Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:28

Keçmiş separatçı rejim təmsilçisi: 'Ermənilərin Qarabağa kütləvi qayıdışı üçün konkret addımlar atılır'


2023-cü ilin sentyabrında Qarabağdan ermənilərin kütləvi çıxışı
2023-cü ilin sentyabrında Qarabağdan ermənilərin kütləvi çıxışı

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə, Qarabağın keçmiş separatçı rejiminin liderlərindən biri deyib ki, onlar ötən sentyabrda Azərbaycanın keçirdiyi əməliyyatdan sonra Qarabağı tərk etmiş erməni əhalinin kütləvi qayıdışı üçün “konkret addımlar” atırlar.

Azatutyunun “Qarabağ parlamentinin spiker əvəzi” kimi təqdim etdiyi Qagik Bağunts deyib:

“Artsax (Qarabağ-red) erməniləri Artsax (Qarabağ-red) səhifəsinin qapandığına dair ideyanı qəbul etməyəcəklər. Ora qayıtmaq istəyi həmişə bizimlə olacaq. Mən ümid edirəm ki, biz o qədər də uzaq olmayan gələcəkdə bu istiqamətdə əhəmiyyətli uğur qazanacağıq”.

Bağunts bildirib ki, bu istiqamətdə konkret addımlar atılır:

“Biz konkret addımlar atırıq. Biz mümkün olan hər şeyi edəcəyik ki, Artsax (Qarabağ-red) erməniləri öz vətənlərinə, tarixi vətənlərinə qayıtsınlar. Mən ümid edirəm ki, xeyli yaşım olmasına baxmayaraq, ora nəvələrim yox, mən qayıdacağam”.

Hansı “konkret addımlar”

Azatutyun yazır ki, Bağunts “konkret addımların” nədən ibarət olmasını şərh etməyib. O yalnız bunu deyib ki, Qarabağın separatçı liderləri “dünya gücləri ilə əməkdaşlığa”, hətta Azərbaycan hakimiyyəti ilə təmaslara hazırdırlar.

O belə təmasların indiyədək baş verib-vermədiyini də deməyib.

Qagik Bağunts
Qagik Bağunts

Azərbaycan hökuməti dəfələrlə bildirib ki, Qarabağ erməniləri evlərinə qayıdıb yaşamaqda sərbəstdirlər, amma bunun üçün Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər.

Prezident İlham Əliyevsə deyib ki, Qarabağ erməniləri Azərbaycanın bütün başqa vətəndaşlarının malik olduqları hüquqlara malik olacaqlar. Lakin o bunu da bəyan etmişdi ki, Qarabağ ermənilərinin məsələsini heç bir üçüncü tərəflə müzakirə etməyəcək. Bakı sentyabr əməliyyatından sonra Qarabağ məsələnin qapandığını deyib.

Azatutyun yazır ki, Qarabağı tərk etmiş minlərlə ermənidən hələ heç kəs ora qayıtmaq istəyini dilə gətirməyib.

Son vaxtlar bu məsələdə Rusiya da fəallaşıb

Əvəzində son vaxtlarda Rusiya rəsmiləri ermənilərin qayıdışı məsələsini tez-tez gündəmə qaytarmağa çalışırlar.

Şərhçilər bildirilər ki, bu, Moskvanın öz sülhmərmalı kontingentini Qaarabağda saxlamaq istəyindən irəli gəlir.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova fevralın 14-də brifinq zamanı demişdi ki, "Moskva və Bakı Qarabağ ermənilərinin qayıdışının perspektivlərini müzakirə edirlər".

Rəsmi Bakı Zaxarovanın bu bəyanatını heç bir şəkildə şərh etməmişdi.

Lakin Qarabağın “insan haqları ombudsmanı” kimi təqdim olunan Geğam Stepanyan Rusiyanın ötən sentyabrda Azərbaycanın xüsusi əməliyyatından sonra Qarabağı tərk etmiş ermənilərin qayıdışına dəstək verilməsinə dair Moskvanın təklifini rədd etmişdi.

Stepanyan Yerevanda keçirilən mətbuat konfransında demişdi ki, Moskva onlara hətta əlavə təhlükəsizlik qarantiyaları versə də, onlar geri qayıtmayacaqlar.

O bildirmişdi ki, bu məsələdə beynəlxalq qarantiyalara ehtiyac var.

“Bu məsələ Paşinyan administrasiyası üçün qapanıb”

Amma Azatutyun yazır ki, Ermənistan hökuməti belə qarantiyaları əldə etməyə çalışmır.

Baş nazir Nikol Paşinyan dəfələrlə bəyan edib ki, onun administrasiyası üçün Qarabağ məsələsi artıq qapanıb.

Azatutyun yazır ki, Paşinyanın siyasi müttəfiqləri ötən dekabrda separatçı rejimin özünü buraxmasına dair son separatçı “prezident” Samvel Şahramanyanı belə bir fərman imzalmasına görə tənqid etmişdilər.

O isə demişdi ki, bunu Azərbaycanın hücumunun qarşısını almaq və Qarabağ ermənilərinin bölgədən təhlükəsiz olaraq çıxması üçün etməyə məcbur idi.

Paşinyan habelə ilk dəfə olaraq qondarma respublikanın ildönümü münasibətilə heç bir bəyanat verməyib.

Azatutyun yazır ki, Paşinyan 2022-ci ildə Qarabağ üzərində Azərbaycanın suverenliyini rəsmən tanıyandan sonra bu mövzuda ümumiyyətlə danışmamağa çalışır.

Baş nazir 2023-cü ilin dekabrında demişdi:

“Ermənistanın indiyədək xarici siyasəti olmayıb, Dağlıq Qarabağ siyasəti olub. Ermənistanın heç vaxt təhlükəsizlik gündəliyi olmayıb, Dağlıq Qarabağ təhlükəsizliyi gündəliyi olub. Biz Ermənistan Respublikasını qurmaq üçün lazım olan resurslarımızı Dağlıq Qarabağ Respublikasının yaradılmasına investisiya etmişik”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi ( danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Separatçı qurumun bir çox liderləri də saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG