Xəbərlər
‘Tərtər işi’ndə həbs olunanların azadlığı istənib
İyulun 25-də “Tərtər işi” üzrə həbs olunmuş bəzi hərbçilərin bir çox yaxınları Bakıda Baş Prokurorluğun inzibati binasının qarşısında etiraz aksiyası keçiriblər
Bugün, iyulun 25-də “Tərtər işi” üzrə həbs olunmuş bəzi hərbçilərin bir çox yaxınları Bakıda Baş Prokurorluğun inzibati binasının qarşısında etiraz aksiyası keçiriblər.
Onlar həbs olunmuş yaxınlarının azadlığa buraxılmasını tələb ediblər.
"Uşaqlarımıza günahsız yerə 18-20 il həbs veriblər. Onların günahı yoxdur. Deyirlər ki, “Tərtər işi” yenidən araşdırılır, 8 ay keçib, amma biz bunun nəticəsini yenə də görmürük. İşgəncə verən insanlar və buna sifariş verənlər hələ də həbs olunmayıb. İstintaq müəyyən etməlidir ki, onlar hansı ölkəyə xidmət edirlər", - deyə aksiya iştirakçılarından biri vurğulayıb.
Aksiya iştirakçıları iş üzrə istintaq qrupunun rəhbərinin onları qəbul etməsini istəyiblər. Daha sonra onlardan bəziləri qəbula aparılıb.
Aksiya zamanı insident baş verməyib. Hələlik, orada səslənən fikrirlərə Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb.
“Tərtər işi” üzrə həbs olunmuş hərbçilərin yaxınları bundan əvvəl də Bakıda müxtəlif rəsmi qurumların qarşısında eyni tələblə aksiyalar keçiriblər. Onlara şikayətlərinin araşdırıldığı cavabı verilib.
2021-ci ilin dekabrında Baş Prokurorluq “Tərtər işi” üzrə istintaqın bərpa edildiyini açıqlayıb. Prokurorluq sonra da məlumat yaymışdı ki, iş üzrə işgəncə şikayətləri ilə bağlı yeni həbs edilənlər var və zərərçəkənlərin sayı xeyli artıb.
Xatırlatma
2017-ci il mayın 7-də Azərbaycanın hüquq-mühafizə orqanları bildirdilər ki, Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib.
Sonradan bir sıra media orqanları bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yaydı.
Baş Prokurorluq da həmin iddiaların yer aldığı bəzi saytların rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq verdi.
Müdafiə tərəfinin açıqlamalarına görə, tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər.
Saxlanan hərbi qulluqçuların yaxınları deyirdilər ki, sonradan işgəncə verilməsinə görə də mühakimə edilənlər olub. Üstəlik, işgəncə nəticəsində ölənlərin bəzilərinə də sonradan bəraət verildiyi vurğulanırdı. (Hüquq müdafiəçiləri ölənlərin sayının 10-dan çox olduğunu bildirirlər. Amma bu, rəsmən təsdiqlənməyib)
Bütün xəbərləri izləyin
Yaxınları jurnalistlərin həbsdə təzyiqlə üzləşdiklərini deyirlər
Noyabrın 16-da ailəsi 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan “Abzas Media” nəşrinin redaktoru Sevinc Vaqifqızı ilə görüşüb.
Ailədən AzadlıqRadiosuna verilən məlumata görə, görüş zamanı jurnalistin qolunda zorakılıq izləri görülüb:
“Biləyinin iç tərəfi yumurta boyda göyərib. Həmin əlinin baş barmağının iç damarı partlayıb...Həmçinin, Nərgiz Absalamova və Elnarə Qasımivanın da əlində zədə olduğu deyilir. Yəni, hər üç məhbus jurnalistə də xəsarət yetirildiyi bildirilir”.
Ailədən deyilənə görə, S.Vaqifqızı hadisənin noyabrın 15-də axşam baş verdiyini bildirib: "Deyilənə görə, Nərgiz Absalamova öz kamerasının nəfəsliyi önündə dayanıbmış. Bu zaman bir nəzarətçi ona yaxınlaşaraq hərəkətinin qanunsuz olduğunu deyib və qapının yanından getməsini istəyib. Nərgiz də ona deyib ki, mən öz kameramın qapısı ağzında dayanmışam, burada qanunsuz nə var? Bu zaman nəzarətçi Nərgizi təhqir edib. Aralarında mübahisə yaranıb və səs-küy digər kameralardan da eşidilib. Sevinc də etiraz edib. Bu zaman gəlib bütün kameraların nəfəsliyini bağlayıblar”.
Ailəsinin vurğulamasına görə, Sevinc Vaqifqızı söyləyib ki, kamera yoldaşlarından biri epilepsiya xəstəsidir, eyni zamanda, digər kamerada hamilə qadın var: "Nəfəslik bağlandıqdan sonra içəridə havasızlıq yaranıb və epilepsiyadan əziyyət çəkən qadının vəziyyəti pisləşib. Bu zaman Sevinc Vaqifqızı “nəfəsliyi açın” deyə qışqırmağa və qapını döyməyə başlayıb. Digər kameradakı dustaqlar da qapıları döyməyə başlayıblar. Bundan sonra bir nəzarətçi nəfəsliyi açıb “nə olub” deyib. Həmin an Sevinc əlini nəfəsliyin arasına salıb ki, təkrar bağlamasın. Deməsinə görə, nəzarətçi qəsdən nəfəsliyi bağlayaraq Sevincin əlini arakəsmədə sıxıb”.
Elə həmin vaxtda “Abzas Media” işi üzrə həbs edilən digər jurnalistlərdən Elnarə Qasımova və Nərgiz Absalamovaya da təzyiq edildiyi bildirilir. Yaxınlarının verdiyi məlumata görə, hələlik, vəkillərinin jurnalistlərlə görüşmək təşbbüsləri isə nəticə verməyib.
Bütün bu açıqlamalara, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
14 noyabr
Yaxınları "Abzas Media" işi ilə bağlı həbsdə olan jurnalistlərin təzyiqlə üzləşdiklərini deyirlər. Onların məlumatına görə, Nərgiz Absalamova saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında noyabrın 14-də bir nəzarətçinin təhqirinə məruz qalıb. Yaxınlarının vurğulamasına görə, həmin gün axşam vaxtı digər nəzarətçi N.Absalamovanı təhqir edib və qolundan xəsarət yetirib.
Onların həmçinin vurğuladığına görə, noyabrın 15-də bir qrup məhbus N.Absalamova və digərlərinə təzyiq etməyə çalışıb: "Sevinc Vaqifqızı ilə Elnarə Qasımova isə buna etiraz ediblər və qarşılığında onlar da nəzarətçilərin təzyiqinə məruz qalıblar".
Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
Yaxınları bundan əvvəl isə "Abzas Media" işində həbsdə olan jurnalistlərə telefon və görüşlə bağlı məhdudiyyətlər qoyulduğunu açıqlamışdılar.
13 noyabr
Həbsdə olan jurnalistlərin yaxınlarından şikayət var
"Abzas Media" işi üzrə həbs olunmuş jurnalistlərin yaxınları ilə telefon danışıqlarının məhdudlaşdırıldığı deyilir.
Onlayn nəşrin həbsdəki baş redaktoru Sevinc Vaqifqızının anası Ofeliya Məhərrəmovanın sözlərinə görə, qızı ilə telefon danışıqlarını 15 dəqiqədən 2 dəqiqəyə endiriblər: "Sevinc dedi ki, məhdudiyyət COP29-a görədir. Onlara deyilib ki, yaxınlarınız səsinizi eşidib sağ-salamat olduğunuzu bilsinlər, bəsdir".
Noyabrın 11-də Bakıda BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayıb. Bakı Olimpiya Stadionunda keçirilən tədbir noyabrın 22-nə kimi davam edəcək.
