Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:02

Əli Həsənovun xanımının adı hallanan məhkəmədə gərginlik


Sona Valiyeva
Sona Valiyeva

Prezidentin köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevaya məxsus “Kaspi Liseyi”ndən yarım milyondan çox mənimsəmə iddiasının araşdırıldığı məhkəmədə gərginlik yaşanıb. Gərginliyin səbəbi isə Sona Vəliyevanın çağrılıb dindirilməsi məsələsi də daxil olmaqla, vəkillərin qaldırdığı çoxsaylı vəsatətlərdən heç birinin təmin edilməməsi olub. Nəticədə “Kaspi Liseyi”ndən 565 min manatlıq mənimsəmədə suçlanan şəxslər – Tural Məmmədov və Fərahim Möhbalıyev məhkəmənin bu cür gedişinə etiraz ediblər. Özəlliklə F. Möhbalıyev həm prokuroru, həm də hakimləri sifarişlə işləməkdə, ədalətsiz davranmaqda suçlayıb. Prokuror Nəsir Bayramov Fərahimin məhkəmə zalından çıxarılmasını istəyib. Hakim isə onu prosesdən uzaqlaşdırmasa da, xəbərdarlıq edib.


“Xərclər nəzərə alınmayıb”

“Kaspi Liseyi Təhsil Mərkəzi” MMC-nin Bakıxanov filialının keçmiş baş mühasibi Tural Məmmədov və mühasibi Fərahim Möhbalıyev-in işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Sentyabrın 27-də keçirilən məhkəmə iclasında hər iki təqsirləndirilən şəxsin vəkilləri Sona Vəliyevanın çağrılıb dindirilməsi, onun baş mühasib və mühasibdən aldığı pullarla bağlı qeydiyyat apardığı dəftərin alınıb araşdırılması, iş üzrə rəy vermiş ekspertin məhkəmədə dindirilməsi, təkrar ekspertiza keçirilməsi və s. vəsatətlər qaldırıblar.

“Auditor rəyindən görünür ki, audit zamanı qanunvericilik, Maliyyə Nazirliyinin təlimatındakı tələblər pozulub. Təqsirləndirilən şəxslərin iştirakı təmin olunmayıb. Altı ay yarım üzrə (aprelin 1-dən oktyabrın 15-nə qədər) araşdırma aparılıb, amma 4 ayda (aprel, may, iyun, iyul) xərc göstərilməyib. Cədvəldə bu aylarda xərc hissəsi 0 yazılıb. Belə şey olmaz axı. Bəs həmin aylarda verilən əməkhaqqılar, liseydə təhsil alan şagirdlərin yeməyi, dəftərxana, kommunal xidmət xərcləri? Bunları mənimsənilən vəsait kimi qələmə veriblər. Ekspert də auditorun səhvlərini, qərəzini davam etdirib və nəticədə ədalətsiz, əsassız bir rəy ortaya çıxıb. Xahiş edirik, ekspert dindirilsin”, - vəkil Adəm Məmmədov belə deyib.

Vəkil bildirib ki, şagirdlərin təhsili üçün valideynlərdən qəbul edilən ödənişləri sonradan həm baş mühasib, həm də mühasib liseyin təsisçisi Sona Vəliyevaya verdiyini deyib. Amma bu adamlarla onun arasında üzləşmə keçirilməyib.

“Sifariş yerinə yetirirsiz”

Digər vəkil Elçin Sadıqov Sona Vəliyevanın dindirilməsi, onun qeydiyyat dəftərlərinə baxış keçirilməsini istəyib. Müdafiəçinin başqa bir vəsatəti isə təkrar eksperiza keçirilməsi olub.

Sona Vəliyevanın təsisçisi olduğu “Xətai Estetik Klinikası”nın direktoru Ehtiram Kərimov-un da adı bu cinayət işində bir neçə yerdə keçir. Liseydə mənimsəmə şübhəsi ortaya çıxandan sonra komissiya təşkil olunub və yoxlama aparanlardan biri də Ehtiram Kərimov olub. İş materiallarında komissiya üzvlərinin hamısının kənardan dəvət edilmiş şəxs olduğu iddia edilsə də, təqsirləndirilən şəxs bildirir ki, hamısı, o cümlədən Ehtiram Kərimov da Sona Vəliyevanın işçisi olub.

Azərbaycan manatı
Azərbaycan manatı

Bundan əlavə, Ehtiram Kərimov və Gülnarə Kərimovanın bank hesablarına “Kaspi Liseyi”nin hesabından 31 min 800 manat pul köçürülüb. Bu məbləğin hüquq xidməti və məsləhətlərə görə köçürüldüyü rəsmiləşib. Təqsirləndirilən şəxslər bildirir ki, ümumi məbləğdən bu vəsait də çıxılmayıb və mənimsəmə kimi, onların üzərinə qoyulub. Ona görə vəkillər Ehtiram Kərimovun da məhkəmədə dindirilməsini istəyir.

“Birdəfəlik hökmü oxuyun, qurtarıb getsin..."

Azər Paşayevin sədrlik etdiyi hakimlər kollegiyası bu vəsatətlərin heç birini təmin etməyib. Təqsirləndirilən şəxslər etiraz ediblər.

“Birdəfəlik hökmü oxuyun, qurtarıb getsin, daha bizi boş-boş bura niyə gətirirsiz? Onsuz da heç bir araşdırma aparmırsız”, - Tural Məmmədov bildirib.

Fərahim Möhbalıyev isə bu cür ədalətsizliyin onu intihara sürüklədiyini söyləyib:

“Özümü doğrayacam. Günahkar da birinci növbədə siz olacaqsız. Çünki siz işə düzgün baxmadınız. Sifariş yerinə yetirirsiz. Aydın məsələdir ki, sizə nə sifariş verilsə, o hökmü də oxuyacaqsız. Belə ədalətsizlik olmaz axı..."


“Ay Sona xanım, özünüz də bilirsiz ki..."

Onun vəkili Adəm Məmmədov müvəkkilinin heç bir günahı olmadığı halda, bir ildir həbsdə saxlandığını vurğulayıb. Deyib ki, Fərahimdən Turalın əleyhinə ifadə vermək tələb olunub, o isə bu addımı atmaqdan imtina etdiyinə görə bu cür yalan ittihamla cəzalandırılıb:

“Ay Sona xanım, özünüz də bilirsiz ki, bu adamın günahı yoxdur. Adamı ittiham eləyəndə onun yaşayışına, ailə vəziyyətinə baxarlar. Buna deyilib ki, “Turalın üzünə dur”. Bu da belə hərəkəti özünə sığışdırmadığına görə, kişi kimi yanaşdığına görə indi cəza çəkir”.

Prokuror məhkəmə istintaqının yekunlaşmasını təklif edib. Ancaq vəkillər razılaşmayıb. Deyiblər ki, heç məhkəmə iş materiallarındakı sənədləri elan eləməyib.

Məhkəmə oktyabrın 2-də davam edəcək.

Xatırlatma

İttihamda yazılıb ki, 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün 1 milyon 366 min manat pul ödənilib. Ancaq Bu vəsaitin 564 minini baş mühasib və mühasib sistemə daxil etməyib, birlikdə mənimsəyib. Adları çəkilən şəxslərə CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi əsasında ittiham verilib.

Tural Məmmədov özünü qismən təqsirli bilərək deyir ki, pula ehtiyacı olduğundan vəsaitin bir hissəsini götürüb, amma məbləğ ittihamda yazıldığı kimi, 565 min olmayıb, rəqəm bundan iki dəfə azdır: “Oktyabrın 16-da təsisçi Sona Vəliyeva məni xidməti otağına çağırıb, 565 mini götürüb-götürmədiyimi soruşdu. Dedim ki, təxminən 350 min götürmüşəm, liseydə araşdıranlar düz hesablamayıblar. Sona Vəliyeva dedi ki, əgər ona 565 minin hamısını özümün mənimsəməyim barədə ərizə yazıb versəm, polisə şikayət etməyəcək. Ona inanıb dediyi kimi izahat yazdım, pulu geri ödəmək üçün də 1 il möhlət verməsini xahiş etdim. Amma bu ərizəni məndən alandan yarım saat sonra polislər gəlib bizi apardı”.

Digər təqsirləndirilən Fərahim Möhbalıyevin onunla əlbir olmadığını deyən Tural Məmmədov deyir ki, pulun bir hissəsini şəxsi problemlərinin həllinə, qalanını da “Tatlı dünyası” şirniyyat evinin təmirinə xərcləyib.

Fərahim Möhbalıyev isə özünü təqsirli saymır.

Tural Məmmədov və Fərahim Möhbalıyevin təqsirləndirildiyi CM-in 179.4 maddəsində 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Sona Vəliyeva nə deyir?

Sona Vəliyeva
Sona Vəliyeva

Bir müddət öncə Sona Vəliyeva da təsisçisi olduğu şirkət haqqında səslənən fikirlərə münasibət bildirib.

“Son zamanlar maraqlı bir tendensiya müşahidə edilməkdədir. Konkret cinayət əməlinə görə, mühakimə edilən bəzi şəxslər çıxış yolunu ölkənin nüfuzlu şəxslərinə böhtan atmaqda görür, azadlıqda məşğul olduqları qanunazidd fəaliyyətləri həbsxanada da davam etdirirlər”, - o, “Qafqazinfo” saytına belə deyib.

Sona Vəliyeva daha sonra da əlavə edib:

“Əlbəttə, başa düşmək çətin deyil ki, həyat yoldaşım Əli Həsənovun Azərbaycan prezidentinin köməkçisi olması, olduqca həssas bir sahəyə uğurla rəhbərlik etməsi, öz vəzifəsinin öhdəsindən vicdanla gəlməsi, bu kimi ucuz şantaj cəhdlərinə qətiyyən əhəmiyyət verməməsi müxtəlif qarayaxma kampaniyalarına rəvac vermişdir. Aydındır ki, mənim hədəf alındığım bu kimi kampaniyaları idarə edənlərin əsas məqsədi həyat yoldaşımın nümunəvi fəaliyyətinin üzərinə kölgə salmaq, onun timsalında hakimiyyət nümayəndələri haqqında mənfi rəy yaratmaqdır. Təəssüf ki, bu cür arzuolunmaz proseslərin genişlənməsində həqiqəti öyrənmədən, reallığı əks etdirməyən, ictimaiyyətə doğru olmayan məlumatlar çatdıran bəzi kütləvi informasiya vasitələrinin “müstəsna” rolu görünməkdədir.

... Biz hər zaman təmkinli davranmağa, hər böhtan və iftiraya əhəmiyyət verməməyə çalışmışıq. Amma aydın olur ki, təmkinin də bir həddi, sərhəddi olmalıdır. Ona görə də, bu kimi halların davam edəcəyi təqdirdə haqqımda şantaj xarekterli iddialar səsləndirən, ictimai və işgüzar nüfuzuma xələl gətirməyə çalışan şəxs və şəxslər haqqında məhkəmə prosesi başladacağımı bildirmək istəyirəm”.

XS
SM
MD
LG