Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:36

AŞPA-Azərbaycan əməkdaşlığı bərpa olunacaqmı... 21 il öncə başlanan 'ilk ailə sülaləsi' 


Prezident İlham Əliyev və oğlu Heydər Əliyev Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında
Prezident İlham Əliyev və oğlu Heydər Əliyev Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında

İsrail ötən həftənin sonunda Livanın cənubuna raket zərbələri ilə "Hizbullah" qruplaşmasının lideri Həsən Nəsrullahı və digər komandirləri qətlə yetirdi. Oktyabrın 1-də isə Livanda məhdud və lokal quru əməliyyatına başladığını elan etdi. İran baş verənlərə cavab olaraq İsrailə ballistik raket hücumu gerçəkləşdirdi.

Yaxın Şərqdə baş verənlər irimiqyaslı müharibənin alovlanması sarıdan narahatlığı artırıb.

"İsrail İrana daha dağıdıcı zərbə endirəcək", -- Beynəlxalq Böhran Qrupunda İran layihəsinin direktoru Əli Vaez deyib.

İran-İsrail qarşıdurması əslində Azərbaycana təhlükədirmi?

AzadlıqRadiosunun "Əslində" proqramı isə Yaxın Şərqdə baş verənləri, eskalasiyanın Azərbaycana təhlükəsini təhlil edib:

İran İsrailə qarşı: Böyük müharibə riski var
Gözlə

No media source currently available

0:00 0:08:47 0:00

AŞPA-da debat: "Yanlış tərəfə gedirlər"

Oktyabrın 1-də AŞPA-da Azərbaycanla bağlı müzakirələr keçirilib. Bu ilin yanvarında Azərbaycanın qurumdakı nümayəndə heyətinin mandatı təsdiqlənməyib, Bakının monitorinq proseduru ilə əməkdaşlıq etməməsi, qurumu 7 fevral prezident seçkisinə dəvət etməməsi əsas gətirilib. Buhəftəki debatda bəzi deputatlar Azərbaycanın mandatının təsdiqlənməməsini yanlış addım adlandırıb. Ancaq çıxış edənlərin əksəriyyəti isə Bakının qurumla əməkdaşlıq istiqamətində heç bir dəyişiklik baş vermədiyini deyib.

"Təəssüf ki, COP29-a yaxınlaşdığımız dövrdə baş verənlər yanlış istiqamətdə gedir"...

"Sentyabrın 1-də növbədənkənar parlament seçkiləri narazı səslərin davamlı repressiyası, ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarına artan qadağalar, siyasi fəallara, tənqidçilərə vətəndaş cəmiyyəti və media təmsilçilərinə təzyiqlər fonunda keçirilib". Debatda səslənən fikirlərdir.

Amma AŞPA tribunasında Azərbaycandan həm hökumət, həm də müxalifət təmsilçilərini dəvət edərək dialoqu dəstəkləmək təklifi də səslənib. Hakimiyyət təmsilçiləri AŞPA ilə əməkdaşlığın bərpası perspektivlərini necə görürlər? Rəsmi Bakı, hələlik, sözügedən müzakirələrə münasibət açıqlamayıb.

Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Hikmət Babaoğlu isə AŞPA-nın getdikcə "qeyri-ciddi" təşkilata çevrilməsindən təəssüfləndiyini bildirir. Deputat "Turan"a açıqlamasında deyib ki, qurum demokratiyanın təməl prinsiplərini pozan hərəkətlərə yol verir: "AŞPA bir tərəfdən Azərbaycanın qurumda iştirakına qarşı qərar qəbul edir, digər tərəfdən birtərəfli qaydada Azərbaycanla bağlı müzakirələr təşkil edir. Bu, həm AŞPA-nın nizamnamə prinsiplərinə, həm də demokratiyanın təməl prinsiplərinə ziddir. AŞPA getdikcə qlobal imperializmə alət olan Avropa QHT-sinə çevrilir. Guya insan hüquqları üzrə ixtisaslaşıb, amma hansısa dövlətə təzyiq üçün imperialist alət kimi çıxış edir. Tamamilə yanlış, yersiz, doğru olmayan məsələdir. Azərbaycanın qonşu dost ölkələri də buna etiraz etdilər. AŞPA-nın qərəzi ortadadır".

Deputat, eyni zamanda, Azərbaycanın demokratiya və insan hüquqları ilə bağlı mövcud Avropa institutları ilə əməkdaşlığa hazır olduğunu deyir: "AŞPA öz qeyri-demokratik, aqressiv mövqeyindən geri çəkilərsə, Azərbaycan yenidən AŞPA-da fəaliyyət göstərə bilər".

