Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:48

Əli Kərimlinin müşavirinə qarşı şikayət geri götürüldü


Məmməd İbrahim
Məmməd İbrahim

►"Mən Quliyev Mikayıl Kamil oğlu Məmməd İbrahimlə barışıram, ona qarşı heç bir şikayətim yoxdur".

Bu məzmunda ərizəni bir müddət əvvəl AXCP-dən ayrılmış, sentyabrın 29-da isə partiyanın sədr müavini Məmməd İbrahimdən polisə şikayət edən Mikayıl Quliyev dekabrın 28-də Hərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynova təqdim etdi.

ARALARINDA DAVA DÜŞÜB...

Məhkəmə iclasında əvvəlcə prokuror ittiham aktını elan etdi. İttihama görə, Məmməd İbrahim Nərimanov parkı yaxınlığında Mikayıl Quliyevi, həmçinin onu sakitləşdirməyə çalışan Oruc Vəliyev və Məhəmməd Qurbanovu döyüb.

Məmməd İbrahim elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi.

Daha sonra zərərçəkmiş qismində tanınmış üç nəfərdən biri olan Mikayıl Quliyev ifadə verdi. Bildirdi ki, AXCP-dən ayrılandan sonra Məmməd İbrahimlə aralarında gərginlik yaranıb. Onun sözlərinə görə, sentyabrın 29-da bir neçə dostu ilə birlikdə olduğu zaman arxadan təhqiramiz ifadələr eşidib, ardınca da Məmməd İbrahim yaxınlaşaraq, qəfildən ona yumruqla zərbə vurub. Aralarında dava düşüb və ətrafdakılar onları ayırıblar. Hadisə yerindən birbaşa polisə gedərək, şikayət edib. Post-Patrul Xidmətinin maşınında polislərlə birlikdə geri qayıdıb, Məmməd İbrahimi də 18-ci polis bölməsinə aparıblar.

Buna da bax: İnəklərin devalvasiyadan sonrakı söhbəti

BAĞIŞLAMAQ İSTƏYİB, FİKRİNDƏN DAŞINIB

Mikayıl Quliyev qeyd etdi ki, Məmməd İbrahimin həbsindən sonra onun baba olduğunu eşidib, bağışlamaq istəyib: "Amma sonradan qulağıma bəzi şeylər çatdı, bu fikrimdən daşındım".

Mikayıl Quliyev Məmməd İbrahimin vəkili Yalçın İmanovun suallarını cavablandırarkən məlum oldu ki, o, ümumiyyətlə, digər iki zərərçəkmişi tanımır. Amma onun polisə izahatında onların hər ikisinin adı, soyadı, hətta atasının adı yazılıb.

Vəkil hakimə müraciət edərək, bu ziddiyyətə aydınlıq gətirilməsini istədi: "Mikayıl Quliyevin izahatında həmin şəxslərin adları çəkilir, amma istintaq materiallarına görə, guya, onlar oktyabrın 2-də özləri müraciət ediblər. Əgər belədirsə, Mikayıl Quliyev tanımadığı adamların adını necə çəkə bilərdi?"

Buna da bax: Rauf Mirqədirova cəza kəsildi

"QICIQLANDIRICI SUALLAR"

Yalçın İmanov
Yalçın İmanov

Dindirmə zamanı Mikayıl Quliyev vəkil Yalçın İmanovu təhqir etdi. Vəkil onun bu cür davranışına imkan yaradılmasını məhkəməyə irad tutdu. Hakim Turqay Hüseynovun vəkilin etirazına reaksiyası belə oldu: "Qıcıqlandırıcı suallar verməyin"...

Məhkəmə iclasında hakim cinayət işinin materiallarına əlavə olunmuş, "Facebook"dan çıxarışları elan etdi. Həmin çıxarışlara əsasən, Mikayıl Quliyev sentyabr ayı ərzində "Facebook"da Məmməd İbrahimi bir neçə dəfə təhqir edib. Mikayıl Quliyev iddia etdi ki, Məmməd İbrahim onun "Facebook" hesabının şifrəsini bilib və özü özünə yazıb.

Məmməd İbrahim "Adam necə özünü belə təhqir edər?" deyə etiraz etdi.

Mikayıl Quliyevin polisə ilkin izahatı və sonradan istintaqa ifadəsində dedikləri arasında ziddiyyət yarandığından onlar elan edildi.

Buna da bax: Əsgər anası: “Düzünü deyin, Tapdığı necə öldürüblər”

ŞİKAYƏTİNİ GERİ GÖTÜRDÜ

Məhkəmə iclasında fasilə elan olundu. Fasilədən sonra Mikayıl Quliyev hakimə müraciət edərək, şikayətini geri götürmək istədiyini bildirdi. Hakim bildirdi ki, bunu yazılı şəkildə məhkəməyə təqdim etməlidir. O, məhkəmə zalında "Mən Quliyev Mikayıl Kamil oğlu Məmməd İbrahimlə barışıram, ona qarşı heç bir şikayətim yoxdur" məzmununda ərizə yazaraq, hakimə təqdim etdi. Ərizə iş materiallarına əlavə olundu.

Məhkəmə prosesi yanvarın 11-də davam edəcək.

Xatırladaq ki, Məmməd İbrahim Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub. Əvvəlcə ona qarşı CM-nin 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Bir qədər sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılıb. Ona CM-nin 221.2.2-ci maddəsilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında iki ilədək islah işləri və ya beş ilə qədər həbs cəzası nəzərdə tutulub.

Məmməd İbrahim isə ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

XS
SM
MD
LG