O.Məhərrəmova həmçinin qeyd edib ki, bundan əvvəl 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan qızı ilə görüşləri ləğv olunub.
"Abzas Media" isə bildirir ki, nəşrin həbs olunmuş digər jurnalistlərinin də telefon danışıqları 2 dəqiqəyə endirilib.
Hələlik, bu şikayətlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
"Abzas Media" işi ilə bağlı əvvəlcə ötən il noyabrın 21-də həmin nəşrin direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, daha sonra isə əlavə bir neçə şəxs həbs edilib. Onlara əvvəlcə qaçaqmalçılıq ittihamı verilib, sonra ittiham ağırlaşdırılıb. Həmin şəxslər ittihamları qəbul etmir və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
Noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd edilir.
1988-ci il noyabrın 17-də Bakının Lenin, indiki Azadlıq meydanında Qarabağla bağlı Azərbaycan SSR-ə SSRİ daxilində ərazi iddialarına etiraz olaraq mitinqlər başlayıb.
Az vaxt ərzində yüz minlərlə insan meydan hərəkatına qoşulub. Hərəkatın təşkilatçıları hesab ediblər ki, Kreml bu məsələdə qızışdırıcı və yanlış yol tutub. Fasiləsiz mitinqlər dekabrın 5-nə kimi davam edib və həmin gün sovet ordusunun sərt müdaxiləsi ilə dağıdılıb. Nümayişlərin təşkilatçıları və fəalları istintaqa cəlb edilib, bir çoxu həbs edilib. Lakin həbslər uzun sürməyib.
1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin (AXC) sədri Əbülfəz Elçibəyin prezident seçilməsindən sonra həmin gün rəsmi qaydada qeyd edilməyə başlayıb. Beləliklə, 1992-ci ildə noyabrın 17-si bayramlar sırasına salınıb və qeyri-iş günü elan edilib.
Ondan bir il əvvəl, 1991-ci ildə isə Azərbaycanda Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdi.
Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ildə qanunvericiliyə edilmiş dəyişikliklərə görə, artıq qeyri-iş günü deyil. Bəzi müxalifət qüvvələri bunu indiki hakimiyyətin Meydan hadisələrində iştirak etməməsi və qısqanclıq kimi dəyərləndirirlər. Hakimiyyət rəsmiləri isə belə dəyərləndirməni əsaslı saymır.
Beynəlxalq insan haqları təşkilatları Azərbaycan hakimiyyətini bir sıra təməl insan hüquq və azadlıqları kimi sərbəst toplaşma azadlığına da sərt məhdudiyyətlər qoyduğunu bildirir. Hakimiyyət isə tənqidləri qəbul etmir.
İsrail prezidenti də COP29-a gəlmir
İsrailin prezidenti İsaak Hersoq Bakıya COP29 iqlim konfransına gəlməyəcək. İsrail mediası yazır ki, bu qərar “vəziyyətin dəyərləndirilməsi” və “təhlükəsizlik səbəbləri”ndən qaynaqlanır.
“The Times of Israel” qəzeti prezidentin idarəsinin noyabrın 16-da bu qərarı açıqladığını yazır.
Noyabrın 11-də Bakıda başlamış tədbirdə İsrailin üç naziri və onlarla rəsmisi iştirak edir.
Son iki COP tədbirində olduğunu kimi, İsrailin pavilyonunda HƏMAS terror qruşplaşmasının Qəzzada saxladığı israilli girovlarla bağlı guşə olacağı bildirilir.
ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS ötən ilin oktyabrında İsrailə girərək 1200 nəfəri qətlə yetirib, azı 200 nəfəri girov götürüb. Bundan sonra İsrail Qəzzanı bombalamağa başlayıb. Bu münaqişədə 41 mindən çox fələstinli öldürülüb.
Bakıda BMT-nin COP29 iqlim dəyişikliyi konfransına, rəsmilərin dediyinə görə, 80 ölkə lideri qatılsa da, bir sıra aparıcı ölkələrin başçıları gəlməyiblər.
Fransanın ətraf mühit naziri Anyes Panye-Rünaşe də gələn həftə tədbirə qatılmaqdan imtina edib. O, qərarını Azərbaycan prezidenti İlham Əliyevin "qəbuledilməz" hücumları ilə əsaslandırıb.
Əliyev noyabrın 13-də COP29-dakı çıxışında Fransanı Yeni Kaledoniya daxil, dənizaşırı ərazilərdə cinayətlər və insan haqları pozuntularında ittiham edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə fransalın nazirin qərarını “yanlış” adlandırıb.
Fransa prezidenti Emmanuel Makron da Bakıya gəlməyən ölkə liderləri sırasındadır.
Bu həftə Argentina prezidenti Xavyer Mileyin ölkəsinin nümayəndə heyətini COP29 sammitindən geri çağırması barədə xəbər yayılıb. Bu qərar ölkənin BMT-nin iqlim danışıqlarında daha iştirak etməyəcəyi anlamına gəlir. Gələn həftə danışıqlarda saziş bağlanmalıdır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 22-nə kimi davam edəcək. COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
Bakıda COP29 tədbirində etiraz aksiyası olub
Heyvan haqları fəalı Kamran Məmmədli noyabrın 15-də Bakıda BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı etiraz aksiyası keçirib. O, üzərində "Sahibsiz itləri vurmağı dayandırın" yazılmış plakat qaldırıb.
Daha sonra K.Məmmədlini mühafizəçilər aparıb, hadisəni çəkən bəzi jurnalistlərə qarşı zorakılıq edildiyi deyilir. Jurnalistlərdən Xəyalə Ağayeva da bildirib ki, onu və həmkarı Aytac Tapdığı sürüyərək zor gücü ilə hansısa otağa aparıblar, sonra isə binadan kənara uzaqlaşdırıblar.
Məsələ ilə bağlı COP29 təşkilatçılarından münasibət öyrənmək mümkün olmayıb.
K.Məmmədli sonradan sərbəst buraxılıb. O, AzadlıqRadiosuna mühafizəçilərin onu ərazidən uzaqlaşdırdığını söyləyib: "Məni tualetə saldılar, bir saat- saat yarım orda saxladılar. Sonra beş-altı mühafizəçinin müşayiəti ilə maşına mindirib, aparıb "Ulduz" metrostansiyasının çıxışında sərbəst buraxdılar".
Azərbaycanda bundan əvvəl də fəallar Bakıda bir neçə dəfə toplaşaraq sahibsiz itlərin güllələnməsinə etirazlar etdiklərini açıqlayıblar. Onlar baş verənlərə görə hökumətin məsuliyyət daşıdığını bildirirlər. Amma rəsmi qurumlar sahibsiz itlərin güllələnməsi ilə bağlı məlumatları artıq təsdiq etmirlər. Bildirirlər ki, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunda sahibsiz heyvanların qısırlaşdırılması, quduzluğa qarşı peyvənd edilməsi və birkalanması ilə bağlı tez-tez aksiyalar keçirirlər.
Noyabrın 11-də Bakıda BMT-nin COP29 iqlim dəyişikliyi konfransı başlayıb. Bakı Olimpiya Stadionunda keçirilən tədbir noyabrın 22-nə kimi davam edəcək.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
Abxaziyada etirazçılar parlament binasına basqın edib [Video]
Gürcüstanın separatçı, Moskvanın dəstəklədiyi Abxaziya regionunda etirazçılar paytaxt Suxumidə yerli parlament binasının darvazasına basqın ediblər. Müxalifətin başçılıq etdiyi izdiham Moskva ilə qalmaqallı sazişin ləğvinə nail olmağa çalışır. Saziş bölgədə inşaat layihələrinə sərmayə yatırmaq hüququnun Rusiya şirkətlərinə verilməsini nəzərdə tutur.
