Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:17

Azərbaycan Fransaya nota verib


Fransanın Qarabağa humanitar yardım karvanı
Fransanın Qarabağa humanitar yardım karvanı

Avqustun 31-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata görə, humanitar yük elan edilmiş avtomobillərin Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə "Laçın" sərhəd-keçid məntəqəsinə göndərilməsi ilə bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim olunub.

Fransanın bu cür hərəkətlərinin təkcə Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə deyil, həm də ölkənin suverenliyinə və beynəlxalq hüquqla qorunan ərazi bütövlüyünə qəsd olduğu vurğulanıb.

Separatçılar Bakıdan gələn yardımı istəmirlər, Parisin humanitar yardımı sərhəddədir

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə “Qarabağ parlamentinin sədri” kimi təqdim olunan David İşxanyan Ağdam-Xankəndi yolunun bağlı qalacağına dair qəti qərarın olduğunu deyib.

O bildirib ki, bu qərar “yekdildir”.

İşxanyanın sözlərinə görə Ağdam-Xankəndi yolunda Rusiya sülhməramlılarının və separatçı rejimin “müvafiq blokpostları” qurulub.

Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin Qarabağa göndərdiyi humanitar yardım barədə danışarkən İşxanyan deyib ki, “Azərbaycan Qarabağ əhalisinin ehtiyaclarının təminatı üçün mümkün olan bütün addımları atdığını dünyaya göstərmək üçün daha bir siyasi təxribat addımı atıb”.

Bundan iki gün əvvəl Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan demişdi ki, onlar yalnız Laçın yolu ilə gətirilən humanitar yardımları qəbul edəcəklər.

Separatçı rejim bunu da bildirib ki, Ağdam yolu ilə humanitar yardımın gətirilməsinə dair Bakı ilə heç bir razılaşması olmayıb.

Bu barədə bəyanatda deyilir ki, “Azərbaycan Qarabağdakı humanitar vəziyyətdən həqiqətən də narahatdırsa, 9 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq Laçın dəhlizi ilə təchizatı qadağan etməməlidir”.

Bu da xəbər verilir ki, Qarabağın erməni sakinləri Ağdam yolu ilə yardımın gətirilməsinə qarşı etiraz aksiyası keçirirlər və avqustun 29-dan Əsgəranda toplaşırlar.

Samvel Babayanın fərqli mövqeyi

Azatutyun xəbər verir ki, Qarabağ rejiminin parlametindəki “Vahid vətən” fraksiyasının lideri Samvel Babayan yaranmış vəziyyətlə bağlı çıxış edib.

Onun sözlərinə görə onun partiyasının Azərbaycanın humanitar yüklərin Ağdam yolu ilə gətirilməsi təklifini dəstəklədiyinə dair deyilənlər həqiqətə uyğun deyil.

Babayan Azatutyunla söhbətində deyib ki, onların mövqeyinə görə “paket həlli çərçivəsində” Qarabağa humanitar yüklər həm Laçın, həm də Ağdam yolu ilə gətirilə bilər.

Amma o əlavə edib ki, bu paket çərçivəsində Qarabağın statusu “heç olmasa ümumi prinsiplərlə əks olunmalıdır”.

Onun sözlərinə görə əks halda bir-iki maşının postdan buraxılması ilə problem həll olunmayacaq.

Samvel Babayan deyib ki, onun fikrincə Azərbaycan buna razılaşa bilər.

“Xalqı məhvə aparırlar”

Qarabağda ikinci böyük siyasi partiyanın lideri sayılan Babayan bildirib ki, separatçı liderlər onun təklifini qəbul etmirlər və özlərini “çıxılmaz vəziyyətə” salıblar:

“Bir yeddi gün də gözləyək, görək indi onlar məsuliyyəti kimin boynuna qoyacaqlar. Onlar qalxıb deməlidirlər: “Əziz xalq, bizim seçimimiz yoxdur. İndi miqrasiyamı edək?”

Samvel Babayanın fikrincə Qarabağ liderləri belə bir siqnal göndərmək istəyirlər:

“Ya onlar Ağdam vasitəsilə gələn yardımı qəbul edib Azərbaycana inteqrasiya olunurlar, ya da Qarabağdan çıxıb gedirlər. Başa düşmürlər ki, bundan başqa həll yolu da var”.

Babayan bildirib ki, separatçı liderlər “xalqı məhvə aparırlar”.

Fransanın da yardımı sərhəddə qalıb

Azatutyun xəbər verir ki, Paris və Fransanın bir neçə başqa şəhərlərinin bələdiyyələri tərəfindən Qarabağ erməniləri üçün göndərilmiş 10-dək humanitar yardım maşını hazırda Azərbaycanla həmsərhəd olan Kornidzor şəhərindədir.

