Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:54

Xadimə: 'Yarımştat - 50 manat maaşla məni işdən çıxarmaq istəyirlər'


Arxiv fotosu.
Arxiv fotosu.

Son zamanlar Azərbaycanda maaşını vaxtında ala bilməyənlərin şikayətləri çoxalır.

Bunu, ən azı, AzadlıqRadiosu-nun “qaynar xətt”inə gələn zənglərdən bilmək olur. İşçilərinin maaşını ödəyə bilməyənlər arasında istər dövlət büdcəsindən maliyyələşən, istərsə özəl qurumlar var.

İşçi deyir: “İki aydır maaş yoxdur”, şirkət deyir: “Ödənir”

Məsələn, “İmprotex İndustries” şirkətlər qrupuna daxil İmprotex Metal Konstruksiya zavodunun işçiləri AzadlıqRadiosu-na deyirlər ki, iki aydır maaş almırlar.

“Biz SOCAR-ın sifarişi ilə tikilən binanın metal konstruksiya işlərini görürük. İki aydır maaşımızı ala bilmirik. Bizə heç bir izahat vermirlər. Dəfələrlə mühasiblə, rəhbərliklə danışmışıq. Xeyri yoxdur... Yalnız bir gün qabaq deyiblər ki, VÖEN açdırın. Axı bu vergi məsələsini şirkət özü həll etməlidir. Bir də, söhbət vergi məsələsidirsə, iki aydır niyə yubadırlar, əvvəldən deyəydilər də”.

Buna da bax:​ Fəhlələr: 'Pulumuzu verin'

Ancaq şirkətdən Fəridə Ələkbərova deyir ki, məlumat doğru deyil, maaşların verilməsində yubanma yoxdur, dekabr maaşı ödənilib və yanvar maaşı da bu həftə ərzində ödənməlidir.

“Bəlkə sizə çoxdan məlumat veriblər?” - deyə soruşan Fəridə Ələkbərovaya AzadlıqRadiosu-nun əməkdaşından “Fevralın 8-də şikayət daxil olub və 9-da bir daha dəqiqləşdirmişik” cavabını alır.

Kitabxanaçılar üç aydır maaş almır, klub işçilərinə ərizə yazdırılır

Buna da bax:​ Sumqayıtlı fəhlə: 'Pullarımızı gözləyirik'

Mingəçevir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 83 əməkdaşı AzadlıqRadiosu-na məktubla müraciət edərək noyabr və dekabr aylarının maaşını almadıqlarını bildirirlər. Onlar maaş tələbiylə dəfələrlə şəhər icra hakimiyyətinə, Mədəniyyət və Turizm Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Prezident Administrasiyasına üz tutublar. Hətta Mingəçevir Prokurorluğunda olublar, bölgədən deputat seçilən Aydın Mirzəzadənin qəbuluna düşüblər. Ancaq onlara konkret cavab verən olmayıb.

“Bizim heç kimdən şikayətimiz yoxdur, sadəcə, halal əməkhaqqımızı tələb edirik. Axı aramızda tənha yaşayan, uzaqdan gələn, qaçqınımız, kredit götürüb ödəyə bilməyənlərimiz var. Nə vaxta kimi maaşsız işə gedib gələcəyik?” – məktubda belə deyilir.

Tovuzun Aşağı Quşçu kəndindəsə klub işçilərinə deyiblər ki, kartlarınızı icra hakimiyyətinə verin və özünüz də işdən çıxmağa dair ərizə yazın. AzadlıqRadiosu-na klubun xadiməsi Kifayət Əhmədova belə deyib və sözlərinə davam edib: “Mən texnikum bitirmişəm. Amma yarımştat - 50 manat maaşa burda xadimə çalışıram. Məni işlə təmin etmək əvəzinə işdən çıxarmaq istəyirlər”.

Buna da bax:​ Azərbaycan minimum əməkhaqqında regionun ən gerisindədir

AzadlıqRadiosu-nun əməkdaşı bununla bağlı Mingəçevirin və Tovuzun icra hakimiyyətlərinə zəng vursa da, səlahiyyətli şəxslərin “ötür-ötür” oyunuyla rastlaşaraq, məlumatı tam dəqiqləşdirə və münasibət öyrənə bilməyib.

Aydın Mirzəzadə: "Bir az dərin məsələdir, asanlıqla həlli mümkün deyil"
Gözlə

No media source currently available

0:00 0:00:10 0:00
Direct-ə keçid

Aydın Mirzəzadə: “Bir az dərin məsələdir, asanlıqla həlli mümkün deyil”

Mingəçevirdən deputat seçilən Aydın Mirzəzadə AzadlıqRadiosu-na bildirib ki, həmin kitabxanaçılar doğrudan da onun qəbulunda olublar. Deputat maaşların yubandığını bildirsə də, səbəbini açıqlamayıb:

“Bəli, onlar qəbulumda olublar. O məsələylə məşğuluq. Bir az dərin məsələdir, asanlıqla həlli mümkün deyil. Mən demək olar, hər gün bu işlə məşğulam. Amma həll olunacaq”.

Buna da bax:​ Aylardır maaşını almayan narazılar [Video]

Deputat ölkənin bir çox yerində işçilərin maaşlarının yubanmasına şərh vermək istəməyib və bundan artıq heç nə deyə bilməyəcəyini söyləyib.

“Tənəzzül dağıdıcı mərhələsinə daxil olub”

“Maaşların yubanması onun göstəricisidir ki, ölkədə tənəzzül dağıdıcı mərhələsinə daxil olub və getdikcə daha dərin və daha geniş sferanı əhatə etməkdədir”. İqtisadçı Nemət Əliyev yaranmış durumu belə dəyərləndirir. Onun sözlərinə görə, maaşların yubanması ilboyu davam edəcək: “Ötən il bunun əlamətləri müəyyən sektorlarda özünü göstərirdisə, 2017-ci ildə, demək olar, bütün sahələri əhatə edəcək”.

Nemət Əliyev: "Ölkədə tənəzzül dağıdıcı mərhələsinə daxil olub..."
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00
Direct-ə keçid

İqtisadçının fikrincə, buna səbəb hökumətin öz “yanlış siyasətindən” əl çəkməməsidir: “Hökumət sahibkar və iş adamlarının yolundakı əngəlləri hələ də aradan qaldırmır, ölkədə inhisarçılığın və haqsız rəqabətin yığışdırılması yönündə gərəkən addımları atmır”.

Buna da bax:​ Fəhlələr yenidən etiraz edir [Video və fotolar]

Nemət Əliyev özəlliklə Maliyyə Nazirliyində günah görür: “Nazirliyin üzərinə böyük məsuliyyət düşür. Təyinatından yayındırılmış milyonların, hətta milyardlarla vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarəti həyata keçirə bilmir. Bununla da, bu cür mənfi hallara, yəni maaşların yubanmasına rəvac vermiş olur”.

Ekspert deyir ki, indiki məqamda hökumət islahatlara getməlidir, yoxsa bu gedişlə ölkədə sosial partlayış qaçılmazdır.

XS
SM
MD
LG