Yerli media yazır ki, noyabrın 14-də baş verən etiraz sazişin ratifikasiyasını əngəlləyib.
Ancaq izdiham bununla dayanmayıb, qanunverici orqandan sazişin tamamilə ləğvinə səs verməsini tələb olunur.
"Qarşıdurma böyüyür, qan axıdılması riski yaranır", – "Nujnaya Qazeta" Telegram kanalı yazır.
Son həftələr regionda gərginlik artıb, müxalifət fəalları Rusiyanın region və onun iqtisadiyyatı üzərində dominantlığına son qoyulmasını tələb edirlər.
Abxaziya və Cənubi Osetiya 1990-cı illərin əvvəllərində Sovet İttifaqı dağılandan sonra Gürcüstandan ayrıldığını elan edib. Moskva 2008-ci ildə beşgünlük müharibədən sonra bu iki regionu tanıyıb.
Ölkələrin əksəriyyəti Abxaziyanı Gürcüstanın tərkib hissəsi kimi tanısa da, onun iqtisadiyyatı Moskvadan asılıdır, dövlət qulluqçularının maaşları, sakinlərin sosial ödənişləri Rusiyadan gəlir.
Hesabat: Beynəlxalq mühacirət səviyyəsi rekord həddə çatsa da, nəzarət altındadır
Ötən il İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrinə mühacirət rekord səviyyəyə çatıb. İƏİT-in 2024 il "Beynəlxalq mühacirət perspektivləri" hesabatında belə deyilir. Sayı 6.5 milyon civarında daimi yaşayan miqrantla yanaşı, müvəqqəti gələn mühacirlərin və sığınacaq axtaranların da sayı çoxalıb.
Belə iri mühacir axınının İƏİT ölkələrinin iqtisadiyyat və cəmiyyətinə təsiri oralarda rahatsızlıq doğurub. Mühacirləri qəbul edən ölkələrdə onların yönəldilməsi və sərhədə nəzarət siyasi gündəmin və builki seçkilərin başlıca mövzusuna çevrilib.
Ötən il daimi yaşayış icazəsi almaq üçün göndərilən 6.5 milyon müraciət inişildən 10 faiz, 2019-cu illə müqayisədə 28 faiz çoxdur.
Hesabat ilində təşkilatın üzv ölkələrində yaşayan 150 milyondan çox gəlmənin, az qala, üçdə biri ABŞ-ın payına düşüb. Elə sığınacaq üçün ən çox müraciət edilən ölkə də ABŞ-dır. Buradan 1 milyondan çox adam sığınacaq istəyib. Bu, qalan üzv ölkələrə toplam müraciət sayından çoxdur. 2023-cü ildə Venesuela (270 min), Kolumbiya (203 min), Suriya (171 min) və Əfqanıstan (150 min) vətəndaşları sığınacaqdan ötrü daha çox müraciət ediblər. Siyahıda onlardan sonra Haiti, Kuba, Türkiyə və Nikaraqua gəlir.
Rekord sayda mühacir Böyük Britaniya, Kanada, Fransa, Yaponiya və İsveçə üz tutsa da, Yeni Zelandiya, İsrail, İtaliya, Danimarka, Estoniya və Litvaya olan maraqlar səngiyib.
Putin Əliyevə zəng vurub
Noyabrın 15-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Azərbaycan prezidenti mətbuat xidmətinin məlumatına görə, tərəflər strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin hərtərəfli inkişafına dair qarşılıqlı maraqlarını bir daha ifadə ediblər.
"Müzakirə olunan məsələlərin icrası məqsədilə müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb", - məlumatda bildirilir.
2022-ci il fevralın 22-də Rusiya Federasiyası və Azərbaycan arasında "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb. Həmin sənəddə iki ölkə arasında siyasi, iqtisadi, maliyyə və daha bir çox sahələrdə əməkdaşlığın gücləndirilməsi vacib sayılır.
Son illər iki ölkə arasında ticarət dövriyyəsinin artdığı bildirilir.
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüz edəndən sonra Qərb ölkələri ona qarşı sanksiyaları genişləndirib. (2014-cü ildə Rusiya Ukraynanin Krim bölgəsini ilhaq edəndən sonra ona sanksiyalar tətbiq edilmişdi) Azərbaycan bu sanksiyalara qoşulmasa da Ukraynanın ərazi bütövlüyünü tanıyır.
Azərbaycanda dənizdə külək stansiyaları inşa olunacaq
COP29 çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətləri arasında Xəzər dənizində (Azərbaycan sektorunda) 3.5 giqavatlıq (GVt) külək elektrik enerjisi istehsalı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
SOCAR-ın yaydığı məlumata görə, layihə çərçivəsində Azərbaycanda dənizdə ilk külək stansiyaları inşa olacaq.
"Bu sənəd tərəflər arasında ötən il Naxçıvanda ümumi gücü 500 MVt olan bərpaolunan enerji mənbələri layihələrinin həyata keçirilməsi ilə bağlı tərəfdaşlığın genişləndirilməsinə xidmət edir", - açıqlamada vurğulanır.
Azərbaycan Energetika Nazirliyindən bildirilib ki, 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpaolunan enerjinin (günəş, külək, dalğa, su) payının 30 faizə çatdırılması hədəf kimi götürülüb: "Hazırda bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 milyard 687.8 milyon kilovat-saatdır. Bu da ümumi gücün 20.3 faizini təşkil edir".
13 noyabr
SOCAR-ın COP29-da qaz razılaşması imzaladığı bildirilir
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Slovakiyanın "Slovenský Plynárenský Priemysel" (SPP) ən iri qaz operatorunun noyabrın 13-də qısamüddətli pilot müqavilə imzaladıqları bildirilir.
Bu barədə "Turan" Slovakiya tərəfinə istinadla məlumat yayıb. Amma SOCAR bununla bağlı hər hansı məlumat verməyib.
Müqavilənin detalları, o cümlədən həcm və tədarük cədvəlinə dair məlumatlar da açıqlanmır.
2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz ixrac edib və 2024-cü ildə bu həcmi 12 milyard kubmetrə çatdırmağı planlaşdırır.
Bu razılaşma Avropa Parlamentində Avropa İttifaqını (Aİ) Azərbaycan qazından asılılığa son qoymağa çağıran qətnamənin qəbulundan təqribən bir ay sonra əldə edilib.
Avropa Parlamentinin üzvləri Avropa Komissiyasından Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq haqda 2022-ci ilin Anlaşma Memorandumunu dayandırmağı xahiş edirdilər.
Bakıda yaşıl enerji ilə bağlı əməkdaşlıq sənədləri imzalanıb
Noyabrın 13-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub.
AZƏRTAC-ın xəbərinə görə, onlar "...yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalayıblar.
Daha sonra Azərbaycan, Qazaxıstan, Özbəkistan, Səudiyyə Ərəbistanı Krallığının "Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə... energetika nazirlikləri arasında İcra Proqramı"nın imzalanması mərasimi olub.
Noyabrın 11-də Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayıb. Bakı Olimpiya Stadionunda keçirilən tədbir noyabrın 22-nə kimi davam edəcək.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
+++
COP29 ərəfəsində bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda insan haqları mövzusunu gündəmə gətiriblər. Həmin təşkilatlar ölkədə diqqəti siyasi məhbus sayılan şəxslərə yönəldərək onları azad etməklə bağlı çağırışlar səsləndiriblər. Azərbaycan hökumətinin təmsilçiləri isə belə açıqlamaları və bu yöndə səslənən tənqidləri qarayaxma kampaniyası sayırlar. Onlar ölkədə insan haqlarının pozulması ilə bağlı tənqidləri qəbul etmirlər.
Müxalifətdən tələblər...
