Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:13

Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’


Keçmiş prezident Levon Ter-Petrosyanın Erməni Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan
Keçmiş prezident Levon Ter-Petrosyanın Erməni Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan

Paşinyan və Əliyev arasında daha bir görüş Azərbaycanda prezident seçkisindən əvvəl ağlabatan görünmür.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasındakı müavini Gevork Papoyan deyib.

Azatutyun xatırladır ki, Azərbaycan və Ermənistan liderlərinin son üzbəüz görüşündən keçən 6 ayda Əliyev Qranada və Brüsseldə planlaşdırılan danışıqlardan imtina edib.

Ötən dekabrda Sankt Peterburqda keçirilən MDB sammitində iki liderin ayaqüstü görüşündən sonra Yerevanda sülhün yaxın olduğuna dair ümidlər canlanmışdı.

Lakin Papoyanın sözlərinə görə bu ilin əvvəllərində Əliyevin verdiyi bəyanatlar hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvlərini məyus edib.

Paşinyanın partiya müavini deyib ki, onda əvvəlki nikbinlikdən əsər-əlamət qalmayıb.

Tərəflər danışıqlara əks qütblərdən baxırlar

Papoyan deyib ki, aylardır davam edən müddətdə tərəflər sülh müqaviləsinə dair təkliflərin mübadiləsini ediblər. Ermənistan son təkliflərini Bakıya yanvarın 4-də təqdim edib.

Rəsmi Yerevan bəyan edib ki, Azərbaycanın son təklifində artıq razılaşdırılmış məsələlərdə də geriləmə var.

Azatutyun yazır ki, bir çox Ermənistan şərhçilərinin fikrincə Əliyevin son tələbləri hətta Qarabağdan erməni əhalisinin getməsindən sonra da tərəflərin danışıqlara tam əks qütblərdən baxdığını üzə çıxarıb.

Şərhçilər qeyd edirlər ki, indi Azərbaycan Ermənistandan təkcə “Zəngəzur dəhlizini” tələb etmir, həm də 44 günlük müharibədən sonra tutduğu ərazilərdən çəkilmək niyyətində olmadığını göstərir.

“Bizə 1960-cı ilin xəritəsi də məqbuldur”

Bundan başqa Azərbaycan prezidenti 1975-ci ilə aid xəritələrin delimitasiya üçün əsas götürülməsinə dair Yerevanın təklifini rədd edib. Əliyev bu məqsədlə konkret hansı xəritədən istifadə olunmalı olduğuna dair də fikir səsləndirməyib.

Papoyan bildirib ki, Yerevan prinsipcə hər hansı başqa xəritələri müzakirə etməkdən boyun qaçırmır, amma bu xəritələrin hüquqi əsası olmalıdır:

"Məsələn, ortaya 1960-cı ilin xəritəsi çıxsa, bunun da hüquqi əsası var və prinsipcə, bizim bununla bağlı problemimiz yoxdur. Lakin hər hansı xəritə təsdiq olunmuş olmalıdır. Azərbaycan SSR-in, Ermənistan SSR-in Ali Sovetləri və ya SSRİ Ali Soveti tərəfindən. Yəni xəritə həmin dövrün müəyyən bir nazirliyi tərəfindən çap edilmiş olmalıdır, yəni tarixçilər tərəfindən çəkilmiş xəritə yox, rəsmi sənəd olmalıdır”.

Azatutyun yazır ki, bir həftə əvvəl Əliyev demarkasiyadan danışarkən 1940-60-cı illərin xəritələrindən də söz açmışdı.

O bildirmişdi ki, həmin dövrdə Azərbaycanın torpaqları Ermənistana verilib:

“Yəni, siz 1960-cı, 1950-ci, 1940-cı illəri kənara qoyursunuz və məhz 1970-ci illərə istinad etmək istəyirsiniz. Məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi. Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Əfsuslar olsun ki, 1970-ci illərin xəritəsini, əsas götürmək istəyən təkcə Ermənistan deyil, onun yəni, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik”.

Müharibə xofu

Bu arada keçmiş prezident Levon Ter-Petrosyanın Erməni Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan yanvarın 16-da Azatutyuna deyib ki, Əliyev “Zəngəzur dəhlizi” ideyasından əl çəkməyib və onu zor işlətməklə açmağa hazırdır.

Zurabyan bildirib ki, “Əliyev yeni müharibəyə hazırlaşır”.

Siyasətçi deyib ki, baş nazir Nikol Paşinyan vəziyyəti öz gündəliyinə uyğun şəkildə təqdim etməyə çalışır:

“Bizim hakimiyyət beynəlxalq siyasətdə baş verənləri anlamır. Onlar gedən prosesləri və təhlükələri başa düşmürlər”.

Azərbaycan rəsmiləri bundan əvvəl Yerevanın bu sayaq bəyanatlarına cavab olaraq bildirib ki, Bakı Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhlizi güc tətbiq edərək açmaq niyyətində deyil.

Azərbaycan hakimiyyətinin nümayəndələri bunu da demişdilər ki, Bakının alternativ variantı var və yol İran ərazisi ilə də açıla bilər.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG