Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:50

Qarabağı nə qədər əhali tərk edib?


Qarabağ erməniləri Laşın yolunda
Qarabağ erməniləri Laşın yolunda

Son günlər Qarabağı 100 mindən çox erməni əsilli insanın tərk etdiyi bildirilir.

Ermənistan hakimiyyətinin məlumatına görə, oktyabrın 1-i axşamadək ölkəyə 100 min 514 məcburi köçkün gəlib.

İlin əvvəlinə Qarabağ əhalisinin sayının 120 min nəfər olduğu bildirilirdi. Amma Azərbaycan rəsmiləri belə rəqəmlərə daim şübhə bəsləyib, onun az qala iki dəfə şişirdildiyini iddia ediblər.

Azərbaycanın rəsmi qurumları indi də Qarabağı tərk edən insanların dəqiq sayını açıqlamır. Yalnız bildirilir ki, Qarabağı tərk edən insanların təhlükəsiz və maneəsiz keçidi təşkil olunur.

Dövlət Sərhəd Xidməti "Turan"ın Qarabağı tərk edən erməni əsilli şəxslərin sayı ilə bağlı sualına dəqiq cavab verməyib. Qurumdan bildirilib ki, məsələ ilə bağlı məlumat veriləcək.

Xankəndində çox az sayda əhalinin qaldığı deyilir

BMT-nin Azərbaycanın Qarabağ regionuna səfər edən missiyasının oktyabrın 2-də açıqlanan bəyanatında isə müəyyən rəqəmlərdən bəhs edilir. Bəyanat müəlliflərinin vurğulamasına görə, Xankəndi şəhərində çox az sayda yerli əhalinin qaldığını müşahidə ediblər: "...Həmsöhbətlər 50-dən 1000-ə qədər müxtəlif rəqəmlər səsləndiriblər".

Həmin bəyanatda sonra da yazılıb: "Missiya daha sonra Laçın yolu ilə son bir neçə gün ərzində 100 min etnik erməninin keçdiyi nəzarət-buraxılış məntəqəsinə gedib. Burada missiya üzvləri Ermənistana doğru hərəkət edən heç bir mülki avtomobilə rast gəlməyib...".

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də oktyabrın 2-də bu məsələlərdən danışarkən deyib: "100 minə yaxın etnik erməni Dağlıq Qarabağı tərk edərək Ermənistana gedib... Məncə, heç birimiz deyə bilmərik, onların neçə faizi Ermənistanda daimi qalmağı planlaşdırır, və ya neçə faizi şərtlər imkan verərsə, qayıtmaq istəyə bilər".

H.Babaoğlu
H.Babaoğlu

"...o zaman görəcəyik ki, həqiqi rəqəm nədir"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu "Turan"a deyib ki, Ermənistan çox şişirdilmiş rəqəmləri paylaşır, bunun üçün bir neçə səbəbləri var: "Birincisi, Azərbaycandan könüllü şəkildə çıxan ermənilərin sayını artırmaqla xaricdən, erməni lobbisindən daha çox məbləğdə yardım əldə etməyə çalışırlar. İkincisi, həmişə yalan söylədikləri 120 min rəqəminin doğru olduğunu isbat etməyə çalışırlar. Ona görə də çox böyük sürətlə bu rəqəmləri şişirtməyə başladılar".

Deputatın fikrincə, sentyabrın sonunda Nikol Paşinyanın səsləndirdiyi 40 min rəqəmi reala ən yaxın rəqəm idi: "Düşünürəm ki, baş nazir kimi, onun Qarabağda olan ermənilərin sayı barədə dəqiq rəqəmi var idi".

Ermənistanın Baş naziri sentyabrın 22-də hökumətin iclasında bildirmişdi ki, ölkəsi 40 minə yaxın adamın yerləşdirilməsi üçün hazırlıq işləri aparıb.

Azərbaycanın hər hansı rəqəmi səsləndirməməsinə gəldikdə isə, H.Babaoğlunun sözlərinə görə, onlar bu məsələyə çox ciddi yanaşırlar: "Çox ehtiyatla davranır ki, sonra rəqəmlərdə qeyri-dəqiqlik olmasın. Mən əminəm ki, Azərbaycan mütləq bunu edəcək və o zaman biz görəcəyik ki, həqiqi rəqəm nədir".

Ə.Oruclu
Ə.Oruclu

"Sərhəd məntəqəsindən keçənlərin hamısı qeydiyyata alınıb"

Siyasi şərhçi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Laçın sərhəd məntəqəsindən keçən hər bir şəxs qeydiyyata düşür və belə olan halda, sayı müəyyənləşdirmək problem deyil: "Ermənistanda deyirlər ki, bu gün faktiki olaraq Qarabağda erməni əhali qalmayıb. Dünya mediasında da müxtəlif rəqəmlər səsləndirilir. Düşünürəm ki, sərhəd-keçid məntəqəsindən keçənlərin hamısı qeydiyyata alınıb. Azərbaycan da bu rəqəmləri açıqlamalıdır, adbaad siyahını beynəlxalq təşkilatlara təqdim etməlidir".

Onun fikrincə, Azərbaycan tərəfi gözləyir ki, qarşı tərəf istədiyi rəqəmləri səsləndirsin, sonra isə öz sözünü desin.

Ermənistanın mövqeyi

Ermənistan Baş naziri Nikol Paşinyan ermənilərin Qarabağdan kütləvi köçünü "etnik təmizləmə", "deportasiya" adlandırıb. Azərbaycan Xarici İşlər Nazirliyi isə bildirib ki, ta əvvəldən region sakinlərini evlərində qalmağa, Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə başlamağa çağırıblar.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" keçirdiyini elan edib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb. Sentyabrın 28-də tanınmayan qurum ilin sonuna kimi fəaliyyətini tam dayandıracağını açıqlayıb.

XS
SM
MD
LG