Prezident İlham Əliyev Strasburqda Avropa Şurası Parlament Assambleyasında çıxış edir
Prezident İlham Əliyev Strasburqda Avropa Şurası Parlament Assambleyasında çıxış edir

Məruzəçi Liz Kristoffersen debatın yekununda deyib ki, Azərbaycan xalqının maraqları naminə Avropa Şurasının bütün institutlarının qatıldığı daha faydalı dialoq qurulmalıdır: "Baş katibimiz artıq bəzi təşəbbüslər irəli sürüb. Vətəndaş cəmiyyətindən Avropa Şurasına mesaj aydındır. Bir neçə siyasi məhbusu azadlığa buraxmaq yetərli deyil. Siyasi partiyalara, QHT-lərə və mediaya qarşı məhdudlaşdırıcı qanunları dəyişdirmək üçün icbari fəaliyyət planı qurulmalıdır".

Helsinki Komissiyasının tövsiyəsi

Həftənin diqqətçəkən daha bir olayı ABŞ-nin Helsinki Komissiyasının açıqladığı hesabat oldu. ABŞ-nin hər iki siyasi partiyasının təmsil olunduğu komissiya hesab edir ki, Birləşmiş Ştatlar Rusiya ilə "uzunmüddətli" qarşıdurmaya hazırlaşmalıdır və bu konfrontasiya prezident Vladimir Putin siyasi səhnədən getməyincə bitməyəcək. Hesabatda deyilir ki, Cənubi Qafqaz "tarixinin ən həlledici anını yaşayır" və Birləşmiş Ştatlar Cənubi Qafqaza yanaşmasına yenidən baxmalıdır: "On illərdir ABŞ siyasəti nisbətən sadə anlayışa əsaslanıb: Ermənistan Rusiyanın dönməz müttəfiqi, Gürcüstan qətiyyətli qərbpərəst tərəfdaş, Azərbaycan isə əlaqələrini Qərblə Rusiya arasında balanslaşdıran çoxvektorlu dövlət sayılıb. Ancaq son hadisələr bu fikirləri alt-üst edib, daha mürəkkəb və dəyişkən geosiyasi mənzərəni üzə çıxarıb".

Bəzi tənqidçilər son dövrlər Azərbaycanın Qərbdən uzaqlaşdığını, getdikcə avtoritar düşərgədə yerini möhkəmlətdiyini deyirlər. Rəsmi Bakı son illər Qərbin tənqidlərini özünün ərazi bütövlüyünü bərpa etməsinə bağlayır, 30 il ərzində torpaqlarının işğal altında qalmasına göz yuman Qərb təşkilatlarını "qərəzli" adlandırır. Ancaq Azərbaycanın balanslı siyasətinə hələ də sadiq qaldığını, regiondakı vəziyyətə uyğun olaraq manevr etdiyini deyənlər də var.

Bu arada prezident Əliyevin Rusiyadan qonaqları da əskik olmur. Helsinki Komissiyasının barəsində xəbərdarlıq səsləndirdiyi Putin avqustun ortasında Bakıda qonaqpərvərliklə qarşılanıb, liderlərin səmimi fotoları dünya mediasına çıxıb.

Bu həftə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey NarışkinBakıya səfər edib. Rəsmi media bu səfər haqda heç bir informasiya yaymayıb. Ancaq SVR-nin məlumatına görə, S.Narışkin Bakıda keçirdiyi görüşlərdə xaricdə anti-Rusiya və anti-Azərbaycan xarakterli təxribatçı aksiyaları vaxtında aşkarlamaq və önləməkdən danışıb. "Xarici xüsusi xidmətlərin Rusiya və Azərbaycanda ictimai-siyasi sabitsizlik yaratmaq məqsədilə sistemsiz müxalifətdən və beynəlxalq terrorçu təşkilatlardan istifadəsinə qarşı" birgə səylər də müzakirə olunub.

Heydər Əliyev ilk dəfə yüksək səviyyəli iqtisadi müşavirədə iştirak edib
Heydər Əliyev ilk dəfə yüksək səviyyəli iqtisadi müşavirədə iştirak edib

İkinci varis planı?

Prezident Əliyevin oğlu Heydər Əliyevin son bir həftədə bəzi tədbirlərdə görünməsi sosial mediada müzakirələr yaradıb. O, ötən həftə iqtisadi məsələlərə həsr olunmuş iclasda anası, Birinci vitse-prezident Mehriban Əliyevanın yanında əyləşib. Bu həftə isə atası ilə birlikdə Aşıq Ələsgərin heykəlinin açılışında görüntülənib.