Ölkə müxalifəti isə hökumət rəsmiləri ilə razılaşmırlar. Bugünlərdə müxalifətdə olan Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bəyanat yayaraq COP29 ərəfəsində bütün siyasi məhbusların azad olunmasını tələb edib. Onlardan başqa III Respublika Platforması da COP 29 ərəfəsində verdiyi bəyanatda insan haqları mövzusuna toxunub. Bildirilib ki, Azərbaycan siyasi səhnəsinin ilk və yeganə yaşıl gündəliyə malik siyasi təşkilatı olan Platformanın lideri Akif Qurbanov və Qurucu Heyət üzvü Ruslan İzzətli siyasi motivli cinayət işləri üzrə 2024-cü ilin martından etibarən haqsız yerə həbsdə saxlanılırlar.
Həmin şəxslər qaçaqmalçılıqda ittiham edilirlər və ittihamları qurama sayırlar.
"COP29 iştirakçıları iqlim siyasəti ilə insan hüquqlarının ayrılmaz beynəlxalq hüquq öhdəlikləri olduğu çərçivəsini real və praktik mənada qəbul etməli, müvafiq olaraq COP29 çərçivəsində addımlarını bu çərçivədə həyata keçirməlidir", - bəyanatda vurğulanır.
Azərbaycandakı müxalif qurumların açıqlamasına görə, hazırda ölkə həbsxanalarında 300 civarında siyasi məhbus var. Amma rəsmilər bunu qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.
Ukrayna Krasnodara çox sayda dron zərbəsi endirib
Noyabrın 15-də səhər saatlarında Ukrayna Rusiyanın Krasnodar bölgəsinə dronlarla hücum gerçəkləşdirib. Bu bilgini bölgənin qubernatoru Veniamin Kondratyev dilə gətirib.
Zərbənin Krımsk və Krasnoarmeysk şəhərlərinə tuş gəldiyini deyən qubernator bəlli zərər dəysə də, insanlar arasında tələfatın olmadığını söyləyib.
Hücumun mümkün hədəfinin Krımsk şəhərindəki hərbi hava qüvvələrinin bazası olduğu deyilir.
Rusiya Müdafiə Nazirliyi öz ərazisində və işğal edilmiş Krımda düşmənin 51 PUA-sını məhv etdiyini açıqlayıb. Bunların 36-sı Krasnodar bölgəsi üzərində vurulub.
Ukrayna rəsmiləri hücumla bağlı heç bir açıqlama verməyiblər.
Ukraynanın gerçəkləşdirdiyi bu hücum rusiyalıların Odessaya zərbə endirməsindən sonra baş tutub. Həmin zərbə nəticəsində biri qadın və biri uşaq olmaqla, azı, 10 nəfər yaralanıb. Üstəlik, on minlərlə sakin, doğum evi və məktəblər istiliksiz qalıb, bir yaşayış binası tam dağıdılıb, bir neçəsi də zədələnib.
Ukrayna havadan müdafiə sistemləri ölkənin üç bölgəsinə göndərilən 29 drondan 25-ni vurub.
Müharibə əleyhdarı rusiyalı aşpaz Belqradda ölü tapılıb
Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxiləsinə qarşı sərt tənqidləri ilə tanınan və Londonda restoran sahibi olan tanınmış rusiyalı aşpaz Aleksey Zimin Belqradda ölü tapılıb.
Belqrad Ali Prokurorluğu AzadlıqRadiosuna 53 yaşlı Ziminin ölümü barədə polisin məlumat verdiyini bildirib.
"Ölüm səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertiza və toksikoloji analiz təyin olunub", – prokurorluq açıqlayıb.
AzadlıqRadiosunun mənbələrdən aldığı məlumatlara görə, 1971-ci il təvəllüdlü xarici vətəndaşın cəsədi noyabrın 12-si axşam saatlarında Belqradın mərkəzi Vraçar rayonundakı bir mənzildə, üzərində aşkar şübhəli əlamətlər olmadan tapılıb.
Noyabrın 4-də Instaqram-dakı son paylaşımında Zimin noyabrın 7-də Belqraddakı bir klubda xüsusi şam yeməyi hazırlayacağını və Böyük Britaniyanın mədəniyyət tarixinə şəxsi baxışı - "Anqlomaniya" kitabını təqdim edəcəyini açıqlamışdı.
O, bir vaxtlar Rusiyanın NTV televiziyasında aşpazlıq verilişi aparırdı, lakin 2022-ci ilin fevralında Putinin Ukraynaya təcavüzündən sonra sosial mediada müharibə əleyhinə mesajlar paylaşdığı üçün veriliş dayandırılmışdı.
"Aparıcının müharibə əleyhinə mövqeyinə görə yeni seriyalar olmayacaq. Buna görə peşmanam? Xeyr. Peşmanam ki, sonda müharibəyə getdik. Müharibədə iştirak etmirəm, müharibə məndə iştirak edir", – o, həmin vaxt Instagram-da yazmışdı.
Zimin Londonda "Zima" adlı bir rus restoranını işlədirdi və eyniadlı jurnal nəşr edirdi.
Sosial şəbəkədə Putin əleyhinə yazan teatr rejissoruna 8 il həbs cəzası kəsilib
Rusiya məhkəməsi teatr rejıssoru Anastasiya Berejinskayaya Vkontakte sosial şəbəkəsindəki hesabında Rusiyanın Ukraynaya hərbi müdaxiləsini qınadığı və prezident Vladimir Putini "öldürmək" və "aradan götürmək" məzmunlu paylaşımlar etdiyi üçün 8 il həbs cəzası verilib. Məhkəmə onu ordu barədə yanlış bilgilər yaymaqda və ordunun adına kölgə salmaqda da təqsirli sayıb.
Prokurorlar məhkəmədən rejıssoru 10 il azadlıqdan məhrum etməyi istəyiblər.
Məhkəmə zamanı ifadə verməkdən imtina edən 43 yaşlı Berejinskaya təqsirini qismən boynuna alıb.
Son sözündə o deyib ki, məhkəmənin istənilən hökmünü qəbul edəcək.
Məhkəmə prosesi gedərkən və daha öncə rejissora Moskvanı tərk etmək yasaqlanmışdı. O, hökm açıqlanınca həbs edilib.
8 və 10 yaşlı iki uşaq anası Berejınskayaya şəxsiyyət pozuntusu diaqnozu qoyulsa da, onun xəstəxanaya yerləşdirilməsi gərəksiz sayılıb.
Rusiya hakimiyyəti 2022-ci ildə Ukraynada başlatdığı hərbi təcavüzü ilə razılaşmayanların səslərini boğmaq üçün "ordu bərədə yanlış bilgilərin yayılması" və "adına kölgə salınması" ittihamlarından daha çox yararlanır.
Gürcüstan müxalifəti yeni parlamenti tərk edib
Gürcüstanın Avropayönümlü müxalifəti deputat mandatından imtina edərək yeni parlamentin tərkibindən çıxıb. Oktyabrın 26-da keçirilən mübahisəli seçkinin sonuclarını tanımayan müxalifət genişmiqyaslı pozuntulara və seçkinin Rusiya müdaxiləsi fonunda aparıldığına diqqət çəkib.
İki əsas partiyanın – "Vahid Milli Hərəkat" və "Dəyişikliklər uğrunda Koalisiya"nın təmsilçiləri Mərkəzi Seçki Komissiyasına üz tutaraq partiya siyahılarının ləğv edilməsini istəyib.
"Burada olub, bu parlamenti legitimləşdirməklə hökumətə kömək etməyəcəyik!", - "Dəyişikliklər uğrunda Koalisiya"nın lideri Nina Qvaxariyanın sözləridir.
