Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:00

Fazil Mustafa: “İslamda daş götürüb savaşmaqmı var?”


Fazil Mustafa
Fazil Mustafa

►Fazil Mustafa: “Başqa bir dövlətin maraqlarını təmsil edən qarışıqlıq ocağı yaranmasın”

Yenidən Milli Məclisin üzvü seçilmiş Fazil Mustafa AzadlıqRadiosunun suallarını cavablandırır:

- Fazil bəy, yeni parlamentdən gözləntiləriniz nədir?

- Heç bir yenilik gözləmirəm. Komitələrin müəyyən olunması, rəhbərliyin seçilməsi göstərir ki, parlament köhnə qaydada işləyəcək, heç bir yenilik olmayacaq. Düzdür, müəyyən komitələr yaradıldı, ancaq onlar heç də zərurətdən doğan anlayışla yaradılmadı. Çünki Qarabağ komitəsinin yaradılmasına zərurət var idi. Bu da baş vermədi.

- Yeni parlamentdə cəmiyyətin birbaşa inkişafına səbəb ola biləcək hansı qanunların qəbulunu gözləyirsiz?

- Ümid edərdim ki, iqtisadi sahədə, sahibkarlığın inkişafına əngəl olan məqamların ortadan qaldırılmasına daha çox diqqət yetirilsin. Rəqabət Məcəlləsinə diqqət yetirilməlidir. Bunlar olmasa, iqtisadi sahədə ədalətli biznes mühiti yaradılması mümkün olmayacaq. Daha çox bu istiqamətdə hansısa addımlar atılmasını gözləyirəm. Çünki ölkə prezidentinin bu istiqamətdə müəyyən addımlar atması qanunverici orqanı da bu sahədə işləməyə sövq etməlidir. Amma, dediyim kimi, yeni yanaşma olacağını da proqnozlaşdıra bilmirəm.

Buna da bax: Nardaranda son durum

Nardaranda öldürülən polislər dəfn edilir
Nardaranda öldürülən polislər dəfn edilir

- Fazil bəy, keçmiş MTN əməkdaşlarına qarşı irəli sürülən ittihamlar, neft gəlirlərinin azalması və bu kimi hallardan sonra, sizcə, parlament məmurlardan daha şəffaf hesabat tələb edəcəkmi?

- Düşünmürəm. Belə olsaydı, hüquq-mühafizə orqanlarına müəyyən dərəcədə nəzarət edən orqan və ya komitə yaradılsaydı, onda buna ümid etmək olardı.

- Fazil bəy, dünən (noyabrın 26-da-red.) Bakının Nardaran kəndində polis əməliyyat keçirib, ölən və yaralananlar var. Sizcə, baş verənləri necə izah etmək olar?

- Bütün hallarda burda həm qanunsuz dini fəaliyyətlə məşğul olan, həm də ki, ölkənin konstitusion quruluşuna təhdid yağdıran müəyyən cinayət qruplaşmaları var. Dövlətin onlara qarşı tədbir görməsi normaldır, cəmiyyət tərəfindən də dəstəklənir. Burda söhbət olayın köklərinin daha dərindən öyrənilməsi, problemin fundamental həllindən gedirsə, bunun bir az ümidverici olmadığı görünür. Çünki maarifçilik aşağıdır, bəzi adamları onların səmimiyyətindən istifadə edərək ayrı-ayrı dini cərəyanlara cəlb edirlər, sonra da onların sorağı Hizbullah və ya hansısa radikal qrupların tərkibində Suriyada və ya başqa ölkədəki savaşlardan gəlir. Mürəkkəb situasiyadır. Polisə qarşı müqavimət qınanmalıdır. Çünki polis dini siyasiləşdirmiş və təşkilatlanmış formada təhlükəyə çevrilən qruplara qarşı mübarizəsini davam etdirməlidir. Onların öldürülməsi yolverilməzdir və dövlət əlində olan vasitələrlə dinc əhaliyə, sakinlərə zərər vermədən belə cinayətkar qruplara qarşı mübarizə aparmalıdır.

Buna da bax: Məhkəmə Məmməd İbrahimlə bağlı qərarını açıqladı

Nardaranda polisə etiraz edənlər qəsəbədəki meydana toplaşırlar, 26 noyabr
Nardaranda polisə etiraz edənlər qəsəbədəki meydana toplaşırlar, 26 noyabr

- Sizcə, bu olayda dinc əhaliyə zərər vermədənmi mübarizə aparılıb? Hücum edilən evdə azyaşlının olduğu söylənir....

- Polis neyləsin? Fikir verirsizmi, orda bəzi insanlar dini ideologiyayla zəhərləndiriliblər. Ona görə də polisi qınamaq bir qədər çətindir, çünki silahlı müqavimətdən söhbət gedir. Kimsə sakit təslim olardısa, polis atəş açmazdı axı. Bu aqressivliyi cəmiyyətimizdən götürmək üçün müəyyən tədbirlərin görülməsi vacibdir ki, Azərbaycanda bir kəndin simasında başqa bir dövlətin maraqlarını təmsil edən qarışıqlıq ocağı yaranmasın.

- Nardaran camaatı deyir ki, atəş açan adamı tanımırlar.

- Bəs polisə atəş açan kimdir? İki polis ölüb. Onlar deyirlər ki, “müəyyən dərəcədə İslam qaydalarına əməl edirik”. İslam dinində əldə çubuq, daş götürüb, yandırıcı maddə götürüb savaşmaqmı var? İslam mötədil və cəmiyyət düzənini qoruyan dindir. Onların din anlayışı həddindən artıq barışmaz, radikal, başqa dini görüşə sahib olan insanlara nifrət aşılayan səviyyədə olduğuna görə, hökumətin də bunu təhlükə kimi qiymətləndirməyə əsası var. İnancı siyasətdən ayırmaq lazımdır. Adamlar da öz inanclarını siyasətdən kənar tutmaqla yaşamağı bacarmalıdır.

- Belə fikirlər də səsləndi ki, indiki həssas məqamda maraqlı qüvvələr ölkədə qarışıqlıq yaratmaq istəyir. Siz bunun izlərini görürsüzmü?

- Qarışıqlıq yaratmaq istəməyən adamlar polisə müqavimət göstərməzdi, izlər onda göründü. Demək ki, tapşırıq belədir: qarşıdurmaya gedin. Ona görə də mövqeyimiz bu olmalıdır ki, dini cəhalət formasında təqdim edənlərə qarşı Azərbaycan cəmiyyəti sərt davranacaq.

AzadlıqRadiosunun Youtube Kanalında izləyin:

XS
SM
MD
LG