Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:25

Vaşinqton Minsk qrupunun buraxılması təklifini cavablandırıb


Minsk qrupu həmsədr ölkələrinin və ATƏT-in bayraqları
Minsk qrupu həmsədr ölkələrinin və ATƏT-in bayraqları

AzadlıqRadiosu hər iki ölkədən səslənən fikirlərlə bağlı ATƏT-in Minsk qrupunun ABŞ və Fransa həmsədrliyinə şərh üçün müraciət edib.

ABŞ Dövlət Departamentinin sözçüsünün açıqlamasında bildirilir ki, onların hökuməti Azərbaycanla Ermənistanın davamlı və layiqli sülh sazişi əldə etməyə yönəlik səylərini dəstəkləyir.

"Tərəflərin irəliləyiş əldə edə bilməsi üçün razılaşdıracaqları istənilən formatda onlarla işləməyə hazırıq", - açıqlamada vurğulanır.

Ermənistan Minsk qrupunun buraxılmasını sülh müqaviləsi ilə bağlayır

Ermənistan bəyan edib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin davam etdirilib-etdirilməməsi məsələsinə Azərbaycanla sülh müqaviləsinin imzalanması kontekstində baxılmalıdır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu avqustun 15-də Ermənistanın Xarici İşlər Nazirliyi bəyan edib.

Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda bildirmişdi ki, Ermənistan Minsk qrupunun buraxılması üçün birgə müraciət etməkdən imtina edir.

ATƏT-in Minsk qrupu 1992-ci ildə Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin diplomatik yollarla çözümü məqsədilə yaradılıb.

Azatutyunun yazdığına görə Azərbaycan Ermənistandan Minsk qrupunun iki ölkə arasında sülh müqaviləsi imzalanmazdan əvvəl buraxılması üçün birgə müraciətə razılıq verməsini tələb edir.

Ermənistan XİN Azatutyunun bu barədə sorğusuna yazılı cavabında bildirib:

“Ermənistan tərəfi Minsk prosesinin davam etməsi məsələsinə münasibətlərin tam həlli və ilk növbədə sülh müqaviləsinin yekunlaşdırılması kontekstində baxa bilər”.

Fəaliyyətsiz qalan format

Bundan əvvəl Ermənistan Milli Məclisinin hakim “Vətəndaş müqaviləsi” partiyasından deputatı Armen Xaçatryan demişdi ki, Minsk qrupu yalnız Ermənistan-Azərbaycan sülh müqaviləsi imzalandıqdan sonra buraxıla bilər:

“Düşünürəm ki, ATƏT-in Minsk qrupu yalnız Ermənistan və Azərbaycan arasında sülh olduğu, bütün məsələlərin həllini tapdığı və razılaşmanın imzalandığı təqdirdə buraxılmalıdır. Biz bu məsələni yalnız bundan sonra müzakirə edə bilərik. Bu məsələni indi müzakirə etmək yerinə düşmür”.

Azatutyun xatırladır ki, son 30 ildə ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri uzunmüddətli münaqişəyə diplomatik həll tapmağa çalışıblar.

Lakin Azərbaycan 2020-ci il müharibəsinin nəticəsi olaraq Qarabağ ətrafındakı 7 rayona və ermənilərin yaşadıqların başqa ərazilərə nəzarəti ələ aldıqdan sonra Minsk qrupu fəaliyyətsiz duruma düşüb.

Azərbaycan 2023-cü ildə Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra isə qrupun əhəmiyyəti tamamilə sıradan çıxıb.

Həmsədrlər qrupu bitmiş hesab edirlər

Minsk qrupu üçlüyünün statusu, Rusiya 2022-ci ildə Ukraynaya hücum etdikdən sonra, onunla qrupun digər iki üzvü arasında yaranmış geosiyasi ixtilafa görə ümumiyyətlə sual altına düşüb.

Bununla əlaqədar Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2022-ci ilin dekabrında demişdi ki, “Qərb Minsk qrupunu öz əlləri ilə dəfn edib”.

Bundan əvvəl 2022-ci ilin noyabrında ABŞ administrasiyası bildirmişdi ki, ATƏT-in Minsk qrupu artıq fəaliyyət göstərmir və Vaşinqton Azərbaycan və Ermənistan arasında tənzimləmə ilə yalnız Bakı və Yerevanla birbaşa əlaqələrlə məşğul olur.

ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə ovaxtkı müşaviri Filip Riker demişdi:

“Məncə iş o həddə çatıb ki, biz bu mandata (Minsk qrupunun mandatı-red) konsensusla son qoya bilərik. Özlüyündə mandat faydalıdır. Hərçənd Minsk qrupu həmsədrlərinin prosesi artıq işləmir. Və biz tərəflərlə birlikdə birbaşa onların sülh prosesində iştirak edirik”.

Buna baxmayaraq ATƏT-in Minsk qrupu rəsmən ləğv edilməyib.

Şuşa niyə bu qədər bahadır?
Gözlə

No media source currently available

0:00 0:06:33 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı 2023-cü il, sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG