Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 17:45

İmişlidə müharibə iştirakçıları etiraz edib


Taleh Tapdıqov
Taleh Tapdıqov

Avqustun 11-də İmişli rayon mərkəzində bir qrup Qarabağ müharibəsi veteranının aksiya keçirməyə cəhd etdiyi bildirilir.

Avqustun 11-də İmişli rayon mərkəzində bir qrup Qarabağ müharibəsi veteranının aksiya keçirməyə cəhd etdiyi bildirilir. Onların İmişli rayon İcra Hakimiyyətinin inzibati binası önünə toplaşaraq narazılıqlarını dilə gətirdikləri söylənir.

Bu barədə AzadlıqRadiosuna danışan Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi İmişli rayon şöbəsinin sədri Taleh Tapdıqovun sözlərinə görə, etiraza müharibə veteranlarının sosial problemlərinə yerli icra orqanlarının laqeyd münasibəti səbəb olub:

“Veteranlarla maraqlanan yoxdur. Əksəriyyəti də gəncdir. Onlar nə iş tapa bilir, nə də müharibə zamanı pozulmuş sağlamlıqlarını bərpa etdirə bilirlər. Yerli icra məmurları da artıq onları qəbul etmək istəmirlər. Mənim bu aksiyaya müdaxiləm baş verə biləcək xoşagəlməz halların qarşısını almaq məqsədi daşıyırdı. Dedim onların üstünə “dubinka”lı polis göndərməyin, qəbul edb dinləyin.”

“Ağzımı sapla tikib, icra hakimiyyətinin qarşısına getdim”

Tapdıqov bildirir ki, İmişli Рayon İcra Hakimiyyəti önündə baş tutan aksiya zamanı hadisə yerinə Qarabağ veteranlarından biri ağzını sapla tikərək, gəlib.

Deyilən həmin şəxslə - Muxtar Babaşovla əlaqə saxladıq. O, aclıq aksiyasına başladığını, hazırda da bunu davam etdirdiyini bildirdi:

“Əvvəlcədən hüquq-mühafizə orqanlarını yazılı surətdə xəbərdar etmişdim. Bildirmişəm ki, məni bu həddə yerli məşğulluq idarəsi çatdırıb. Müharibə bitəndən “Özünəməşğulluq” proqramına yazılmışam, hələ də iki baş inəyi verə bilmirlər. Buna görə bu gün ağzımı sapla tikib, icra hakimiyyətinin qarşsına getdim.”

“Onsuz da evdə yeməyə heç nəyimiz yoxdur”

Babaşov bildirir ki, İmişli Rayon Polis Şöbəsinin rəisi Füzuli Şixəliyevin təkidli xahişini nəzərə alaraq icra başçısı Elçin Rzayevlə söhbət etməyə razı olub:

“Məşğulluq idarəsinin müdirini də ora çağırmışdılar. Dedim daha bu adama inanmıram. İcra başçısı öz adından mənə söz verdi ki, ayın sonunadək bu məsələlər yoluna qoyulacaq. Gözləyirəm. Ağzımın sapını söksəm də, aclıq aksiyam davam edir. Onsuz da evdə yeməyə heç nəyimiz yoxdur.”

Azərbaycan Prezidentinin 2016-cı il aprelin 7-də imzaladığı “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən ölkədə özünüməşğulluq proqramı həyata keçirilir.Bu proqram çərçivəsində əsasən işsiz insanlar əvəzsiz mal-qara ilə təmin edilir.

“Bunu “aksiya” adlandırmaq doğru deyil”

İmişli rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İltizam Quliyev deyilənlərlə bağlı bunları söyləyib:

“Bunu “aksiya” adlandırmaq doğru deyil. Cəmi 3 nəfər müharibə iştirakçısı icra başçısı tərəfindən qəbul edilməyini istəyirdi. Cənab başçı da onları qəbul edib dinlədi. Hər üçünün problemi məşğulluqla bağlı idi. Elə özlərinin yanındaca nazirliklə danışıldı. Ötən ildən “Özünüməşğulluq” proqramının icrası dayandırılmışdı. Cəmi üç həftə olar ki, aktivlərin verilməsinə başlanılıb. Güman edirəm çox qısa müddətdə imtiyazlı şəxslərə bu aktivlər növbədənkənar olaraq veriləcək.”

“Əksəriyyəti işlə, hər cür dövlət qayğısı ilə əhatə olunub”

Quliyev yerli icra hakimiyyətinin veteranların məşğulluq və müalicə problemlərinə həssaslıqla yanaşıldığını deyir:

“Onların əksəriyyəti işlə, hər cür dövlət qayğısı ilə əhatə olunub. Biz tez-tez, xüsusilə əlamətdar günlərin hamısında gedib onları evlərində yoluxuruq. Rayon mərkəzi xəstəxanasında onların operativ qəbulu üçün ayrıca tibb işçiləri təyin edilib. Bəzi qaziləri öz avtomobillərimizlə Bakıya aparırıq. Yəni demək istəyirəm ki, vəzifə funksiyamıza aid olmayan işləri də görürük.”

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli Məşğulluq idarəsinin rəhbəri ilə isə danışmaq mümkün olmayıb.

Amma nazirlik rəsmiləri bir qayda olaraq vurğulayırlar ki, özünüməşğulluq proqramında daha çox müharibə veteranlarına üstünlük verirlər.

XS
SM
MD
LG