xarici maliyyə qurumlarına olan borcu manat ifadəsində iki dəfə artıb. Bu il martın 1-nə bankların hər iki öhdəlik üzrə cəmi borcu 24.5 milyard manata bərabərdir. Halbuki, devalvasiyadan əvvəl, 2015-ci ilin əvvəlində bu rəqəm 12.7 milyard manat olub. Bütün bunları nəzərə alsaq, söyləyə bilərik ki, bankları müflisləşmə gözləyir və ölkədə maliyyə dayanıqlığı pozula bilər. Bu da bankların öz öhdəliklərini yerinə yetirməsinə mane ola bilər. Öhdəlik deyəndə, əmanətlərin geri qaytarılması nəzərdə tutulur.

– Problemli kreditlərin həcmi artıb dediniz. Hədd qırmızı xətti keçirmi?

– Bəli, artıq problemli kreditlərin həcminin qırmızı xətti keçdiyini demək mümkündür. Bankların xarici valyutada kredit qoyuluşunun həcmi 10.2 milyard manatdır və bunun 2.7 milyard manatı əhalinin payına düşür. Aylıq kredit ödənişlərinin iki dəfə artması əhalinin dollar kreditlərini qaytarması imkanlarını çətinləşdirib. Rəsmi məlumata görə, bu il martın 1-nə geri qaytarılmayan kreditlərin həcmi 1.3 milyard manata çatıb. Hazırda ölkə iqtisadiyyatına yatırılan hər 100 manatın 6.5 manatı geri qayıtmır. Ümumilikdə, hər iki devalvasiya nəticəsində vətəndaşlar banklara əlavə olaraq 1.6 milyard manata yaxın vəsait ödəməlidir. Problemli kreditlər sahəsində real vəziyyət rəsmi göstəricilərdən daha acınacaqlıdır. Müstəqil araşdırmalara, o cümlədən beynəlxalq reytinq agentliklərinin açıqlamalarına görə, ölkə üzrə problemli kreditlərin payı ən azı 20 faizdir. Bəzi bankların kredit portfelində belə kreditlərin payı 50 faizdən də çoxdur. Kreditlərin geri qaytarılmaması ilk növbədə bankları çətin duruma salır. Çünki belə vəziyyətdə banklar əmanətçilər və xarici banklar qarşısındakı öhdəliklərini yerinə yetirə bilmirlər. Kredit şərtlərini daha da ağırlaşdırmaq məcburiyyətində qalırlar ki, bu da ümumilikdə ölkə iqtisadiyyatının pulla təminatını pisləşdirir.

– «Moody’s» Beynəlxalq Reytinq Agentliyi hesab edir ki, B3 reytinqinə düşən bəzi Azərbaycan bankları defolt ola bilər. B3 reytinqinə düşən banklar nə qədər oturuşmuş banklardır?

– «Moody’s»də 7 Azərbaycan bankının reytinqi ölçülür. Bunlar «Bank of Baku», «KapitalBank», Beynəlxalq Bank, «XalqBank», «Unibank», «VTB Azərbaycan» və «Respublika» bankıdır. Onlardan bəziləri B3 reytinqinə düşüb. Amma ölkədə beynəlxalq reytinq agentlikləri ilə işləməyən elə banklar var ki, onların vəziyyəti daha da ağırdır. Ümumiyyətlə, bank sektoruna ciddi dəstək olmasa, bu sektoru böyük təhlükə gözləyir. Çünki yuxarıda dediyimiz kimi, problemli kreditlərin sayı artır, gəlirlilik düşür. B3 reytinqi «Moody’s» standartına görə, yüksəkriskli reytinq sayılır. Qurum vurğulamaq istəyir ki, B3-də olan banklar yüksək defolt reytinqinə düşə bilərlər.

– Samir bəy, əmanətlərin qoyuluş səviyyəsi necədir? Devalvasiyadan sonra bankların etibarlılığı zədələnmişdi. Banklara inam bərpa olunurmu?

– Əmanət qoyuluşunda dollarlaşma baş verir. Əmanətlərin 90 faizi dollarladır və bu da banklar üçün çox təhlükəlidir. Çünki banklar krediti, əsasən, manatla verirlər. Banklar əllərində olan dollarları reallaşdıra bilmirlər, digər tərəfdən isə, götürdükləri dollara faiz verməlidirlər. Banklar kredit verib pul qazanmırlarsa, üstəlik, verdikləri krediti qaytara bilmirlərsə, demək, əmanətçilər və beynəlxalq maliyyə qurumları qarşısında götürdükləri öhdəlikləri yerinə yetirə bilməyəcəklər. Təbii ki, bu da banklara inamı möhkəmləndirməyə mane olur. Belə davam edərsə, qarşıdakı dövrdə əmanət bazarında çox ciddi tənəzzül yaranacaq. Bu tənəzzül onda yaranacaq ki, banklar dollar əmanətinə faizi çox aşağı salacaqlar. Hətta istisna etmirəm ki, bəzi banklar dollarla əmanət qəbulunu dayandırsın. Belə olan halda müştərilər banklara xarici valyutada əmanət qoymayacaqlar. Manata gəlincə, manatla uzun müddət əmanət qoymaq əmanətçilərə riskli göründüyündən ya milli valyutada əmanət qoymurlar, ya da qısa müddətə qoyurlar.

– Samir bəy, dollarla kreditlərin qaytarılmasında vaxtaşırı hökumətdən yardım istənilir. Bu yaxınlarda bəzi millət vəkilləri də belə bir təklif hazırlayıblar. Hökumətin bu məsələdə həm banklara, həm vətəndaşlara yardım potensialı varmı?

– Əlbəttə var. Biz də Sivil Toplum Platforması olaraq təkliflər hazırlamışıq, hesab edirik ki, məsələni indiki vəziyyətdə saxlayaraq problemin həllini banklarla əhalinin öhdəsinə buraxmaq çıxış yolu deyil. Sivil Toplum Platforması ekspertləri hökumətə belə bir kompensasiya mexanizmi təklif edirlər: Ötən il fevralın 21-nə qədər xarici valyutada götürülən kreditlər üzrə: vətəndaşlar 1 dollar – 1.05 AZN məzənnəsi ilə kredit ödənişləri edir, hökumət isə ödənilən hər 1 dollara görə banklara 25 qəpik məbləğində kompensasiya ödəyir. Ötən ilin 21 fevral – 21 dekabr aralığında götürülən kreditlər üzrə: vətəndaşlar 1 dollar – 1.20 AZN məzənnəsi ilə kredit ödənişləri edir, hökumət isə ödənilən hər 1 dollara görə banklara 20 qəpik məbləğində kompensasiya ödəyir.

XS
SM
MD
LG