Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:40

Hesablama Palatası büdcədəki dəyişikliklərdən narahatdır


Manat
Manat

Hesablama Palatası bu ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı rəyini yayımlayıb. Rəydə bildirilir ki, 2022-ci ildə artan geosiyasi gərginlik və embarqolar ucbatından enerji məhsulları bahalaşıb. Palata enerji qiymətlərinin son 9 ilin ən yüksək səviyyəsinə yüksəlməsinə ayrıca diqqət çəkib. Qurumun araşdırmasına görə, ötən il və bu ilin ilk rübündə dünya bazarlarında neftə tələb təklifi üstələyib. Ötən il dünyada neftə tələb günlük ortalama 100.3 milyon barel olub. Neft istehsalçılarının bazara təklifi isə daha az - 97.89 milyon ton idi.

Rəydə deyilir ki, təbii qaz qiymətləri indeksində də bu ilin 1-ci rübündə əvvəlki ilin eyni dövrüylə müqayisədə 2.8 dəfə artım qeydə alınıb. Enerji qiymətlərinin artması və yüksək inflyasiya büdcənin bütün gəlir istiqamətlərində (neft fondundan transferlər istisna olmaqla) proqnozdan yüksək göstəricilər doğurub. Hətta yenilənmiş büdcədə gəlir proqnozunun artırıldığı bəzi istiqamətlərdə elə indidən yeni proqnozların da əksər hissəsi təmin edilib. Palatanın fikrincə, yüksək qiymət artımları və büdcənin xərc istiqamətlərinin çoxaldılması ölkədə vergitutma bazasını da genişləndirəcək. Bu amillər nəticəsində dövlət vergi xidmətinin büdcəyə yönəltməsi nəzərdə tutulan məbləğlə bağlı risklər mövcud olmayacaq.

Palata yeni büdcə hazırlanarkən neftin bir barelinin hesablama qiymətinin 50 dollardan 85 dollara yükəldilməsi ilə yanaşı, inflyasiya proqnozundakı artıma da diqqət çəkib. Yenilənmiş göstəricilərdə hökumət inflyasiya proqnozunu da 4 faizdən 12.5 faizə qaldırıb, yəni üç dəfədən çox artırıb. Palata bu qənaətdədir ki, inflyasiyanın gözləniləndən yüksək olması ÜDM-in nominal həcmini artıracaq. Hesablama Palatası özünün inflyasiya proqnozunun da hökumətin açıqladığı rəqəmə yaxın olacağını bildirib. Qurumun qənaətincə, yay aylarında qiymət artımları nisbətən səngisə də, ilin sonuna doğru daha yüksək olacaq. Palata bildirib ki, xərclərdə proqnozlaşdırılmış artımın icrası üçün daha çox vəsait ilin ikinci yarısında xərclənəcək. Digər tərəfdən, Azərbaycanda büdcə xərcləri, bir qayda olaraq, önəmli fərqlə 4-cü rübdə icra edilir. Bu isə proqnozlaşdırılan artımın təkcə bu ildə deyil, növbəti ildə də inflyasiya təzyiqi yaradacağını deməyə əsas verir.

Yeni büdcənin riskləri

Hesablama Palatası büdcəyə dəyişikliklərlə bağlı risk doğuran amilləri də açıqlayıb. Qurum ayrıca vurğulayıb ki, büdcə dəyişikliklərinə dair hökumət layihəsində fiskal risklərlə bağlı məqamlara yer verilməyib. Bu zaman yalnız COVID-19 pandemiyasının, neftin qiymətinin və hasilat həcmlərinin azalması, dövlət borcları və geniş subsidiyalaşdırılmadan irəli gələn risklər əsas risklər sayılıb. Buna baxmayaraq, Palata yeni büdcənin fiskal risklərinin də mövcud olduğunu düşünür.

Qurum bu fikirdədir ki, büdcəyə düzəlişlər dövlətin cari xərclərini artıracaq. Bu xərclərin bir çoxunun müdafiə olunan xərc istiqamətlərinə aidliyi əlavə risklər yaradır. Həmin risklər qeyd edilən artımın növbəti illərin büdcələrinə də əlavə yük yaradacağından irəli gəlir. Bu baxımdan Palata qarşıdakı illərdə enerji qiymətlərinin ucuzlaşacağı və Azərbaycanın resurs gəlirlərinin azalacağı hallarda büdcə öhdəliklərinin icrası ilə bağlı ciddi risklər doğacağını nəzərdə tutur.

Maliyyə Nazirliyi də hazırladığı icmalda və dövlət büdcəsinin ilkin göstəricilərinə dair açıqlamasında bildirmişdi ki, Azərbaycanda sosial xərclərin artımı dayanıqlı olmayan qaynaqlar hesabına qarşılanır. Axı ölkənin ixrac gəlirlərinin 90 faizi hələ də neft-qaz sektoru hesabına formalaşır. Məhz bu məqam uzunmüddətli dövrdə makroiqtisadi və maliyyə dayanıqlığı üçün ciddi sınağa çevrilə bilər.

Dövlət müəssisələri büdcədən asılıdır

Hesablama Palatasının üzərində dayandığı digər bir risk amili publik hüquqi şəxslərlə dövlət mülkiyyətindəki müəssisələrin büdcədən ciddi asılılığıdır. Qurum, bununla yanaşı, yeni büdcə modelinə (ortamüddətli xərclər çərçivəsinə) keçidin ləngiməsini də əsas fiskal risk amilləri sayır. Sözügedən modelin üç əsas məqsədi var - fiskal intizamın gücləndirilməsi (1), dayanıqlı fiskal çərçivəyə əsaslanan çoxillik resurs zərfi daxilində xərc istiqamətlərinin sektorlar arasında öncəlikləşdirilməsi (2) və fəaliyyətin göstəricilər əsasında ölçülməsini nəzərdə tutan nəticəəsaslı büdcə tərtibi (3).

Qanunvericilikdə sərbəst qalıqdan istifadəyə imkan verən müddəaların mövcudluğunu da Palata risk amilləri arasında görür. Axı qurumun fikrincə, məhz belə halların mövcudluğu büdcə vəsaitlərinin yönəldilməsinə mənfi təsir göstərir və gələcəkdə büdcə üçün resurs çatışmazlığı risklərini formalaşdırır. Digər tərəfdən, yenilənmiş büdcədə dövlət büdcəsinin xərcləri üzrə nəzərdə tutulmuş artımın 60 faizini publik hüquqi şəxslərlə dövlət mülkiyyətində olan müəssisələr əsaslı xərclərə yönəldəcək. Bu hal xəzinədənkənar əməliyyatları artırır, resurs çatışmazlığı ilə bağlı riskləri formalaşdırır və xərc öhdəliklərinin necə yerinə yetirildiyini izləmək imkanlarını məhdudlaşdırır.

Yenilənmiş büdcə layihəsində daha bir çatışmazlıq da odur ki, artırılan xərclərin proqram və subproqramlar üzrə maliyyələşmə və hədəf göstəricilərini əks etdirən sənədlər açıqlanmayıb. Bu da ilin sonunda icra edilmiş xərclər üzrə keyfiyyət göstəricilərinin hesablanmasını çətinləşdirir.

XS
SM
MD
LG