Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:45

Həbsdəki MTN generalı: ‘Günü bu gün də banka borcum var’


Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov (arxiv fotosu)
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov (arxiv fotosu)

“Eldar Mahmudov və Hilal Əsədov sənədlərin məhv edilməsi üçün əmr vermişdi”.

“Mənə 7 milyon mənimsəmə ittihamı verilib. Hardadır o pul? O qədər pulum olsaydı, evlərim, villalarım, bağlarım olardı. Mənimsə heç nəyim yoxdur. Günü bu gün də banka borcum var...”, – həbsdə olan MTN generalı Elçin Quliyevin sözləridir.

MTN-in Antiterror Mərkəzinin rəisi olmuş Elçin Quliyev fevralın 26-da yenidən məhkəmə qarşısına çıxarılıb. O, 10 il 6 ay azadlıqdan məhrum edilməsi, general rütbəsinin alınması və əmlaklarının müsadirəsi haqda Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmdən şikayət verib. İndi Bakı Apellyasiya Məhkəməsində Sahibxan Mirzəyevin sədrlik etdiyi hakimlər kollegiyası həmin şikayət araşdırır.

Buna da bax: 'MTN işi'ndə nə baş verir? [video]

Fevralın 26-da keçirilən məhkəmə iclasında MTN generalının özü də, vəkili Ziyad Abbaszadə də prosesin qapalı keçirilməsini istəyib. Vəkil deyib ki, bu cinayət işində xeyli vacib məsələlər araşdırılmayıb. Onların da bir çoxu dövlət sirri sayılan məsələlərdir. Əgər məhkəmə prosesi qapalı keçirilsə, E.Quliyev onlar haqda danışıb, aydınlıq gətirə bilər.

“Bu işdə elə məsələlər var ki, hamının içində danışmaq olmur...”, – bunu isə E.Quliyev özü deyib.

“Eldar Mahmudovun öz agenti var idi, mənim öz agentim...”

Generalın vəkilinin daha bir istəyi MTN-də agentura və əməliyyatlara ayrılmış vəsaitlərin xərclənməsi ilə bağlı ekspertiza keçirilməsi olub. 2013-cü ilin prezident seçkiləri ilə əlaqədar “Şimal küləyi”, ondan öncə də “Qərb qütbü” adlandırılan əməliyyatlara, agenturaya ayrılan vəsaitlərin mənimsənilməsi ilə əlaqədar həbsdə olan sabiq MTN-çilərə ittiham verilib.

Buna da bax: 'Vüsal Ələkbərov işi': 'Pulları MTN-ə oğlum gətirdi. Məni kameradan çıxardılar'

E.Quliyevə aid hissədə 7 milyon 736 min 58 manatlıq mənimsəmədən söhbət gedir. Vəkil ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənmədiyinin müəyyənləşdirilməsindən ötrü ekspertiza təyin olunması haqda vəsatət qaldırıb. Müdafiəçinin sözlərinə görə, heç bir araşdırma aparmadan E.Quliyevə 7 milyondan artıq mənimsəmə ittihamı verilib.

Elə E.Quliyev özü də deyir ki, heç kim ondan agenturaya ayrılan pullardan hansı agentə nə qədər verdiyini soruşmadan, mənimsəmədə günahlandırırlar. O, adları çəkilən əməliyyatlar, agentlər haqda məhkəmədə çox şeyi danışa bilməyəcəyini desə də, bildirib ki, MTN-də nazir və müavinləri də daxil olmaqla, hərənin özünün agentləri vardı: “Məsələn, mənim səlahiyyətimdə olan agenti heç kim tanımayıb. Həmin adamı burda da nə sizə deyə bilərəm, nə də bir başqasına. Yalnız indiki DTX-nın rəhbər şəxslərinə onların adını deyə bilərəm. Nazirlikdə hərənin öz agenti var idi. Mərhum İlqar Əliyevin öz agenti, nazirin və ya nazir müavinlərinin də öz agentləri. Hər kəs də öz agentini tanıyırdı”.

Buna da bax: 'MTN işi'ndə zərərçəkən: 'Mütləq Eldar Mahmudov dindirilməlidir'

Cinayət işinin materiallarında yazılıb ki, şərti olaraq, “Şimal küləyi”, “Qərb qütbü” adlandırılan əməliyyatlara aid və başqa sənədlər məhv edilib. E.Quliyevin sözlərinə görə, sənədlərin məhv edilməsi haqda əmri keçmiş nazir Eldar Mahmudov və onun birinci müavini olmuş Hilal Əsədov verib.

E.Quliyevə verilən ittihamlardan biri də MTN polkovniki Malik Mustafayevin intihar həddinə çatdırılması ilə bağlıdır. E.Quliyevin vəkili deyir ki, bu ölüm hadisəsiylə bağlı düzgün araşdırma aparılmayıb: “Biz yenidən ekspertiza keçirilməsini istəyirik”.

E.Quliyev və vəkilinin vəsatətlərinin heç biri təmin olunmayıb.

Məhkəmə martın 15-də davam edəcək.

Buna da bax: MTN polkovniki: '579 adam tutmuşam, amma heç birinin evində... '

Xatırlatma

2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra nazirliyin general-mayoru E.Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad olunaraq, nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi. Amma bu vəzifədə təxminən bir ay işləyəndən sonra o da həbs olundu. O, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə, hədə-qorxu ilə tələb etmə və başqa əməllərdə suçlanır.

E.Quliyev onun tabeliyində işləmiş Azər Mehdiyevlə birlikdə mühakimə olunub. E.Quliyevə 10 il 6 ay, A.Mehdiyevə isə 8 il həbs cəzası verilib. Mehdiyev də hökmdən apellyasiya şikayəti verib.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG