Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:33

İsrail Azərbaycan və Gürcüstandakı vətəndaşlarına İran xəbərdarlığı edir


Arxiv fotosu
Arxiv fotosu

İsrail hökuməti xəbərdarlıq edir ki, onun xaricdəki obyektləri İranın zərbəsinə məruz qala bilər.

İsrail bildirir ki, belə bir ehtiyatlanmaya səbəb İran nüvə alimi ötən həftə öldürüldükdən sonra Tehrandan gələn hədələrdir.

İsrail baş nazirinin Milli Təhlükəsizlik Şurası dekabrın 3-də bildirib ki, İran rəsmilərinin bundan əvvəl etdikləri xəbərdarlıqlar və İran agentlərinin müxtəlif ölkələrdə törətdikləri terror aktları nəzərə alınarsa, Tehranın bu dəfə İsrail obyektlərinə hücum edəcəyini istisna etmək olmaz.

Bununla əlaqədar İsrail hökuməti ölkə vətəndaşlarına Gürcüstan, Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynə, habelə İraq və Afrikanın “kürd ərazilərinə” səfər etməmək tövsiyəsi edir.

İran nüvə proqramının aparıcı şəxslərindən olan Mohsen Fəxrizadə noyabrın 27-də Tehran ətrafında qətlə yetirilib.

“Ölçülüb-biçilmiş, qətiyyətli cavab”

Bu hücuma görə heç kim məsuliyyəti üzərinə götürməyib. Lakin İran rəsmiləri bu sui-qəsdin İsrail, İranın xaricdə olan silahlı müxalifəti – Mücahedine-xəlq qrupu və ya Səudiyyə Ərəbistanı ilə bağlı ola biləcəyini deyiblər.

İsrail rəsmiləri bu qətl haqqında hər hansı şərh verməkdən imtina ediblər. Mücahedine-xəlq və Səudiyyə isə bu hücumla heç bir əlaqələrinin olmadğını bildiriblər.

İranın ali rəhbəri ayətüllah Əli Xameneyinin baş müşaviri deyib ki, Tehran bu hücuma “ölçülüb-biçilmiş, amma qətiyyətli cavab verəcək”.

ABŞ-ın İran üzrə əsas elçisi Elliott Abrams dekabrın 3-də deyib ki, Tehranın bu hücuma ABŞ-da Co Baydenin inaqurasiyasına qədər reaksiya verəcəyi gözlənilmir.

Abrams deyib ki, İran hökuməti yeni ABŞ administrasiyasının Tehran üzərindəki sanksiyaları qaldıracağına ümid edir.

İran və ona bağlı qüvvələr əvvəllər İsrail turistlərini və yəhudi icmalarını hədəfləyən hücumlar edib.

İsrail bu yaxınlarda daha iki ərəb ölkəsi – Biləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə münasibətlərinin normallaşdırılmasına dair razılaşmalar imzalayıb.

XS
SM
MD
LG