Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 22:33

Həbs olunan diş həkimi: '17 min dolları küçəyə tulladım...'


Dollar
Dollar

Bakıdakı klinikalardan birində diş həkimi işləyən Araz Niftəliyev hakim önünə çıxarılıb. O, narkotik maddələrin satışında suçlanır. İddia olunur ki, diş həkimi 1.5 kiloqram heroini, 200 qramdan çox metamfetamini satanda saxlanılıb.

A.Niftəliyev özü isə ona böhtan atıldığını deyir. Bildirir ki, onu şərləyiblər, zorakılıqla ondan etiraf ifadəsi alıblar.

Diş həkimini Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıb. Onlar məhkəmədə ifadə verəndə danışıblar ki, «doktor» ləqəbiylə bir nəfərin narkotik satışıyla məşğul olması barədə məlumat alıblar. Detalları müəyyənləşdirib, əməliyyat hazırlayıblar. Tanıdıqları bir adamı həkimin yanına göndərib, pulu alıb, narkotik olan bağlamanı verəndə A.Niftəliyevi saxlayıblar.

«Pulu alıb sayanda tutduq»

«Məlumat almışdıq ki, İran vətəndaşı, Azərbaycanda diş həkimi kimi fəaliyyət göstərən şəxs narkotik satışıyla məşğul olur. Hal şahidləri ilə birlikdə onun işlədiyi klinikanın qarşısına getdik. Orada şərti alıcı ona yaxınlaşdı. Araz Niftəliyev klinikaya gedib, bağlama ilə çıxdı, pulu alıb sayanda tutduq», – Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı Fikrət Nəsibov belə deyib.

İdarənin başqa bir polkovniki Şirəli Babayev də oxşar ifadə verib.

Ancaq təqsirləndirilən həkim polislərin yalan danışdığını iddia edir. Bildirir ki, ondan narkotik aldığı iddia olunan Cavidi əvvəldən tanıyırdı, atasının müalicəsinə kömək etmişdi. Həkimin sözlərinə görə, Cavid deyib ki, İrandan onun üçün bağlama – sovqat göndəriblər: «İçində şirniyyat var idi. Bağlamanı götürəndən bir neçə dəqiqə sonra polislər gəldi. Məni saxlayanda 17 min dolları da verdilər, dedilər ki, bu pul da sənindir. Bildirdilər ki, idarəyə gedəndən sonra pulla bağlı məsələ də aydınlaşacaq. Yəni idarəyə qədər pul məndə qalmalıdır.


Məni maşına mindirəndə pulu tulladım. Dollar ətrafa səpələndi. Pullar havada uçurdu, orada olan adamlar da, polislər də toplayırdılar. Elə adamlar oldu ki, gətirib verdi. Bəziləri isə götürdü. İdarədə sayanda gördülər ki, pullarının üstündən təxminən 3 min dollar əskikdir».

Şahid Fərid Məmmədov da pulla bağlı söylədiklərini təsdiqləyir. Məhkəmədə danışıb ki, klinikanın yanından keçəndə səs-küy eşidib, diqqət yetirəndə adamların toplaşdığını görüb. Özü də ora yaxınlaşıb: «Ətrafda adamlar da vardı. Birdən gördüm ki, maşından dollar səpələndi. Ətrafda olanlar pulu yığmağa başladı. Pulu özünə götürən də oldu, yiyəsinə təhvil verən də...».

Bu işlə bağlı məhkəmə araşdırmaları davam edir.

XS
SM
MD
LG