Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:40

Azərbaycanda minimum əməkhaqqından da az maaş alanların sayı çoxalıb


12 manata 12 saat kartof yığan qadınlar: 'Uşaqlarımız acından ölür'
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

12 manata 12 saat kartof yığan qadınlar: 'Uşaqlarımız acından ölür'

Dövlət Statistika Komitəsi (DSK) ötənilki əmək bazarına dair hesabatını açıqlayıb. Açıqlanan rəqəmlərdən bəlli olur ki, 2022-ci ildə Azərbaycanda minimum əməkhaqqından da az maaş alanların sayı artıb. Əmək Məcəlləsinə görə, minimum əməkhaqqı iqtisadi, sosial şərait nəzərə alınmaqla ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyənləşdirir. İqtisadi nəzəriyyədə minimum əməkhaqqının vacibliyi onunla əsaslandırılır ki, bu tələb əməyin istismarının qarşısının alınmasına olumlu təsir göstərir. Üstəlik, əmək haqlarının qorunması, haqsız rəqabətin önünün kəsilməsi, gəlir bölgüsündə ədalətin təmin edilməsi və yoxsulluğun azaldılması hədəflərini də sadalamaq olar.

Ötən il Azərbaycanda minimum əməkhaqqı 300 manat idi. DSK-nın hesabatından bilinir ki, ötən il ölkədə maaşla çalışan işçilərin 10.7 faizinin - təxminən 170 min nəfərin maaşı həmin məbləğdən az olub. Müqayisə üçün: 2021-ci ildə Azərbaycanda minimum əməkhaqqından az maaş alanların bütün işçilərə nisbəti 2.5 faiz, minimum əməkhaqqı da 250 manat idi. Bu baxımdan aydın olub ki, hökumət ötən il minimum əməkhaqqını artırsa da, heç də bütün müəssisələr bu artımı gerçəkləşdirməyib və beləcə, minimum əməkhaqqından az maaş alanların sayı artıb.

Qanun nə deyir?

Əmək Məcəlləsində bildirilir ki, dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi yasaqdır. Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) də ölkədə minimum əməkhaqqının artırılması ilə bağlı açıqlamasında bildirmişdi ki, "İşçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunla qadağandır. Qanunvericiliyə görə, bu, inzibati məsuliyyətə səbəb olur". İnzibati Xətalar Məcəlləsinə görə, minimum əməkhaqqı tələbinə əməl etməyənlər 1000 manatdan 1500 manatadək cərimə ödəməlidir.

Bu baxımdan düşünmək olar ki, şirkətlər minimum əməkhaqqındakı artımdan yayınmaq və sosial ödənişləri azaltmaq baxımından işçi ilə əmək müqaviləsi bağlayarkən natamam iş vaxtı seçməyə çalışır. Bu da qanunvericilikdəki boşluqların və monitorinqin düzgün aparılmamasının göstəricisi sayıla bilər.

Azərbaycanda minimum əməkhaqqı işlək mexanizmdirmi?

Azərbaycanda minimum əməkhaqqından az maaş alanlarla yanaşı, minimum əməkhaqqı səviyyəsində maaş alanlar da çoxdur. Muzdlu işçilərin təxminə 40 faizinin orta aylıq əməkhaqqı elə minimum əməkhaqqı qədərdir. Düzdür, minimum maaş alanların bir bölümünün gerçək gəliri daha çoxdur, axı bəzi hallarda işəgötürənlər sosial ödənişlərdən yayınmaq üçün işçilərin rəsmi maaşını minimum əməkhaqqı qədər təyin edir. Qalan hissə nağd şəkildə ödənilir. Ancaq bu, əsasən, özəl sektora aiddir. Halbuki ölkədəki işçilərin böyük hissəsi dövlət sektorunda çalışmaqdadır.

Bu baxımdan, minimum əməkhaqqı səviyyəsinin doğrudan da insanların real minimum ehtiyaclarını ödəməsi çox önəmlidir. İndiki halda, özəlliklə son iki ildəki ikirəqəmli inflyasiya ortamında 345 manat səviyyəsindəki əməkhaqqı ilə nəinki bir ailənin, bir şəxsin belə öz aylıq ehtiyaclarını qarşılaması çox çətindir. Bu üzdən, hökumət rəsmiləri açıqlamalarında minimum əməkhaqqındakı artımın inflyasiya göstəricisini üstələdiyi ilə öyünsə də, minimum əməkhaqqının özü yetərsiz olduğundan bu artımlar əhalinin rifahına inflyasiyanın təsirini kompensasiya edə bilmir.

Minimum əməkhaqqı artışının effektivliyini aşağı salan digər bir amil də ölkədə qeyri-rəsmi məşğulluq səviyyəsinin yüksəkliyidir. Axı minimum əməkhaqqındakı artımlar sırf əmək müqaviləsi ilə çalışan işçilərə təsir edir. Rəsmi müqavilə ilə işləyən şəxslər, digər sosial mexanizmlər kimi, minimum əməkhaqqı artımından da yararlana bilmirlər. Bu baxımdan, ölkədə qeyri-rəsmi məşğulluq aradan qaldırılmadan və minimum əməkhaqqı real minimum ehtiyacları qarşılayacaq həddə çatmadan bu sosial mexanizmi işlək adlandırmaq olmaz.

Azərbaycanda minimum əməkhaqqı ilə bağlı problemlər bunlarla da bitmir. Bir çox ölkədən fərqli olaraq, Azərbaycanda minimum maaşın müəyyənləşdirilməsində iştirakçılıq tələb edilmir. Müxtəlif ölkələrin təcrübəsində minimum əməkhaqqının təyin edilməsi ilə bağlı komissiyaların yaradılması və onun tərkibinə həm hökumətin, həm sahibkarlar, həm də həmkarlar ittifaqlarının təmsilçilərinin daxil edilməsi praktikası geniş yayılıb. Bir qrup ölkədə isə minimum əməkhaqqı parlament müzakirələri nəticəsində müəyyənləşdirilir. Ancaq Azərbaycanda bu məbləğ yalnız prezident qərarı ilə təsdiqlənir.

Bəzi ölkələrdə differensial minimum əməkhaqqı sistemi də var. Ölkənin müxtəlif əraziləri arasında gəlir və xərclərin səviyyəsi fərqli ola bildiyindən bu tip yanaşma tətbiq edilir. Azərbaycanda da istər orta aylıq əməkhaqqı, istərsə digər bir çox iqtisadi göstəricilər baxımından paytaxt Bakı ilə ölkənin digər əraziləri arasında çox böyük fərq var. Bu baxımdan, Bakı şəhərində minimum əməkhaqqı səviyyəsinin ölkə ortalamasından daha yüksək təyin edilməsi də, ən azı, paytaxtda minimum əməkhaqqı səviyyəsində gəliri olanların sosial durumunu yaxşılaşdıra bilər.

XS
SM
MD
LG