Buna cavab olaraq, hakim "Gürcü arzusu" bir sıra müxalifət partiyasının fəaliyyətini qanundankənar elan etdirmək üçün Konstitusiya Məhkəməsinə şikayət ünvanlayacağını bildirib. "Vahid Milli Hərəkat"ı vətənə xəyanətdə suçlayan "Gürcü arzusu" bundan ötrü yetərli sayda sübuta sahib olduğunu da deyib.
Olub-bitənlər ölkənin Avropayönümlü prezidenti Salome Zurabişvilinin seçki sonuclarının həqiqiliyini qəbul etməməsindən və yeni seçkilər keçirilməsinə çağırmasından sonraya təsadüf edir.
Rusiyaya yaxınlığı ilə seçilən, 12 ildir ölkəni yönəldən "Gürcü arzusu" qələbəsini elan edəndən bəri müxalifət hər gün paytaxt Tbilisidə etiraz aksiyaları keçirir.
"Biz onların cinayətlərinin şahidiyik. Bu üzdən, onlar bizdən qorxurlar. Onlarda heç nə alınmayacaq", - "Güclü Gürcüstan" partiyasının liderlərindən Anna Natsvişvili AzadlıqRadiosuna belə deyib.
Xatırlatma
Rəsmi bilgilərə görə, hakim "Gürcü arzusu" səslərin 54 faizini toplayıb. Müxalifətin iki ekzit-polu isə iqtidar partiyasının 42 faiz səs topladığını bildirib. Həmin sorğularda dörd müxalif partiyanın, açıq-aşkar, səslərin çoxluğunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib.
ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun birgə bəyanatında deyilir ki, "bərabər olmayan rəqabət ortamı, basqı və gərginlik seçkilərə kölgə salıb". Seçki günü səslərin satın alınmasına, eyni şəxsin təkrar bülleten atmasına, fiziki zorakılıq və hədə-qorxu hallarına rast gəlindiyinə də diqqət çəkilib.
Siyasi fəal İrandakı həbslərə etiraz olaraq özünü öldürüb
İranlı jurnalist və siyasi fəal Kianuş Səncari özünün və digər siyasi fəalların dindirilmə və həbslərinə etiraz olaraq həyatına qəsd edib. Bunu noyabrın 13-də AzadlıqRadiosuna siyasi fəalın qohumu söyləyib. Səncarinin dostları da X sosial şəbəkəsindəki paylaşımlarında onun ölüm xəbərini təsdiqləyiblər.
Səncari ölümündən bir neçə saat öncə intihar qərarını paylaşıb: "Unutmayaq ki, biz ölüm üçün deyil, yaşam eşqi üçün ölürük. Arzu edirəm ki, bir gün iranlılar oyansın və köləliyə qalib gəlsinlər".
Səncari dörd siyasi fəalın azad edilməsi barədə ultimatumu yerinə yetirilmədiyindən həyatına son verib.
İranın xüsusi xidmət və kəşfiyyat orqanları yaşlı anasının qayğısına qalmaq üçün 2015-ci ildə Tehrana qayıdan Səncarini dəfələrlə dindirib və həbs edib.
Tramp dövlət katibi vəzifəsinə Rubionun namizədliyini irəli sürüb
ABŞ prezidenti seçilmiş Donald Tramp dövlət katibi vəzifəsinə Floridadan olan Marko Rubionun namizədliyini irəli sürüb. Bu bilgini yayan "The Associated Press"in yazdığına görə, Trampın bəyanatında belə deyilir: "O, xalqımızın güclü müdafiəçisi, müttəfiqlərimzin sadiq dostu və rəqiblərimizə heç vaxt güzəştə getməyəcək qorxmaz döyüşçü olacaq".
Rubio Senatda kəşfiyyat komitəsi rəhbərinin müavini vəzifəsini tutur. O, Çin, Kuba və İranın kəskin tənqidçisi kimi tanınır.
Rubio Ukraynaya 61 milyard dollarlıq hərbi yardımın göstərilməsi barədə apreldə qəbul edilmiş qərarın əleyhinə səs verən 15 respublikaçı senatordan biridir. Rusiyayönümlü olmadığını deyən Rubio sentyabrda bildirib ki, Moskva və Kiyev arasında danışıqların tərəfdarıdır.
Tramp ABŞ Milli Kəşfiyyat direktoru vəzifəsinə Havay ştatından Nümayəndələr Palatasının keçmiş üzvü Tulsi Qabbardın namizədliyini irəli sürüb. O, daha öncə 2020-ci ildəki prezident seçkiləri kampaniyasına qatılmışdı. Demokratlar Partiyasının üzvü olmuş Qabbard sonradan respublikaçıları dəstəkləməyə başlayıb.
Prezident Co Baydenin Ukrayna siyasətini bəyənməyən Qabbard savaşı uzatdıqlarına və Kiyevə silah verdiklərinə görə demokratları tənqid edib.
Seçilmiş prezident ölkənin Baş prokuroru vəzifəsinə isə floridalı konqresmen Mett Qetsin namizədliyini irəli sürüb. "O, cinayət təşkilatlarının sonunu gətirəcək və amerikalıların Ədliyyə Nazirliyinə sarsılmış inamını bərpa edəcək", - Trampın sözləridir.
Bildirilib ki, Qetsin Baş prokuror vəzifəsinə təyinatı Nümayəndələr Palatası Etika Komitəsinin ona qarşı istintaqa xitam verəcəyi anlamına gəlmir. Konqresmen cinsi istismar məqsədli insan alverinə qurşanmaqda və narkotikdən istifadədə şübhəli bilinir. Qets yeni administrasiyada vəzifə tutsa, Komitə ona qarşı istintaqı sürdürə və uyğun hesabatlar yaya bilməyəcək.
Tramp Müdafiə naziri vəzifəsində "FoxNews" telekanalının siyasi şərhçisi, veteran və indiki Pentaqon rəhbərliyin tənqidçisi Pit Heqseti görmək istəyir. Senat Heqsetin namizədliyini təsdiqləsə, o, Trampın seçkiöncəsi kampaniyasında verdiyi sözə əməl edə, mühafizəkarların da dəstəkləmədiyi bəzi generalları ordu sıralarından təmizləyə bilər.
Tramp Maskı hökumət səmərəliliyi idarəsinin başçısı təyin edir
İş adamları İlon Mask və Vivek Ramasvami şişirdilmiş dövlət qulluğunda radikal dəyişikliklər təşəbbüsləri irəli sürəcək yeni aralıq struktura başçılıq edəcəklər.
Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) məqsədi şişirdilmiş dövlət aparatında ixtisarlar və onu yenidən təşkil etməkdir. Bunu ABŞ-da prezident seçilmiş Donald Tramp noyabrın 12-də deyib.
"Daha kiçik, az bürokratiyalı və daha səmərəli hökumət Müstəqillik Bəyannaməsinin 250-ci ildönümünə amerikalılar üçün gözəl bir hədiyyə olacaq", – Tramp bəyanatında belə deyib.
2026-cı ilin iyulunadək işini başa vuracaq idarə federal xidmətlərin yenidən qurulması və səmərəsiz xərclərin azaldılması, həddindən artıq dövlət bürokratiyasının hissə-hissə ləğvi ilə məşğul olacaq.
İ.Mask "SpaceX" və "Tesla" şirkətlərinin təsisçisidir.
"Roivan Sciences" əczaçılıq şirkətinin təsisçisi V.Ramasvami isə Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi irəli sürmüşdü. Onlar dövlət xərclərinin və iqtisadiyyatda dövlət tənzimlənməsinin azaldılması çağırışları ilə məşhurdurlar.
Yeni seçilmiş prezidentə dövlət büdcəsinin xərclərini 2 trilyon dollar həcmində azalda biləcəyini deyən İ.Maskın bunu necə edəcəyi bəlli deyil. İqtisadçılar xəbərdarlıq ediblər ki, Trampın söz verdiyi vergilərin azaldılması dövlət borcunun kəskin artımına səbəb ola bilər.
