Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:43

Əfqan Muxtarlı: 'Dedim, məni bıçaqla yox, güllə ilə öldürün'


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

«Mən prezidentin ailəsinin biznesi haqda araşdırma yazılarıma görə həbs olunmuşam. Həbsimin sifarişi də şəxsən İlham Əliyevdən gəlib...», – həbsdə olan jurnalist Əfqan Muxtarlının sözləridir. O, dekabrın 14-də öz məhkəməsində ifadə verərkən belə deyib.

Ə.Muxtarlının işinə Balakən Rayon Məhkəməsində hakim Hümbət Səlimov baxır. Bu iş üzrə noyabrın 30-da məhkəmənin hazırlıq iclasında jurnalistin vəkilləri vəsatət qaldırmışdı ki, o, dəmir qəfəsdən çıxarılıb, müdafiəçilərinin yanında əyləşsin. Hakim vəsatəti təmin etmişdi. Hərçənd, dustaqların daşınmasına, saxlanmasına nəzarət edən Penitensiar Xidmətin konvoyları hakimin qərarını yerinə yetirməkdən imtina etmişdilər. Bildirmişdilər ki, dustağı qəfəsdən çıxara bilməzlər.

Dekabrın 14-də məhkəmədə bir daha bu məsələni qaldırıb, hakimə ötən dəfə vəsatəti təmin etdiyini xatırladıblar. Hakim deyib ki, vəsatət hazırlıq iclası üçün təmin olunmuşdu, ona görə də Ə.Muxtarlı qəfəsdən çıxarılmır.

Əfqan Muxtarlının məhkəməsi polis nəzarətində...

Vəkillərdən Nemət Kərimli məhkəmə zalında polis əməkdaşlarının iştirakına etiraz edib. Bildirib ki, açıq məhkəmə prosesinin polis nəzarəti altında aparılması təzyiqdir. Müdafiəçi polislərin çıxarılmasını istəsə də, hakim razılaşmayıb.

***Buna da bax-Əfqan Muxtarlı: 'Papkanı qoltuğuna vurub bura gəlirsən, yalan danışırsan'

Digər vəkil Elçin Sadıqov isə məhkəməyə teleqram vasitəsilə göndərdiyi vəsatətin təmin olunmasını istəyib. Bu vəsatətdə Ə.Muxtarlının həbsindən dərhal sonra Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun onun haqqında yaydığı bəyanatdan bəhs olunur. Bəyanatda Əfqanın sərhədi qanunsuz keçmək istərkən saxlandığı, üzərindən pul tapıldığı iddia olunur. Bu bəyanatla dövlət orqanlarının Ə.Muxtarlının təqsirsizlik prezumpsiyası hüququnu pozduğunu deyən vəkil sənədin iş materiallarına əlavə olunmasını və sənədlərin tədqiqi mərhələsində araşdırılmasını istəyib.

Məhkəmədə Ə.Muxtarlı və müdafiəçiləri jurnalistlərin prosesə buraxılmamasına da etiraz edib.

Əfqan Muxtarlı 3 ay müddətinə həbs olundu
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

Ardınca prokuror Qürbət Məmmədov ittiham aktını elan edib. İttihamda yazılıb ki, Ə.Muxtarlı Gürcüstan-Azərbaycan sərhədini Balakən ərazisində pozub. Jurnalistin sərhədi qanunsuz keçərkən onu dayandırmağa çalışan əsgəri vurduğu, saxlandıqdan sonra üzərindən 10 min avro pul tapıldığı iddia olunur.

İttihama münasibət bildirən Ə.Muxtarlı deyib ki, yazılanların hamısı başdan-ayağa yalandır, özünü qətiyyən təqsirli bilmir.

«Cənab general, mollanı gətirdik...»

Bundan sonra Ə.Muxtarlı özü ifadə verib. Bildirib ki, onu Tbilisidə yaşadığı evin yaxınlığında mülkigeyimlilər saxlayıb, zorla maşına mindirərək, oğurlayıb gətiriblər:

***Buna da bax-Əfqan Muxtarlının xanımı dördyaşlı qızı ilə birlikdə Gürcüstanı tərk edib

«Evə tərəf gedəndə üç nəfər mülkigeyimli yaxınlaşdı. Məni zorla maşına mindirmək istəyəndə müqavimət göstərdim. Məni döyə-döyə maşına mindirdilər. Şəhərdən çıxanda başıma torba keçirdilər. Bir müddət gedəndən sonra maşını saxladılar. Başımdan torbanı çıxartdılar. Fikirləşirdim ki, məni öldürəcəklər. Ona görə də onlara dedim ki, xahiş edirəm, məni bıçaqla yox, güllə ilə öldürün. Dedilər ki, narahat olma, sənə heç nə eləməyəcəyik. Ardınca yenə başıma torba keçirdilər, ağzımı skoçladılar, bir qədər də sürdülər. Sonra maşını dəyişdilər. Bu maşındakı Azərbaycan mahnısından başa düşdüm ki, deyəsən, Azərbaycandayam. Yolda maşındakılardan biri kiməsə zəng eləyib dedi ki, «cənab general, mollanı gətirdik, yas yerinə gedirik». Bir qədər də gedəndən sonra məni düşürüb, bir yerə saldılar, başımdan torbanı çıxartdılar. Otaqdan başa düşdüm ki, hərbi hissəyə gətiriblər. Oradan da Bakıya gətirdilər».

Ə.Muxtarlı söyləyib ki, həbsinin əsl səbəbi prezident ailəsinin biznesi haqda yazılarıdır.

Məhkəmədə şahid mübahisəsi

Daha sonra məhkəmədə zərərçəkmiş qismində sərhədi qanunsuz keçərkən xəsarət yetirdiyi iddia olunan Qafur adlı hərbçi və şahidlər dindirilib. Şahidlər də sərhəddə xidmət edən əsgərlər olub. Şahidlər dindirilərkən məhkəmə zalının qapısının açıq saxlanması prosesdə mübahisəyə səbəb olub. Vəkillər bildirib ki, açıq qapının arxasında dayanan digər şahidlər zalda verilən ifadəni eşidirlər, sonra gəlib ona uyğun ifadə verirlər. Şahidlərdən birinin vəkilə «məndən əvvəl dindirilənə başqa cür sual verirdiniz, indi belə danışırsız» deməsindən sonra müdafiə tərəfi vəsatət qaldırıb ki, onların ifadələri sübutlar siyahısından çıxarılsın. Çünki qanuna görə, şahidlər bir-birindən xəbərsiz dindirilməlidir. Bu məhkəmədə isə artıq qanunun həmin tələbi pozulub.

Hakim bu səbəblə yalnız şahidlərdən birinin ifadəsinin sübutlar siyahısından çıxarılmasına qərar verib.

Məhkəmə dekabrın 28-nə təxirə salınıb.

Xatırlatma

Gürcüstandan oturum izni almış Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Ona qarşı Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi qaldırılıb.

Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini siyasi sifariş adlandırıb.

XS
SM
MD
LG