Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:21

Gürcüstan müxalifəti qüsurlu seçkilərə ləng reaksiyaya görə tənqid olunur


Etiraz marşları sıravi vətəndaşlarda təəssürat oyatmayıb
Etiraz marşları sıravi vətəndaşlarda təəssürat oyatmayıb

Ötən ay keçirilmiş parlament seçkilərinin saxtalaşdırıldığını iddia edən Gürcüstan müxalifəti parlamentdə yerini tutmaqdan boyun qaçırır. Nəticələrlə razılaşmayan partiyalar onların ləğvini istəyir.

AzadlıqRadiosunun Tbilisidə çalışan müxbiri Coşua Kuçeranın analitik yazısında deyilir ki, müxalifət öz məqsədinə çatmaq üçün çox yavaş tərpənir.

Oktyabrın 26-da keçirilən seçkilərdə hakim "Gürcü arzusu" partiyası səslərin 54 faizini toplayaraq böyük qələbə qazanıb. Əməkdaşlıq edən dörd müxalif qüvvə isə 38 faiz səs yığa bilib. Sonrakı günlərdə müxalifət partiyaları gözlənildiyi qədər əzmkar və səfərbər ola bilmədi. Onlar oktyabrın 30-da öz tərəfdarlarını etirazlara çağıraraq fəaliyyət planlarını təqdim edəcəklərini bildirsələr də, etiraz aksiyası səsvermədən doqquz gün sonraya təyin edilmişdi.

Giorgi Vaşadze
Giorgi Vaşadze

"Bu tədbirləri hazırlamalıyıq"

"Bir çox insanın məyus olduğunu anlayıram. Hamı dərhal tədbir görülməsini istəyir", - "Aqmaşenebeli strategiyası" partiyasının rəhbəri Giorgi Vaşadze aksiyanın elan olunduğu mətbuat konfransından dərhal sonra AzadlıqRadiosuna müsahibəsində belə demiş və davamında söyləmişdi: "Ancaq biz bu tədbirləri hazırlamalıyıq. Bəzən nəyəsə hazır olub sonra başlamaq, nəyisə başladıb sonra qarışıqlıq doğurmaqdana daha yaxşıdır".

Di gəl, müxalifətin 4 noyabr mitinqində açıqladığı müəyyənlikdən uzaq plan bir çox tərəfdarda elə bir təəssürat oyatmadı. Partiya liderlərinin planı üç aşamadan ibarət idi: gürcüləri seçki saxtakarlığına dair sübutlar barədə bilgiləndirmək, digər ölkələri nəticələri tanımamağa inandırmaq və etiraz aksiyaları keçirmək. Deyilənlər öncəki günlər danışılanlardan çox da fərqlənmirdi.

Kimliyini açıqlamayan və təxminən 20 yaşlarındakı bir qadın etirazdan sonra belə demişdi: "Bizə bir plan gərəkirdi və onlar bu gün planı elan edəcəklərini söylədilər, amma gəldilər və heç nə elan etmədilər. Bu, adamın qanını qaraldır". Həmin qadın etiraz aksiyasına qatılanların say azlığını birləşmiş müxalifət liderlərinin olmaması ilə əlaqələndirib: "Düşünürəm ki, insanlar bu komanda ilə hər şeyin dəyişəcəyinə ümidlərini itiriblər".

Müxalifət hökumətdən seçkiləri sistematik şəkildə saxtalaşdırdığı üçün nəticələrin ləvğini tələb edir. Səslərin satın alınması, eyni adamın dəfələrlə səs verməsi, seçki məxfiliyinin pozulması və s. barədə söz-söhbət çox yayılsa da, baş verənlərin bir mərkəzdən yönəldilməklə sonuclara təsirini sübut etmək çətindir.

Gürcüstan Rusiyaya qucaq açır? - Seçkidən sonra qeyri-müəyyən durum
Gözlə

No media source currently available

0:00 0:04:50 0:00

Sübut yükünü daşımağın çətinliyi

"Bütün ölkəboyu bu sübut yükünü müxalifətin daşıması daha çətindir", - Beynəlxalq Respublikaçılar İnstitutunun Gürcüstan üzrə proqram direktoru Con Dipirronun sözləridir.

Müxalifət liderləri seçki saxtakarlığı ittihamlarını araşdıracaq beynəlxalq missiya sorağındadır. Ancaq belə missiyaların fəaliyyəti Gürcüstan hökumətinin razılığını tələb edir. Qərb ölkələri hökumətə güclü bir stimul verməsə, sonuncular da missiyanın fəaliyyətinə icazə verməyəcək.

"Qərb yetərli sübut olmadan addım atmaq istəmir, müxalifətsə sübutları əldə edə bilmir, bundan ötrü Qərbin sonucları dəyərləndirilməsi və hökumətə basqı göstərməsi gərəkdir", - yenə Dipirro belə deyib.

Avropalı diplomatlar Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelə istinadən deyirlər ki, beynəlxalq müşahidəçilər seçkilərin azad və ədalətli keçdiyini saymasalar da, saxtalaşdırıldığı qənaətinə də gəlməyiblər. Deməli, nə baş verdiyini, pozuntuların həcmini və nəticələrə necə təsir göstərdiyini müəyyənləşdirmək üçün araşdırma aparılmalıdır.

"Bu, Brüsselin necə reaksiya verəcəyinə tam əmin olmadığı bir məsələdir", - AzadlıqRadiosunun redaktoru Rikard Yozvyakın sözləridir.

Məsələ ilə bağlı Gürcüstan müxalifəti arasında da parçalanma baş verib. 4 noyabr etirazlarına qatılmayan "Gürcüstan naminə" partiyası getdikcə digər partiyalardan uzaqlaşır. Onun lideri Giorgi Qaxariya pozuntuları araşdırmaq üçün məntəqələrdə seçicilərin qeydiyyatını aparan maşınların "bitərəf və obyektiv" platformaya verilməsini istəyib.

Şalva Papuaşvili
Şalva Papuaşvili

"Gürcü arzusu" seçkilərin artıq keçmişdə qaldığını düşünür

Parlamentin spikeri Şalva Papuaşvili baş verənləri 2020-ci ilin seçkilərsonrası durumu ilə müqayisə edib. Müxalifət o vaxtda da seçki sonuclarını tanımaqdan boyun qaçırır, etiraz nümayişləri keçirirdi. Parlamentdə yerlərini də ancaq Aİ vasitəçiliyi ilə əldə olunan kompromisdən sonra tutmuşdu: "İndi isə bu, bir komediya kimi təkrarlanır. Aktyorlar da eynidir, səhnələşdirmənin rejissoru da".

Bir neçə müxalifət liderinin etiraz marşı sıravi vətəndaşlarda təəssürat oyatmayıb. Etirazı seyr edən adi vətəndaşlardan biri müxalifət partiyalarını dəstəkləyən Qərbi suçlayıb: "ABŞ və Qərb anlamır ki, bu müxalifət heç vaxt qalib gələ bilməz? Onlar populyar deyil". Ardınca da belə söyləyib: "Heç xoşuma gəlmir başqaları işimizə burunlarını soxub, nəyi necə etməyi bizə deyəndə. Birtəhər özümüz yoluna qoyarıq".

XS
SM
MD
LG