Üstəlik, Tramp müdafiə naziri vəzifəsinə "Fox News" telekanalının siyasi şərhçisi, İraq və Əfqanıstan müharibələri veteranı, 44 yaşlı Pit Heqsetin namizədliyini irəli sürüb.
Moskvada çağırışçılara ölkəni tərk etmək yasaqlanıb
Moskva sakinləri hərbi xidmətlə bağlı xəbər veriləndən sonra komissarlıqlara gəlməsələr, ölkəni tərk edə bilməyəcəklərinə dair SMS-bildiriş alacaqlar. "Vajnıye istorii" adlı müstəqil araşdırmalar saytı belə yazır.
"Hərbi qulluq haqqında" Qanuna dəyişikliklərə görə, çağırışçılara qarşı "müvəqqəti tədbirlər"in görülməsi nəzərdə tutulub. Onlara nəqliyyat vasitəsi almaq və qeydiyyatdan keçirmək, daşınmaz əmlakı qeydiyyatdan keçirmək və satmaq, banklardan kredit almaq, fərdi sahibkar ya fiziki şəxs kimi qeydiyyata düşmək də yasaqlanıb. Məhdudiyyətlərin noyabrın əvvəlindən tətbiq olunmağa başladığı bildirilir. Artıq polis çağırışçıları yaşadıqları yerdə, yaxud küçə və metroda saxlayıb polis bölməsinə və ya toplanış məntəqəsinə aparır.
İnsan haqları təşkilatlarının fikrincə, SMS-bildirişlərin məqsədi çağırışçının könüllü şəkildə hərbi komissarlığa gəlməsini təmin etməkdir. Sözügedən məhdudiyyətlərin tətbiqi isə gələn ilin əvvəlində - hərbi uçotun elektron reyestri işə salınacağı halda başlana bilər.
Ukraynaya qarşı tammiqyaslı hərbi müdaxiləyə başlayan Rusiya savaş meydanında böyük itkilər versə də, Kreml hərbi itkiləri barədə bilgiləri açıqlamır. Böyük Britaniyanın baş qərargah rəisi Toni Radak oktyabr ayında hər gün ortalama 1500-dək Rusiya hərbçisinin həlak olduğunu və yaralandığını söyləyib. Bu, Ukraynada savaş başlatdığından bugünədək Rusiyanın ən çox itki verdiyi ay olub.
Abxaziyalı müxalifətçilər etirazlardan sonra azadlığa buraxılıb
Noyabrın 12-də Gürcüstanın separatçı, rusiyapərəst Abxaziya bölgəsində saxlanılan beş müxalifətçi azadlıqa buraxılıb.
Onları dəstəkləyən etirazçılar paytaxt Suxumiyə aparan üç körpü və əsas yolu bağlayandan sonra bölgə rəhbərləri bu addıma getməli olub.
Omar Smır, Qarri Kokaya, Almasxan Ardzinda, Razam Copua və Aslan Qvamariya noyabrın 11-də deputat Almas Akaba ilə mübahisədən sonra saxlanılmışdılar.
Müxaliftəçilər xırda xuliqanlıq maddəsi ilə ittiham olunsalar da, inzibati qanun pozuntusu tərkibi olmadığından Suxumi məhkəməsi işə xitam verib.
"Xalq Birliyi Forumu" müxalifət partiyasının lideri Aslan Bartsits bildirib ki, fəallar bölgədə inşaat layihələrinə sərmayə yatırmaq hüququnun Rusiya şirkətlərinə verilməsini nəzərdə tutan Abxaziya-Rusiya sazişinə etirazlarını dilə gətiriblər.
Saziş Abxaziyada çoxfunksiyalı komplekslərin tikilməsini nəzərdə tutur.
Noyabrın 15-də ratifikasiyası gözlənilən sazişə etirazını bildirmək üçün müxalifət nümayişlər keçirəcək. Onlar azadlıqa buraxılsalar da, körpülərlə adıçəkilən yolun hələ də açılmadığına diqqət çəkilir. Etirazçılar körpülərin birində ictimai nəqliyyatın hərəkətini bərpa etsələr də, təcili yardım maşınlarının ünvan başına yetişə bilmədikləri, tibb ocaqlarında fövqəladə durum rejiminin elan olunduğu bildirilir.
Abxaziyanın başçısı Aslan Bjaniya durumla bağlı Güvənlik Şurasını toplayıb.
SSRİ-nin çöküşündən bəri Abxaziya və Cənubi Osetiya Gürcüstanın tabeliyindən çıxıb. Rusiya 2008-ci ildə Gürcüstanı savaşda məğlub edəndən sonra hər iki separatçı bölgənin müstəqilliyini tanıyıb.
Polşa prezidenti Bakıda Lukaşenko ilə foto çəkdirməkdən imtina edib
Polşa prezidenti Andjey Duda Bakıda keçirilən BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi ailə fotosunda yer almaqdan imtina edib.
Polşanın "Polsat" telekanalının məlumatına görə, buna səbəb Belarus lideri Aleksandr Lukaşenkonun da mərasimdə iştirakı olub.
"Üstəlik, bu rəmzi kənara çəkilmə Belarusun Ukrayna hadisələrindəki iştirakı ilə bağlıdır", – "Polsat" bildirib.
Bir çox Qərb ölkələri liderləri Lukaşenkonu repressiv daxili siyasət və Rusiya ilə ittifaqa görə qınayırlar.
Dubayda keçirilən ötənilki COP28-də də Polşa, Litva və Latviya liderləri Lukaşenko ilə birgə foto çəkdirməkdən imtina etmişdilər.
Noyabrın 11-də Azərbaycanın paytaxtında başlayan COP29 sammiti iqlim dəyişikləri ilə bağlı qərarlar üçün önəmli görüş olmaqla yanaşı, geniş geosiyasi fikir ayrılıqlarını özündə əks etdirən tədbir kimi dəyərləndirilir.
COP29 noyabrın 22-nə kimi davam edəcək.
Ermənistan COP29-a qatılacağını istisna etmir
Ermənistan noyabrın 11-də Bakıda işə başlayan COP29-a qatılacağını istisna etmir. Ölkə xarici işlər nazirinin müavini Vaan Kostanyan bu fikri dilə gətirib.
"Qərar hələ verilməyibsə, nəzəri olaraq, iştirak edə də bilərik, etməyə də", - jurnalistlərə belə söyləyən nazir müavini əlavə edib ki, bu, "cərəyan edən proseslərdən, (Ermənistan-Azərbaycan) münasibətlərinin nizamlanması prosesinin dinamikasından asılı olacaq".
Kostanyan sözügedən qərarı sülh sazişi bağlamaq yolundakı irəliləyiş və Azərbaycanda saxlanılan ermənilərin azad edilməsi ilə əlaqələndirib.
Ötən ayın sonunda Ermənistan mediasında xarici işlər naziri Ararat Mirzoyanın COP29-da iştiraka hazır olduğu xəbəri yayılmışdı. Bundan ötrü rəsmi Bakının həbsdə saxladığı 23 erməninin bir qismini azad etməsi şərt qoyulmuşdu.
COP29-un açılış günündə İlham Əliyev Azərbaycanın Ermənistanı COP29-a dəvət etdiyini, sammitə gəlib-gəlməməyin Ermənistanın öz qərarı olacağını demişdi.
"Ermənistandan bir neçə nümayəndə qeydiyyatdan keçsə də…"
Ermənistan rəsmilərinin sözlərinə görə, ötən ay baş nazir Nikol Paşinyan Azərbaycan prezidenti Əliyevə iki ölkənin XİN başçıları arasında aramsız danışıqların aparılmasını təklif edib. Danışıqlar sülh sazişinin razılaşdırılmamış bəndlərinin çözülməsi, COP29 başlayıncayadək sülh sazişinin imzalanmasıyla sona çatmalıydı.
