Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:45

Pensiya şərtləri ağırlaşır


Pensionerlər.
Pensionerlər.

Azərbaycan hökuməti pensiyanın baza hissəsini ləğv edib minimum pensiya məbləğinin tətbiqinə hazırlaşır. Bu, «Əmək pensiyaları haqqında» Qanun layihəsinə təklif edilən yeni düzəlişlərdə əksini tapıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, yeni düzəlişlərə fevralın 3-də Milli Məclisin uyğun komitəsində baxılacaq.

S.Müslümovun bildirdiyinə görə, dəyişikliklər pensiyaların minimal ölçüsünün tətbiqini nəzərdə tutur: «Biz qanuna yeni element daxil edirik – minimal pensiya məbləği. Əgər pensiyanın hesablanması zamanı vətəndaşın almalı olduğu pensiyanın məbləği minimal pensiya məbləğini keçirsə, o zaman iş stajından asılı olmayaraq, ona pensiya təyin ediləcək. Əks halda, iş stajına baxılacaq. Əgər işçinin 25 illik iş stajı varsa, biz sistemin vəsaitləri hesabına ona minimal pensiya təyin edəcəyik».

Buna da bax-İqtisadçı: 'Pensiyaların baza hissəsi də artırılmalı idi'

Nazirin açıqladığına görə, əsas dəyişikliklərdən biri də «pensiyaların baza hissəsi» anlayışının ləğv edilməsidir. S.Müslümov qeyd edib ki, nəticədə pensiya sistemi tamamilə sığorta prinsipinə keçəcək. «Pensiyalar ancaq işçinin fərdi hesabında yığılmış vəsaitlərdən çıxış edərək təyin olunacaq», – S.Müslümov deyib.

2 İL ÖNCƏ OLMALIYDI

Əslində, əmək pensiyasının baza hissəsinin minimum pensiya məbləği ilə əvəzlənməsi 2014-2015-ci illərdə baş verməli idi. «2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı konsepsiyası»nda belə nəzərdə tutulmuşdu.

Konsepsiyaya əsasən, əmək pensiyasının baza hissəsi əvəzinə minimum pensiya məbləği tətbiq ediləcək. Pensiya vətəndaşların fərdi hesab məlumatları əsasında təyin olunacaq. Vətəndaşa hesablanan pensiya minimum pensiyadan aşağı olsa, işçinin stajı nəzərə alınacaq və məbləğ minimum həddə çatdırılacaq. Vətəndaşın pensiyası minimum məbləğdən artıq olduqda isə, stajla bağlı heç bir tələb qoyulmayacaq.

Buna da bax-Deputat: 'Müavinətləri çox verməyin faydası yoxdur' [video]

Konsepsiyada bildirilir ki, minimum pensiya məbləğinin artımı ayrılıqda deyil, ümumi pensiya məbləğləri ilə birlikdə indeksləşdirmə qaydasında aparılacaq: «Yeni sistemin tətbiqi işçilərin şərti yığım sistemlərində uçota alınmış vəsaitin artırılmasına şərait yaradacaq, işləyənlərin fərdi hesablarında nəzərə alınan vəsait isə ödənilən sığorta haqqının yarısını deyil, tam məbləğdə nəzərə alınmasını təmin edəcək».

Rövşən Ağayev
Rövşən Ağayev

«PENSİYA SİSTEMİNİN ROLU ƏHƏMİYYƏTLİ DƏRƏCƏDƏ AZALA BİLƏR»

Sözügedən dəyişiklikləri dəyərləndirən iqtisadçı-ekspert Rövşən Ağayev deyir ki, iqtisadi mühit bu islahatlara hazır deyil: «Gizli işsizlik yüksəkdir. Nəinki yüksək əməkhaqqı verən, ümumiyyətlə, əməkhaqqı verən iş yerlərinin sayı iqtisadi fəal əhalinin sayı ilə müqayisədə çox azdır. Deyək ki, hökumət yeni mexanizm tətbiq elədi, amma iqtisadiyyat tam və səmərəli məşğulluğu təmin etmək gücündə deyil, insanların sosial müdafiəsində pensiya sisteminin rolu əhəmiyyətli dərəcədə azala bilər. Bu isə, pensiya sırf sığorta ödəmələrinə bağlı olsa, ölkədə yoxsulluq və səfalətin daha sürətlə genişlənməsi riski yaradır».

İqtisadçı əlavə edir ki, sığorta sistemi dünyada ən effektiv və şəffaf sistem sayılır, sadəcə, bundan ötrü zəruri iqtisadi mühit olmalıdır.

Ekspertin sözlərinə görə, dünya təcrübəsinə əsasən, xalis sığorta sisteminin ümidinə qalan pensiya o halda effekt verir ki, iqtisadiyyat, ən azı, iqtisadi fəal əhalinin 65-70%-ni leqal iş yeri və ləyaqətli əməkhaqqı ilə təmin etmək potensialına malik olur.

«ŞƏRTLƏR AĞIRLAŞIR»

R.Ağayev minimum pensiya ilə pensiyanın baza hissəsinin fərqlərini belə izah edir: «Minimum pensiya o deməkdir ki, insanlar sığorta yığımları hesabına hökumətin minimum hədd kimi qoyduğu həddi özləri yığmalı olacaq. Baza pensiyası isə o deməkdir ki, bunu təmin etmək hökumətin sosial öhdəliyidir. Elə bu öhdəlik qanunla müəyyən edildiyindən, hər il Dövlət Sosial Müdafiə Fonduna büdcədən böyük transfertlər ayrılır».

Onun qənaətincə, dəyişikliklərlə şərtlər ağırlaşır: «Özəlliklə, aşağı əməkhaqqı ilə işləyən yüz minlərlə ixtisassız əmək sahibi və azgəlirli sosial sahə işçiləri üçün. Aşağı maaşla 25 il döz işlə. Baza pensiyasında hökumətin bir şərti var - ən azı, 12 il staj. Amma minimum pensiyada iki şərt ortaya çıxır - ya minimum həddə yığıma sahib olmaq, ya da 25 il staj. Hələ görək, minimum pensiyanı toplamaq indiki iqtisadi şərtlərlə nə qədər asan olacaq».

Hazırda pensiyanın baza hissəsi 110 manatdır.

XS
SM
MD
LG