Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:36

Nardaran işi-3: ‘Mən Mixaylo deyiləm, Mikayılovam’


"Nardaran işi" məhkəmənin qarşısı
"Nardaran işi" məhkəmənin qarşısı

Nardaran hadisələrindən sonra həbs olunanlardan biri də ilahiyyatçı Zülfüqar Mikayılov oldu. O, on aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində daha 11 nəfərlə birlikdə şərti olaraq, "Nardaran işi-3" adlandırılan iş üzrə mühakimə olunur.

Prokurorun 16 il həbs cəzası istədiyi ilahiyyatçı oktyabrın 30-da məhkəmədə son sözünü deyib.

"Biz ədavətin yox, ədalətin tərəfdarıyıq", - deyən Z.Mikayılov bildirib ki, o da daxil, bu iş üzrə təqsirləndirilən şəxslərin hamısı günahsızdır. Onun sözlərinə görə, istintaqda da, məhkəmədə də ittihamlar sübuta yetirilmədi:

Buna da bax: ‘Nardaran işi-3’: 'Bu adamlar terrorçu deyil, günahsızdır'

"Bu işdə çoxmərtəbəli yanlışlıqlar var. Bizə silah-sursatla bağlı ittiham veriblər. Amma biz sübut elədik ki, silahları tapıldığı iddia olunan yerlərə, evlərə əslində, polislərin özləri qoyub.

Bizə mütəşəkkil dəstə ittihamı verilib. Bu da sübut olunmadı. Mütəşəkkil dəstə üçün ən azı, bu adamlar arasında əlaqə, telefon danışıqları olmalıdır. Bu məsələlərin araşdırılmasını məhkəmə getdiyi on ay ərzində tələb elədik, amma araşdırılmadı.

Daha bir yalan terror ittihamıdır. Niyə dindarlara belə ittiham verilib? Las Veqasda bir nəfər 58 adamı öldürdü, heç ona "terrorçu" demədilər. Növbəti yalan dövlət çevrilişi haqda yazılanlardır. Bunun üçün maliyyə mənbəyi, canlı qüvvə, texnika, silah, siyasi ambisiya, məqsədlər olmalıdır. Bunların hansı var? Bu işdə çoxmərtəbəli yalanlardan başqa heç nə yoxdur".

Buna da bax: Akif Çovdarova 12 il həbs cəzası verildi [yenilənir]

"Azərbaycanda bəraət almaq Nobel mükafatı almaq kimidir"

Z.Mikayılov deyir ki, dövlət çevrilişində ittiham olunub iki ildir həbsdə saxlanılan bu adamlar heç ambisiya sözünün mənasını bilmirlər, hansısa partiyanın üzvü deyillər:

"Mən Mixaylo deyiləm, Mikayılovam. Bizim terror təşkilatımız yoxdur. Bu iş Avropa Məhkəməsinə gedəcək. Orada bu məsələlərə görə nə cavab verəcəklər? Bütün bu hadisələr polisə, prokurorluğa, məhkəməyə qarşı inamsızlıq yaradır", - Z.Mikayılov son sözünün davamında belə deyib.

Buna da bax:​ Nardaran işi-2: 'Radara düşdüyümü dedilər. Mən maşın sürə bilmirəm...'

Azərbaycanda son dövrlərdə, hətta Aşurada iştirak edənlərin də təzyiqə məruz qaldığını deyən ilahiyyatçı bunun yanlış olduğunu söyləyib. Onun sözlərinə görə, Aşurada və Novruz bayramında xalq öz birliyini sübut edir: "Bununla mübarizə aparmaq olar? Bizə İmam Hüseyn peyvəndi vurulub, bizdə vəhhabilik yoxdur. O qədər işgəncə verdilər, amma əqidəmizi dəyişmədik".

İlahiyyatçı çıxışının sonunda "Azərbaycanda bəraət almaq Nobel mükafatı almaq kimidir" desə də, bir daha günahsız olduğunu söyləyib və bəraət hökmünün çıxarılmasını istəyib.

"Lapşini buraxdılar, bizə zülm eləyirlər"

Digər təqsirləndirilən şəxslərdən Mübariz Quliyev də son sözündə günahsız olduqlarını bildirib: "Bizə verdikləri ittihamları sübut eləyə bilmədilər. İndi hər yerdə kameralar var. Hansısa cinayət törətmişiksə, sübut qoysunlar ortaya. Biz heç vaxt dövlətimizə, xalqımıza xəyanət etməmişik. Əksinə, Milli Qəhrəman Mübariz İbrahimovun dəfni və başqa tədbirlərdə iştirak etmişik. Mən həbs olunandan qohumlarımı, övladlarımı görməmişəm. İstəyirsiz, bizi öldürün, ömürlük həbs cəzası verin, amma biz bu yoldan dönmərik. Lapşini buraxdılar, bizə zülm eləyirlər".

Buna da bax:​ 'Lotu Quli azadlığa buraxılırsa, İlqar Məmmədov niyə buraxılmasın?'

Daha bir təqsirləndirilən Cabir Əliyev də deyir ki, iki ildir heç nədən həbsdədirlər: "Bizə dəhşətli işgəncələr veriblər. Bizim terror fikrimiz olmayıb, yoxdur, ola da bilməz. Biz , hətta siqaret çəkənləri də bu yoldan çəkindirirdik. İttihamda yazılanlar yalandır. Məni işdən aparıb həbs elədilər".

C.Əliyev sonda məhkəmədən ədalət gözlədiyini deyib.

Məhkəmə noyabrın 6-da digər təqsirləndirilən şəxslərin son sözü ilə davam edəcək.

'Nardaran işi'ndə hökm belə qarşılandı
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

XS
SM
MD
LG