Kostanyan AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, sülh sazişinin yekun bəndləri üzrə fikir ayrılıqları qalsa da, "fərqli baxışları yaxınlaşdırmaq imkanı var".
"Ermənistan tərəfdən konfransda iştirakla bağlı bir neçə nümayəndə qeydiyyatdan keçsə də, onlar COP29-a gəlməyiblər", - bunu isə noyabrın 12-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında söyləyib.
Prezidentin oğlu hansı statusla iqtisadi müşavirədə iştirak edib...
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan dövlət başçısı İlham Əliyevin 27 yaşlı oğlu Heydər Əliyevin bu il sentyabrın 26-da ilk dəfə yüksək səviyyəli iqtisadi məsələlər üzrə müşavirədə iştirak etməsinə münasibət bildirib. O, prezidentin gənc oğlunun hansı statusla o iclasda iştirak etdiyi ilə bağlı suala "Azərbaycan Respublikasının vətəndaşıdır" cavabını verib.
Prezidentin köməkçisi "Hər kəs gedib vitse-prezidentin yanında əyləşə bilərmi" sualını isə belə cavablandırıb: "İqtisadi müşavirə peşəkarlar üçün açıqdır... Azərbaycan Respublikasının vətəndaşı statusunda və peşəkar, konkret sahə üzrə mütəxəssis olaraq həmin tədbirdə iştirak edib".
Azərbaycan prezidentinin 27 yaşlı oğlu Heydər Əliyev Bakıdakı ADA Universitetinin məzunudur. Onun atasının bir çox yerli səfərlərində yanında olması və yüksək səviyyəli tədbirlərə qatılması cəmiyyətdə birmənalı yozulmur. Bəzi dəyərləndirmələrə görə, bu onun gələcəkdə ölkədə yüksək karyeraya hazırlığından xəbər verir.
Müxalifət onun atası, prezident İ.Əliyevin də ölkədə "varis planı" ilə hakimiyyətə gəldiyini deyib. Məhz 2003-cü ildə İ.Əliyev atası, ovaxtkı dövlət başçısı Heydər Əliyevin (baba Əliyev) prezident seçkisindən az öncə xəstəxanada imzaladığı bildirilən sərəncamla baş nazir təyin edilmişdi. İ.Əliyev elə həmin il də prezident seçkisindən qalib çıxmışdı, atası H.Əliyevin də seçkidən iki ay sonra vəfat etdiyi açıqlanmışdı.
Rusiya ordusu Kurskdakı əraziləri geri almağa hazırlaşarkən, Borrel Ukraynaya sonuncu səfərini gerçəkləşdirib
Rusiya Ukraynanın yayda ələ keçirdiyi Kursk vilayətindəki ərazilərə nəzarəti bərpa etmək üçün buraya on minlərlə hərbçi toplayır. Noyabrın 11-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Oleksandr Sırski belə deyib.
"Hərbçilərimizi oradan sıxışdırmaq və nəzarətimizdəki ərazilərin içərisinə soxulmaq istəyirlər", - Sırskinin X sosial şəbəkəsindəki sözləridir. O, paylaşımını belə tamamlayıb: "Ukraynalı əsgərlər dözümlü olmasaydı, Rusiyanın ən yaxşı hərbi birləşmələrindəki on minlərlə düşmən mövqelərimizə hücum edərdi".
Havadan zərbələr ara vermir
Avqustda Ukrayna ordusu həmsərhəd Kursk vilayətinin min kvadratkilometrədək ərazisinə nəzarəti ələ keçirib. Bu, Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra işğalçının ərazisində gerçəkləşdirilən ilk belə hərbi əməliyyat olub. Rəsmi Moskva 28 yaşayış məntəqəsi üzərində nəzarəti itirdiyini etiraf edib.
Sırski noyabrın 9-da minlərlə şimali koreyalı hərbçinin Rusiya ordusu birləşmələri yanında yerləşdirildiyini və mümkün əks-hücuma hazırlaşdığını da bildirib.
Bu arada Rusiya Ukraynanın şəhərlərinə və onların enerji infrastrukturuna hava zərbələri endirməyə davam edir.
Aİ Ukraynaya dəstəyini davam etdirəcək
Noyabrın 11-də cənubdakı Nikolayev şəhərinə hücum zamanı beş nəfər həlak olub, yaşayış binalarına ziyan dəyib. Zaporojyedə isə bir nəfər ölüb, bir azyaşlı və dörd yeniyetmə daxil, 21 nəfər yaralanıb. Partlayışlar paytaxt Kiyevdə də eşidilib.
Cəbhədəki gərginlik fonunda Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Kiyevə səfər edib. O bildirib ki, ABŞ-dakı prezident seçkilərinin nəticəsinə baxmadan, Aİ Ukraynaya dəstəyini sürdürəcək.
CBS: Qaçaq-pilot Kuzminovu Rusiya xüsusi xidmət orqanlarının zabitləri öldürüb
Ötən ilin avqustunda döyüş helikopteri ilə Ukraynaya uçan və bu ilin fevralında İspaniyada güllələnən pilot Maksim Kuzminov Rusiya təhlükəsizlik qüvvələrinin iki zabiti tərəfindən öldürülə bilərdi. Bu barədə CBS telekanalı istintaqa yaxın mənbəyə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, Kuzminovun öldürüldüyü yerdə Rusiya istehsalı olan "Makarov" tapançasının gilizləri tapılıb. Mənbə həmçinin CBS-ə işdəki üç şübhəlinin fotolarını təqdim edib. Onların hamısı rusiyalıdır və qətl zamanı İspaniyada olublar. Adları açıqlanmır, lakin birinin Sovet DTK-sının istefada olan zabiti, digərinin isə Rusiya polisinin polkovniki olduğu müəyyən edilib. Onların qohum olduqları vurğulanır. Üçüncü şübhəli barədə məlumat yoxdur.
CBS onu da bildirir ki, Kuzminovun dəfn olunduğu yer məlum deyil - o, adsız qəbirdə basdırıla bilərdi.
Kuzminov Rusiya ordusunun kapitanıdır, Sızran Aviasiya Məktəbinin məzunudur. 28 yaşlı hərbçi, öz ifadələrinə görə, Ukraynadakı müharibəyə qarşı çıxıb və Ukrayna xüsusi xidmət orqanları ilə əlaqə qurub. Avqustun 9-da o, qırıcı təyyarə üçün ehtiyat hissələri daşıyan helikopterlə Ukraynanın nəzarətində olan əraziyə uçub. Onunla birlikdə təyyarədə iki baş leytenant olub: 35 yaşlı şturman Xuşbaxt Tursunov və 28 yaşlı texnik Nikita Kiryanov. Onlar qaçışda iştirak etməyiblər və Rusiya ərazisinə qaçmağa çalışarkən öldürüldükləri iddia olunur.
"Rossiya 1" dövlət telekanalının süjetində müxbir Sergey Zenin iddia edirdi ki, Müdafiə Nazirliyinin xüsusi təyinatlı zabitləri Kuzminovu öldürmək əmri alıblar. Onlardan biri pilotun tapılacağını və "dövlətə xəyanətə görə qanunun bütün ciddiliyi ilə" cəzalandırılacağını, ikincisi isə Kuzminovun məhkəməyə qədər yaşamayacağını bildirirdi.
