Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:01

'Kaspi Liseyi' işində təqsirləndirilənlər ölüm aclığına başladıqlarını deyirlər


S.Vəliyeva
S.Vəliyeva

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun xanımına məxsus «Kaspi Liseyi» üzrə məhkəmə işində təqsirləndirilənlər ölüm aclığına başladıqlarını bildiriblər. Liseydən 565 minlik mənimsəmə iddiasıyla həbs olunan iki nəfər - liseyin keçmiş baş mühasibi Tural Məmmədov və mühasib Fərahim Möhbalıyev bunu oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində onların işinə baxılarkən açıqlayıblar.

Hər ikisi valideynlərinə bu barədə vəsiyyətnamə də göndəriblər. Orada göstəriblər ki, Ə.Həsənovun təzyiqləri nəticəsində onların işinə ədalətli baxılmadığına görə bu addımı atırlar. Əgər aclıq aksiyası nəticəsində ölərlərsə, buna görə birinci günahkarlar Əli Həsənov və xanımı, ikinci isə onların işinə baxan hakim və prokurordur.

«Aclıq aksiyasına başlayandan sonra hansısa səbəbdən ölsəm...»

T.Məmmədov valideynlərinə vəsiyyətnaməsində yazır ki, ölümü göz önünə alaraq, aclıq aksiyasına başlayıb. Heç bir günahı olmadığı halda, bir ildir həbsdə saxlandığını deyən F.Möhbalıyev isə həm də valideynlərindən xahiş edib ki, vəsiyyətnaməsini prezident və birinci vitse-prezident də daxil, dövlət orqanlarına göndərsinlər. O, günahkarlar sırasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin də adını çəkib. Bu iş üzrə istintaq həmin idarədə aparılıb:


«Məndə ölümlə nəticələnəcək xəstəlik yoxdur. Aclıq aksiyasına başlayandan sonra hansısa səbəbdən ölsəm, bilin ki, məni öldürdülər. Bu vəsiyyətnaməmi prezident və birinci vitse-prezident başda olmaqla, dövlət qurumlarına göndərin ki, heç olmasa, məndən sonra başqalarının başına bu hadisəni gətirə bilməsinlər. Həbsdə olduğum bir il ərzində dəfələrlə işimə ədalətsiz və qərəzli baxılması barədə ərizələr yazsam da, təəssüf ki, baxan olmadı».

Adları çəkilən şəxslər bildiriblər ki, quru aclığa başlamaları barədə saxlandıqları Bakı İstintaq Təcridxanasının rəisi Elnur Əliyevə də məktub yazıblar.

Hələlik, təcridxanadan bu məsələni təsdiqlətmək mümkün olmayıb.

Oktyabrın 2-də məhkəmədə vəkillər növbəti dəfə liseyin təsisçisi Sona Vəliyevanın çağrılıb dindirilməsi məsələsini qaldırıblar. Bu vəsatəti də belə əsaslandırıblar ki, 565 min manatın mənimsənilməsi barədə rəy S.Vəliyevanın sözləri, onun təqdim etdiyi rəqəmlər əsasında verilib. Başqa sübut yoxdur.

«Məsələn, audit rəyində göstərilib ki, iyun ayında 100 min manat təsisçidən ödənilib. Hara ödənilib? Necə ödənilib? Bununla bağlı nə sübut var? Sona Vəliyevanın tərtib etdiyi iki sənəd əsasında adamlara ağır ittiham verilib, onu da nə istintaqda çağırıb dindiriblər, nə də məhkəmədə...», – vəkil Elçin Sadıqov etiraz edib.

«Bu qədər ədalətsizlik olmaz»

Digər vəkil Adəm Məmmədov da S.Vəliyevanın çağrılmasının vacib olduğunu vurğulayıb: «Fərahimin bir ildir günahsız həbsdə saxlanması məhkəmə-hüquq sistemi adına da xələl gətirir».

Hakim S.Vəliyevanın dindirilməsi barədə vəsatəti növbəti dəfə rədd edib. Bu zaman təqsirləndirilən şəxslər etiraz edib.

«Onsuz da ölüm aclığına başlayıram. İlk imkanda özümə qəsd edəcəm, qanımı tökəcəm. Birinci günahkar Əli Həsənov və Sona Vəliyeva olacaq, ikinci günahkar da siz. Bu qədər ədalətsizlik olmaz», – F.Möhbalıyev deyib.

T.Məmmədov bildirib ki, onu heç bir qeydiyyat olmadan ötən il oktyabrın 16-dan 30-na qədər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar: «Əli Həsənovun bir zəngi ilə elədilər bu qanunsuzluğu. 20 min pulumu, 30 minə dəyərləndirib maşınımı aldılar. Bəs niyə mənimsənildiyi iddia olunan məbləğdən çıxmadılar?».

Təqsirləndirilən şəxslərin, onların vəkillərinin etirazlarına baxmayaraq, məhkəmə istintaqı yekunlaşıb. Oktyabrın 11-də prokuror çıxış edib, onlara cəza istəyəcək.

Xatırlatma

İttihamda yazılıb ki, 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün 1 milyon 366 min manat pul ödənilib. Ancaq bu vəsaitin 564 minini baş mühasib və mühasib sistemə daxil etməyib, birlikdə mənimsəyib. Adları çəkilən şəxslərə CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi əsasında ittiham verilib.

T.Məmmədov özünü qismən təqsirli bilərək deyir ki, pula ehtiyacı olduğundan vəsaitin bir hissəsini götürüb, amma məbləğ ittihamda yazıldığı kimi, 565 min olmayıb, rəqəm bundan iki dəfə azdır. Digər təqsirləndirilən F.Möhbalıyevin onunla əlbir olmadığını deyən T.Məmmədov deyir ki, pulun bir hissəsini şəxsi problemlərinin həllinə, qalanını da «Tatlı dünyası» şirniyyat evinin təmirinə xərcləyib.

F.Möhbalıyev isə özünü təqsirli saymır.

T.Məmmədov və F.Möhbalıyevin təqsirləndirildiyi CM-in 179.4 maddəsində 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Sona Vəliyeva isə «Qafqazinfo» saytına açıqlamasında konkret cinayət əməlinə görə mühakimə edilən bəzi şəxslərin çıxış yolunu ölkənin nüfuzlu şəxslərinə böhtan atmaqda gördüyünü, azadlıqda məşğul olduqları qanunazidd fəaliyyətləri həbsxanada da davam etdirdiklərini söyləyib. «Aydındır ki, mənim hədəf alındığım bu kimi kampaniyaları idarə edənlərin əsas məqsədi həyat yoldaşımın nümunəvi fəaliyyətinin üzərinə kölgə salmaq, onun timsalında hakimiyyət nümayəndələri haqqında mənfi rəy yaratmaqdır», – o vurğulayıb.

XS
SM
MD
LG