Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:57

Eldar Həsənov məhkəmədə: 'Danışsam, dövlətlərarası qalmaqal yarana bilər'


Eldar Həsənov məhkəmədə. 3 sentyabr 2021
Eldar Həsənov məhkəmədə. 3 sentyabr 2021

Keçmiş baş prokuror və səfir Eldar Həsənov sentyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. Onun məhkəməsinə APA, "Trend" agentliklərinin və "Real", ATV telekanallarının əməkdaşlarından başqa heç bir media orqanının nümayəndəsi buraxılmayıb. Onun vəkilləri də konkret siyahı əsasında yalnız hökumətyönlü jurnalistlərin buraxılmasına etiraz edib.

Hakim Əfqan Hacıyev vəkillərdən Adəm Məmmədovun məhkəmə zalından çıxarılmasına göstəriş verib. Digər vəkillər də buna etiraz olaraq zaldan çıxmaq istəyəndə Eldar Həsənov müdafiəçilərini sakitləşdirib: "Eybi yox, qoyun çəksinlər, nəyi çəkəcəklər ki...".

"Ona qarşı hörmətsizliyin səbəbini anlaya bilmirik"

Vəkillər Eldar Həsənovun şüşə kabinədən çıxarılması, cinayət işinin istintaqa qaytarılması və s. vəsatətlər qaldırıblar.

"Eldar Həsənov ağır xəstədir. Dayandığı yerdə başı gicəllənir, yıxılır. Onu tək buraxmaq olmaz. Onun yanında kimsə olmalıdır", – vəkil Cavad Cavadov bildirib.

Prokuror, zərərçəkmiş qismində tanınan Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinin nümayəndələri onun şüşə kabinədən çıxarılmasına etiraz etməsə də, hakimlər razılaşmayıb.

Vəkillərin məhkəmə prosesinin daha böyük zalda keçirilməsi barədə vəsatəti də nəticəsiz qalıb.

"Bir müddət əvvəl bu məhkəmə binasında ermənilərin işinə böyük, müasir zalda baxılırdı. Eldar Həsənov kimi 25 ildən çox dövlətə xidmət etmiş şəxsin məhkəməsi bərbad zalda keçirilir. Eldar Həsənov baş prokuror olub, generaldır. Ona qarşı hörmətsizliyin səbəbini anlaya bilmirik", – vəkillər belə deyib.

"Demədiyim sözlər ifadəm kimi göstərilib"

Müdafiəçilər cinayət işinin istintaqa qaytarılması haqda vəsatəti əsaslandırarkən bildiriblər ki, ciddi pozuntulara yol verilib. Bu vəziyyətdə işə məhkəmədə baxıla bilməz. Vəkillərin bildirdiyinə görə, sabiq səfir heç cinayət işinin materialları ilə tam tanış ola bilməyib. Müdafiəçilər vurğulayıb ki, iş materiallarında ifadələr saxtalaşdırılıb, həm təqsirləndirilən şəxsin özü, həm də bir sıra şahidlərin adından yalan ifadələr yazılıb.

Prokuror istintaqda heç bir prosessual pozuntuya yol verilmədiyini deyəndə keçmiş baş prokuror buna etiraz edib. ""Heç bir" sözünü işlətməyin. Mənim demədiyim sözlər ifadəm kimi göstərilib. Bu, pozuntu deyil? Mənim heç bir cinayətim sübuta yetirilməyib. İstintaq qrupunun rəhbəri "Əliheydər Qarayev"in işidir. (Əliheydər Qarayev Xalq Cümhuriyyətinin yıxılmasında, 11-ci Qızıl Ordunun Azərbaycana müdaxiləsində rolu olduğu bildirilir, bolşevik ideyalarının təbliğatçısı sayılır – red.) Məni həkimlər müayinə eləmədən rəy veriblər ki, sağlamlığım həbsdə saxlanmağa imkan verir", – Həsənov belə deyib.

"Kim nə edirsə, qarşısına çıxacaq"

O vurğulayıb ki, səhhəti ilə əlaqədar Avropa Məhkəməsinə şikayət ünvanlamağa məcbur oldu. Həbsindən öncə yeddi dəfə əməliyyat keçirdiyini deyən keçmiş səfirin sözlərinə görə, Avropa Məhkəməsinin qərarından sonra hospitala köçürülsə də, sonadək orada müalicəsinə imkan verilməyib: "Məni DTX-nın hospitalına ağır vəziyyətdə gətirdilər. Ertəsi gün gəldilər ki, prokurorluq geri qaytarılmağımı tələb edir. İstintaq materiallarını tanışlıq üçün mənə təqdim eləməlidirlər, o da stasionar şəraitdə təqdim oluna bilməz. Ona görə istintaq təcridxanasına qaytardılar. Səhhətim ağır olsa da, tələb elədilər ki, 48 saat ərzində iş materialları ilə tanış olum. 50 cilddən 44-ü ilə tanış ola bildim. Materialları alıb apardılar. Prosessual qaydaları kənara qoyaq, insanlıq amili, iman amili var. Kim nə edirsə, qarşısına çıxacaq...".

Həsənov üzünü hakimlərə tutaraq deyib ki, hazırda mühakimə olunduğu məhkəmə binası əvvəl Ali Məhkəmə idi. O vaxt müxtəlif vəzifə sahibi qismində bu binaya gəlib: "Mən 25 il müxtəlif vəzifələrdə işləmişəm. İkinci dəfədir ki, bura təqsirləndirilən şəxs kimi gəlirəm. Bunu sizə (hakimə) deməyi özümə borc bilirəm ki, heç kim bilmir başına nə gələcək...".

Həsənov çıxış edəndə zalda olan jurnalistləri də hakim çıxarıb.

"Ona görə ifadə verməmişəm"

Çıxışının davamında keçmiş səfir prokurorluğun bu cinayət işi ilə dövlətlərarası qalmaqal yaratmaq ehtimalından danışıb. O bildirib ki, onu şərləyib həbs etməkdən ötrü səfir olduğu ölkələrin siyasi liderlərinin adlarını hallandırıblar: "Prokurorluq elə hərəkət edib ki, mən danışsam, dövlətlərarası qalmaqal yarana bilər. Ona görə ifadə verməmişəm. Prezidentin xarici siyasətdə gördüyü işləri yerə vuracaq addımlar atırlar...".

Prokuror təqsirləndirilən şəxsin çıxışına etiraz edib.

Məhkəmə iclasının gedişində Həsənovun vəziyyəti pisləşib, bu üzdən prosesdə fasilə yaranıb. Onun durumu nisbətən yaxşılaşandan sonra proses davam edib.

Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Məhkəmə baxışı sentyabrın 9-na təyin edilib.

Xatırlatma

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə 12 il Rumıniyada, 2013-cü ildən də Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri olan Eldar Həsənov ötən il avqustun 13-də saxlanıb. O, DTX-da istintaqı aparılan Xarici İşlər Nazirliyi əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub. Eldar Həsənov ittihamları qəbul etmir.

XS
SM
MD
LG