Ukraynada Kuzminov saxta adla vətəndaşlıq və pasport alıb. Ona ölkədə qalmağı təklif ediblər, lakin o, İspaniyaya köçməyi seçib. Orada fevralın 13-də evinin yaxınlığındakı parklama yerində güllələnib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kuzminovun ölümü ilə bağlı jurnalistlərin suallarına "Müxtəsəri: İtə it ölümü yaraşır" deyə cavab vermişdi.
'Gürcü arzusu'nun ölkəni zəbt etdiyini deyən Zurabişvili yeni seçkilərin keçirilməsinə çağırıb
Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, rusiyayönlü "Gürcü arzusu" bütün hakimiyyət institutlarını "az qala zəbt etdiyindən" parlamentə yeni seçkilər keçirilməlidir. O bu fikrini noyabrın 11-də Avropa İttifaqı (Aİ) nümayəndələri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında dilə gətirib.
Seçki sonuclarını tanımaqdan boyun qaçıran S.Zurabişvili ölkəsinin böhrana girdiyini söyləyib: "Gürcüstana legitim parlamenti, legitim hökuməti və vaxtı yetişəndə yeni legitim prezidenti olmasından ötrü yeni seçkilər gərəkdir".
Aİ nümayəndə heyətində Almaniya, Finlandiya, İsveç, Fransa, Litva, Latviya, Estoniya və Polşa parlamentlərinin xarici əlaqələr üzrə komitə rəhbərləri vardı.
"Gürcü arzusu"nun nəzarət etdiyi parlamentin spikeri Şalva Papuaşvili Aİ nümayəndə heyəti ilə görüşdən boyun qaçırıb. Spiker bu addımını nümayəndə heyətinə daxil ölkələrin "Gürcüstan hökuməti və cəmiyyətinə qarşı dəfələrlə sərgilədikləri dostca olmayan münasibət” ilə əlaqələndirib.
Nümayəndə heyətinin bir neçə üzvü spikerin qərarını tənqid edib.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel noyabrın 8-də bəyan edib ki, Gürcüstandakı seçkilərdə "dərin araşdırma tələb edən pozuntulara dair ciddi şübhələr" var.
Xatırlatma
Rəsmi bilgilərə görə, hakim "Gürcü arzusu" səslərin 54 faizini toplayıb. Müxalifətin iki ekzit-polu hakim partiyanın 42 faiz səs topladığını bildirib. Həmin sorğularda dörd müxalif partiyanın, açıq-aşkar, səslərin çoxluğunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib.
ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun birgə bəyanatında deyilir ki, "bərabər olmayan rəqabət ortamı, basqı və gərginlik seçkilərə kölgə salıb". Seçki günü səslərin satın alınmasına, eyni şəxsin təkrar bülleten atmasına, fiziki zorakılıq və hədə-qorxu hallarına rast gəlindiyinə də diqqət çəkilib.
İsrail səfirliyi yaxınlığında saxlanan Əfqanıstan vətəndaşı: 'Boş yerə həbsdəyəm'
Əfqanıstan vətəndaşı Fövzan Musa Xan ilyarıma yaxındır Azərbaycanda həbsdədir. Ona bugünlərdə Bakıda terrora hazırlıq ittihamı ilə 10 il həbs cəzası kəsilib. İttihama görə, İsrailin Bakıdakı səfirliyində terror aktı törətmək istəyib, ancaq planın üstü açılıb.
Cinayət işinin materiallarında iddia edilir M.X.Fövzan ötən ilin mayında Bakıya ABŞ və İsrail diplomatik nümayəndəliklərində terror törətmək niyyəti ilə gəlib və təxminən bir ay boyunca öncə İsrail səfirliyi həndəvərində müşahidələr aparıb. Müxtəlif adamlarla silah tapmaqdan ötrü razılaşıb. İyunun ortalarında yenə İsrail səfirliyinin yaxınlığında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları onu saxlayıb.
"Mən heç bir dəstənin üzvü olmamışam"
M.X.Fövzan özünü təqsirli bilmir, terrorçuluq suçunu da qəti şəkildə rədd edir. Deyir ki, 2020-ci ildən Dubayda işləyib pul qazanırdı. Ötən ilin aprelində Əfqanıstanda Nurəddin adlı bir tanışı telefonla ona deyib ki, Bakıda gedib iş tapa bilər: "Dedi ki, Bakıda Abdullah adlı tanışı var, mənə kömək eləyəcək. Mən də Dubaydan turist vizası ilə Bakıya gəldim. Abdullah məni qarşılayıb otelə yerləşdirdi. Bir müddət oteldə qalandan sonra mənzil kirayələdi".
Söylədiyinə görə, yetərincə pulu olmadığından yemək və kirayə xərclərini ödəməyə də Abdullah kömək göstərib.
M.X.Fövzan İsrail səfirliyinin harada yerləşdiyini bilmədiyini deyib. Tutulduğu gün məhz orada olmasına gəlincə, deyir ki, Bakının müxtəlif yerlərində gəzib, fotolar, videolar çəkib, həmin əraziyə də turist kimi gedib: "Kirayə qaldığım mənzilin açarı məndən başqa üç gün Abdullahda da olub. Mən heç bir dəstənin üzvü olmamışam. Təqsirim yoxdur. Boş yerə uzun müddətdir həbsdə saxlanılıram. Xahiş edirəm, məni azadlığa buraxın".
Daha öncə iki dəfə həbsdə olub?
Məhkəmə onun söylədiklərini məsuliyyətdən yayınmaqdan ötrü özünümüdafiə məqsədilə deyilən fikirlər kimi qəbul edib və belə nəticəyə gəlib ki, ona qarşı ittihamı sübuta yetirən konkret faktlar var.
Cinayət işinin materiallarında iddia edilir ki, M.X.Fövzan əvvəllər Pakistan və Əfqanıstanda terrorçuluq ittihamı ilə iki dəfə həbsdə olub. O, Taliban qüvvələrinin təqibindən yayınmaqdan ötrü Dubaya gedib, oradan da 2023-cü ilin mayında Bakıya gəlib.
Onun İŞİD-in Əfqanıstandakı qolu olan "Vilayəti Xorasan" adlı silahlı birləşmənin sabiq üzvü və partlayıcı qurğuların hazırlanması üzrə mütəxəssis olması bilgisi də ittihamda yer alıb.
Kreml: Putinin Trampla telefon danışığı barədə bilgi 'tam yanlışdır'
Kreml ABŞ-da prezident seçilən Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığının baş tutması barədə KİV-də yayılan bilgini "tam yanlış" adlandırıb.
"Bu, həqiqətəuyğun deyil. Cəfəngiyatdır. Sadəcə, yanlış bilgidir", - Kremlin mətbuat katibi Dmitri Peskov belə deyib və sözünü tamamlayıb: "Heç bir telefon danışığı olmayıb".
Hələlik, hər hansı telefon danışığına dair bir planın olmadığını söyləyən Peskov Trampın yenidən seçilməsindən sonra Avropada bəlli həyəcanın gözə çarpdığını da dilə gətirib: "Bu, indiki zamanda hətta mötəbər nəşrlərin də yaydığı bilginin keyfiyyət dərəcəsinə parlaq misaldır".
Ukrayna tərəfi telefon danışığı haqqında xəbərdar edildiyi barədə bilgilərin gerçəyə uyğun olmadığını bildirib. Noyabrın 10-da Ukrayna XİN-in rəsmisi Georgi Tixiy "Reuters"ə deyib ki, rəsmi Kiyevin sözügedən telefon danışığından bilgili olması xəbəri doğru deyil: "Bu üzdən, Ukrayna sözügedən telefon danışığına nə razılıq verə, nə də ona qarşı çıxa bilib".
"The Washington Post" xəbər yaymışdı ki, Tramp noyabrın 7-də Ukrayna prezidenti Volodımır Zelenski ilə telefon danışığından bir gün sonra Putinlə də zəngləşərək müharibəni müzakirə edibmiş.