Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:24

Bəxtiyar Hacıyev: 'Nədə ittiham olunduğum mənə aydın deyil'


Bəxtiyar Hacıyev (Foto arxiv)
Bəxtiyar Hacıyev (Foto arxiv)

Bir il iki aydır həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev nədə suçlandığının ona qaranlıq qaldığını deyir. O, fevralın 2-də prokuror ittiham aktını açıqlayandan sonra bu sözləri dilə gətirib. İrəli sürülmüş ittihamlara münasibət bildirən ictimai fəal özünü qətiyyən təqsirli bilmədiyini vurğulayıb.

B.Hacıyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Fevralın 2-də prokuror Eldar Həmzə ittiham aktını elan edib. İttihamda göstərilib ki, B.Hacıyev 2013-cü ildə "Human Capital Consulting" MMC-ni yaradıb. Bu şirkət vizaların alınmasına dəstək, xaricdə təhsil və turizm səfərlərinin təşkili kimi xidmətlər göstərilib. İddia olunur ki, B.Hacıyev dil kursları, tələbə hazırlığı proqramlarına cəlb edilən müəllimlərlə müqavilə bağlamayıb, toplam 52 min 500 manata yaxın məbləğdə vergidən yayınıb.

Bu da iddia edilir ki, B.Hacıyev xarici təşkilatdan Azərbaycanda qeydiyyatdan keçməmiş 50 min avrodan çox qrant alıb və buna görə ictimai fəala qanunsuz sahibkarlıq ittihamı verilib. İttihamda yazılıb ki, B.Hacıyev əldə etdiyi pullarla özünə ev alıb. Bu isə cinayət yolu ilə qazanılan vəsaitlərin leqallaşdırılması kimi qiymətləndirilib.

B.Hacıyevə verilən xuliqanlıq və məhkəməyə sayqısızlıq ittihamlarına gəlincə, iddia olunur ki, olay Yasamal rayon Məhkəməsində yaşanıb. B.Hacıyev bloqer Ülviyyə Muradovanı (Alovlunu) təhqir və böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə verib. Məhkəmədə fasilə vaxtı B.Hacıyevin Ü.Alovlunu təhqir etdiyi, kağız parçası ilə başına vurduğu, bunun qarşısını alan icra məmurunu da itələdiyi iddia edilir.

Prokuror ittihamı açıqlayandan sonra hakim Əli Məmmədov ictimai fəaldan soruşub ki, özünü təqsirli bilir, yoxsa yox? B.Hacıyev özünü təqsirli bilmədiyini vurğulamaqla yanaşı, onu da bildirib ki, heç ittihamın mahiyyəti ona aydın deyil. Bu üzdən, bəzi məsələləri prokurordan soruşmaq istəyir. Hakim icazə verməyib və bunu belə əsaslandırıb ki, onun prokurora sual verməyə ixtiyarı yoxdur.

"Mən dəqiqləşdirmə aparmaq istəyirəm. Nədə ittiham olunduğum mənə məlum deyil", - B.Hacıyev israr etsə də, nəticəsi olmayıb. Əksinə, hakim ona protokol qaydasında xəbərdarlıq edib.

Məhkəmə dindirmələrə B.Hacıyevin özündən yox, zərərçəkmiş qismində tanınan Ü.Alovlu və Yasamal rayon Məhkəməsinin icra məmuru Orxan Abdullayevdən başlamaq qərarı verib. Dindirmələr fevralın 16-da olacaq.

B.Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs olunarkən, ona Cinayət Məcəlləsinin 221.2.2 (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələri ilə ittiham verilmişdi.

İstintaqın gedişində B.Hacıyevə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və başqa əlavə ittihamlar irəli sürülüb.

O, özünü təqsirli bilmədiyini, bütün ittihamların əsassız olduğunu deyir. B.Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə onun sifarişi ilə həbs olunduğunu iddia edir.

B.Hacıyevə verilən ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG