Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:23

Minimum əməkhaqqı nə qədər artırılmalıdır?


'Azərbaycanda normal yaşamaq üçün 3-4 min manat maaş lazımdır'
Gözlə

No media source currently available

0:00 0:06:26 0:00

'Azərbaycanda normal yaşamaq üçün 3-4 min manat maaş lazımdır' (2021)

Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanacaq. Bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın "Əmək bazarı" işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planında deyilir.

Bu ilin əvvəli Azərbaycanda pensiyaların və müavinətlərin artımı baş versə də, minimum əməkhaqqı 345 manat həddində qalmışdı. Ötən ilin əvvəlində əməkhaqqının ən aşağı səviyyəsi 300 manatdan 345 manata qaldırılmışdı.

Yaxınlarda minimum aylıq əməkhaqqının inkişaf etmiş ölkələrdə tətbiq olunmuş saatlıq əməkhaqqı sistemi ilə əvəzlənəcəyi ilə bağlı məlumatlar da yayılmışdı.

Hazırda Azərbaycanda özəl sektorda çalışıb 345 manat əməkhaqqı alan şəxsin maaşından toplam 29 manat 13 qəpik ödənişlər tutulur. (20 manat 50 qəpik Dövlət Sosial Müdafiə Fondu, 1 manat 73 qəpik işsizlikdən sığorta, 6 manat 90 qəpik icbari tibbi sığorta ödənişi olmaqla) Dövlət sektorunda çalışanla üçün bu rəqəm toplam 39 manat 28 qəpikdir.

Minimum əməkhaqqı artdıqca VÖEN ilə çalışanların da sosial ödənişləri artır.

Azərbaycanda ən aşağı həddə aylıq maaş alan insanların sayı rəsmi elan olunmasa da, 2022-ci ildə hökumət minimum əməkhaqqının artırılmasının 600 min nəfərə təsir etdiyini açıqlamışdı.

Vüqar Bayramov
Vüqar Bayramov

"Artımın ikirəqəmli olacağı gözlənilir"

Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramov "Turan"a bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlayır və bu il noyabrın 1-ə qədər bu təkliflər müzakirə üçün təqdim olunacaq: "Gözləntilər növbəti ilin yanvarından minimum əməkhaqqının artırılması ilə bağlıdır".

V.Bayramovun sözlərinə görə, artım faizinin ikirəqəmli olacağı gözlənilir: "Çünki son illərdə orta əməkhaqqıda da ikirəqəmli artım müşahidə edilib".

O qeyd edib ki, nəticədə bu artım 700 min nəfərdən çox vətəndaşın əməkhaqqına, birbaşa gəlirlərinə təsir göstərə bilər: "Nəzərə alsaq ki, minimum əməkhaqqı alanlar daha çox sosial təminata ehtiyacı olan vətəndaşlardır, bu onların sosial təminatının daha da gücləndirilməsinə xidmət etmiş olacaq".

"Minimum əməkhaqqı artan kimi vergi yükü də artır"

İqtisadçı Natiq Cəfərlinin AzadlıqRadiosuna deməsinə görə, əslində Azərbaycanda da, inkişaf etmiş ölkələrdəki kimi, saatlıq ödəniş sisteminə keçmək yaxşı olardı: "Amma indiki iqtisadi münasibətlərdə bu, o qədər də real görünmür. Azərbaycanın əmək bazarında dövlət sektoru üstünlük təşkil edir, 1.7 milyon muzdla çalışanlar var, onların 900 mini büdcə təşkilatlarında çalışır. Orada da fiksə olunmuş iş saatları var".

O düşünür ki, ölkədə minimum əməkhaqqı gələn ildən artırılacaq: "İndiki zamanda bunun artırılması üçün büdcədə vəsaitin nəzərdə tutulmasına ehtiyac var. Yeni büdcə isə, çox güman ki, yeni parlament tərəfindən noyabr-dekabr aylarında qəbul olunacaq. Ondan sonra da minimum əməkhaqqı ilə bağlı qərar verilə bilər".

Natiq Cəfərli
Natiq Cəfərli

"500 manat olmalıdır”

N.Cəfərlinin sözlərinə görə, minimum əməkhaqqının VÖEN-lə çalışanların sosial ödənişlərinə birbaşa təsiri var: "Qanunda çox mənasız asılılıq yaradıblar və minimum əməkhaqqı artan kimi VÖEN-lə çalışanların vergi yükü də artır. Birincisi, bu, qanunla aradan qaldırılmalıdır. İkincisi, minimum əməkhaqqının hesablaması dəyişməlidir. Minimum istehlak səbəti yenidən hesablanmalıdır, yaşayış minimumu özündə daha real rəqəmləri ehtiva edilməlidir".

İqtisadçı hesab edir ki, indiki şəraitdə minimum əməkhaqqı 500 manat olmalıdır: "Bu məbləğ insanların minimum ehtiyaclarını ödəyə bilər. Amma bu da yetərli deyil, çünki elə ailələr var ki, dörd-beş nəfərdən tək bir nəfər işləyir. Onun da minimum əməkhaqqı alması ailənin çox yoxsul vəziyyətə düşməsinə səbəb olur".

XS
SM
MD
LG