Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:29

Google fəaliyyət tarixçənizi silməyə imkan yaradır


İnsanların maraq və zövqləri dəyişdiyi üçün Google-a daxil edilən məlumatlar da ömürlük qalmamalıdır.

Google axtarış və məkan məlumatlarının müəyyən müddətdən sonra avtomatik yoxa çıxmasını təmin etmək imkanı verirmiş. Bu haqda “The New York Times” qəzeti yazıb.

Google illərlə istifadəçilərin axtarış məlumatlarını pozmadan saxlayıb və toplayıb. Şirkət bunu istifadəçilərin detallı profilini yaratmaq, bununla da məhz onlar üçün biçilmiş kontent təklif edə bilməkdən ötrü edir.

Bu həm də marketoloqların istifadəçini daha asan hədəfləməsi üçündür. Google-un özündə bu axtarış məlumatlarını silmək alətlərinin olduğu çoxdan unudulub.

Şirkət bu ilin mayında istifadəçilərə axtarış, virtual köməkçiyə deyilən istəklər və məkan məlumatlarını avtomatik pozmaq imkanı verən yeni alətləri təqdim edib.

Fəaliyyət tarixçəniz silinəcək

Bir neçə həftə əvvəlsə Google məlumatları avtomatik pozma funksiyasını YouTube-a da aid etməyə başlayıb.

Qarşıdakı həftələrdə Google Maps əlavəsi ilə hər hansı məkanı gizli rejimdə axtarmaq mümkün olacaq. Gizli saxlamaq istədiyiniz yerə gedərkən bu funksiyadan faydalanmaq olar.

Necə etmək olar ki, Google-da axtarış tarixçəniz özü-özünə silinsin?

“The New York Times” yazır ki, Google-ın əksər yeni gizliliyə nəzarət düymələri “My Activity” adlı onlayn alətin içində yerləşdirilib. (myactivity.google.com.)

Bura daxil olub “Activity Controls”-u basanda qarşınıza “Web & App Activity” seçimi çıxacaq. Burada “Manage Activity” düyməsini, daha sonra təqvim işarəsinin altındakı düyməni basmaq lazımdır. Burada bir neçə Google məhsulundakı fəaliyyət tarixçənizi tənzimləyə bilərsiniz.

Beləliklə, Google sizin fəaliyyət tarixçənizi hər 6, yaxud 18 aydan sonra siləcək. “Bura Google.com-da edilən axtarışlar, Google Assistant-ə deyilən istəklər, Maps və Google Play-də etdiyiniz bütün axtarışlar daxildir”, – qəzet yazır.

YouTube-da isə axtarış və baxılan video tarixçəsini silmək mümkündür.

Elə həmin “My Activity” alətində “Activity controls”u basandan sonra “YouTube history” düyməsini axtarmaq lazımdır. “Manage history”-ni basandan sonra yuxarıdakına oxşar təqvim işarəsini görmək olur. Bu düymə də eyni qaydada məlumatların 3, yaxud 18 aydan sonra silinməsini təmin edir.

Incognito rejimi

Qarşıdakı həftələrdə Google Maps-də istifadəyə veriləcək Incognito rejimi məkan tarixçəsi yaratmadan axtarış etməyə imkan verəcək. Bu rejim həm də başqalarının sizin keçmiş axtarışlarınızı görməsinin qarşısını alacaq.

Bu rejimi işə salmaq üçün Google Maps əlavəsində, yuxarı sağ küncdə hesab işarəsini basin. Buradan “Turn on Incognito mode”u basmaq mümkündür.

Əgər çox həssas biznes məsələsini müzakirə etmək istəyirsinizsə, Incognito rejimi məkanın qeydə alınmasının qarşısını alacaq. Yaxud sevgilinizə sürpriz etmək, məsələn, gizlincə nişan üzüyü almaq istəyirsinizsə, bu funksiya köməyinizə gələ bilər.

Bəs məkan tarixçəsinin öz-özünə silinməsini necə təmin etmək olar? Bunun üçün yenə “My Activity” alətində “Activity controls”u basıb məkan tarixçəsinə (“Location history”) getmək, burada “Manage Activity” düyməsini basmaq lazımdır. Növbəti səhifədə qoza oxşayan işarəni tapıb “Automatically delete location history” düyməsini basmaqla 3, yaxud 18 aylıq axtarış tarixçəsinin özü-özünə silinməsini təmin etmək olar.

Google-un məkan tarixçənizi yaratmasını ümumiyyətlə istəmirsinizsə, bunun da çarəsi var: My Activity səhifəsinə daxil olub “Activity controls”u basıb, “Location history”-ni tapıb düyməni “off” vəziyyətinə gətirməlisiniz.

Qəzet yazır ki, Google bu alətləri təklif etməklə Facebook və Twitter kimi texnologiya nəhənglərini qabaqlayır.

XS
SM
MD
LG