H.Əliyevin hökumətdə hansısa vəzifə tutması indiyədək ictimaiyyətə açıqlanmayıb deyə, onun hökumətin iclasına qatılması birmənalı qarşılanmayıb. Bəzi müxalifət qüvvələrini birləşdirən Milli Şuranın sədri Cəmil Həsənli sosial şəbəkədə yazıb: "Vaxtilə Rza şah da hökumət iclasları, dövlət tədbirləri keçirəndə oğlu Məhəmməd Rza şahı yanında oturdurdu. Ancaq İran şahənşahlıq - rəsmən monarxiya idi".

"III Respublika Platforması"nın həmtəsisçisi, qaçaqmalçılıq ittihamı ilə həbsdə olan Akif Qurbanov Bakı İstintaq Təcridxanasından göndərdiyi məktubda yazıb ki, artıq II Heydər Əliyev planının gerçəkləşməsinə start verilib. Qurbanov qeyd edir ki, İ.Əliyev hakimiyyəti o qədər güclü olsaydı, varis planını dərhal yerinə yetirərdi: "Göründüyü kimi, alışdıra-alışdıra etməyə çalışır. Buna mane ola biləcək insanlardan qorxur. Cəmiyyətin reaksiyasını yoxlayacaq, narahat olduğu məqamları yoluna qoymağa çalışacaq, sizlərin arasından yalançı vədlərlə "müttəfiqlər" tapmağa çalışacaq. Bir sözlə, özünə ictimai legitimlik qazanmaq istəyəcək".

Prezident Əliyev hakimiyyətə 2003-cü ildə atası xəstə yatağında olarkən gəlib. Həmin ilin avqustunda Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İ.Əliyev baş nazir təyin edildi. Bundan öncə Konstitusiyaya dəyişiklik edilmiş, prezidentdən sonra dövlətdə ikinci şəxs statusu parlament sədrindən alınaraq baş nazirə verilmişdi. Onda da müxalifət Konstitusiyaya bu dəyişikliyi varis planının tərkibi sayırdı.

İlham Əliyev baş nazir təyin edilir- [Arxiv görüntülər]
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

"The Washington Post" qəzeti isə 2003-cü il avqustun 9-da yazırdı ki, bu, Sovet İttifaqının çöküşündən sonra ortaya çıxan ilk ailə sülaləsidir, hakimiyyətin atadan oğula ötürülməsi ehtiyatla aparılan kampaniya ilə gerçəkləşdirilir. Qəzet vurğulayırdı ki, ata Əliyevin hakimiyyəti dövründə Azərbaycanın adı demokratiya, özü avtokratiya olub: "İndi isə siyasi müxalifət onun oğlunun hakimiyyətə gəlməsini monarxiyanın başlanğıcı sayırlar".

İ.Əliyev 2009-cı ildə Konstitusiyaya ikinci dəfə dəyişiklik edərək bir nəfərin ardıcıl iki dəfə prezident seçilməsinə məhdudiyyəti aradan qaldırıb, 2016-cı ildə vitse-prezident postu yaradılıb və həyat yoldaşı M.Əliyevanı həmin vəzifəyə təyin edib.

Hakimiyyət insan haqlarına dair tənqidləri qəbul etmir. Ancaq Azərbaycan beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında "qeyri-azad" ölkə kateqoriyasındadır. Bundan sonra ölkədə demokratiya, insan haqlarının durumunda yaxşılaşma gözləmək olarmı? Azərbaycanın çoxvektorlu siyasətində kəskin dönüş baş verəcəkmi? Bunu zaman göstərəcək.

İndiliksə hakimiyyət xaricdən gələn risklərə, daxili təhlükəsizliyin qorunmasına vurğu edir.

Azərbaycan əslində sərhədlərini niyə qapalı saxlayır?

Ölkənin quru sərhədləri gələn il yanvarın 1-dək bağlı qalacaq və prezident Əliyev bu tədbirin ölkəni xaricdən gələn təhlükələrdən qorumaq məqsədilə edildiyini deyir. Söhbət hansı risklərdən gedir, "Əslində" verilişi bu mövzunu araşdırıb:

Sərhədlərin qapalı qalması Azərbaycanı əslində hansı 'təhlükə və fəlakət'lərdən qoruyub?
Gözlə

No media source currently available

0:00 0:10:43 0:00

XS
SM
MD
LG