Avtomobil yük karvanını Parisin meri Ann İdalqo müşayiət edir.

Azatutyun yazır ki, hələ Kornidzora gəlişindən əvvəl İdalqo Ermənistanın Syunik vilayətinin qubernatoru Robert Qukasyan və Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” kimi təqdim olunan Sergey Kazaryanla görüşüb.

Parisin meri Ann İdalqo Gorusda
Parisin meri Ann İdalqo Gorusda

Ann İdalqo avqustun 30-da X platformasında post yazıb:

“Biz Parisin və başqa yerli bələdiyyələrin seçkili vəzifəli şəxsləri ilə birlikdə Ermənistandayıq. Doqquz aydır ki, 30 min uşaq da daxil 120 min Artsax (Qarabağ-red) ermənisi təcrid olunub, aclıq çəkir və hər şeydən məhrum edilib. Bu humanitar fəlakətə cavab olaraq biz təcili yardım çatdırırıq. Vaxt tükənir”.

Azatutyun xatırladır ki, Fransanın humanitar yardımını daşıyan ilk yük maşınları avqustun 9-dan Kornidzordadır. İyulun 26-da Ermənistandan göndərilmiş humanitar yardım maşınları da buradadır. Onları Azərbaycanın Laçın postundan Qarabağa buraxmırlar.

Azərbaycanın mövqeyi

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Ermənistanı Laçın dəhlizindən Qarabağa mina və qanunsuz silahlıların gətirilməsi üçün istifadə etməklə vəziyyəti gərginləşdirməkdə ittiham edib.

Onun sözlərinə görə Azərbaycan məhz bu qanunsuz fəaliyyətin qarşısının alınması üçün Laçında sərhəd-buraxılış postu yaradıb.

Abdullayeva habelə gileylənib ki, “Fransanın bəzi seçkili rəsmiləri Qarabağ üçün humanitar yükləri müşayiət etməklə Azərbaycanın gözdən salınmasına və Bakının humanitar böhran yaradılmasında ittiham edilməsinə çalışırlar”.

Qızıl Aypara: 'Bizə konkret vaxt deyilməyib'

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin avqustun 29-da Xankəndinə göndərdiyi humanitar yardımı daşıyan maşınlar hazırda Ağdam-Əsgəran yolunda Rusiya sülhməramlıların postu qarşısındadır.

Cəmiyyətin icra katibi Ceyhun Mirzəyev avqustun 30-da "Turan"a bildirib ki, hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə danışıqlar aparılır: "Dünən, avqustun 29-da mən onlara gətirdiyimiz unun sertifikat keyfiyyətini təqdim etmişəm. Onlar vaxt istəyiblər ki, rəhbərliyi ilə müzakirə aparsınlar. Bizə konkret vaxt deyilməyib".

C.Mirzəyevin sözlərinə görə, cavab verilməyənə qədər Cəmiyyətin nümayəndələri ərazidə qalacaq: "Burada çadırlarımız da var və harasa getmək fikrimiz yoxdur".

Xankəndi-Ağdam yolu, Əsgəran postu, 29 avqust, 2023-cü il
Xankəndi-Ağdam yolu, Əsgəran postu, 29 avqust, 2023-cü il

Bakıdan göndərilən un Ağdama çatıb, Əsgəranda etiraz aksiyası keçirilir

AzadlıqRadiosunun erməni xidməti – "Azatutyun" xəbər verir ki, avqustun 29-da Qarabağın erməniləri Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin Qarabağ üçün göndərdiyi humanitar yardıma qarşı Əsgəranda etiraz aksiyasına başlayıblar.

Qarabağ sakinləri Rusiya sülhməramlılarının Əsgərandakı postunun ətrafına yığılırlar. Ağdamdan Xankəndiyə yol burdan keçir.

"Azatutyun" bildirir ki, ermənilər burada çadırlar quraşdırmağa başlayıblar və gecəni burada qalmaq niyyətindədirlər.

"Əsgəranın meri" kimi təqdim olunan Ayk Şamiryan "Azatutyun"a deyib ki, sakinlər Azərbaycandan Ağdam yolu ilə göndərilən yardımı istəmirlər.

Qarabağ separatçılarının lideri Araik Arutyunyan avqustun 29-da gecə ərzaq mallarının Qarabağa yalnız Laçın dəhlizi ilə gətiriləcəyini deyib.

Arutyunyanın mətbuat katibi Lusine Avanesyan isə az əvvəl demişdi ki, Bakı humanitar yük göndərilməsini Qarabağ erməniləri ilə razılaşdırmayıb.

Xankəndinə un yardımı
Xankəndinə un yardımı

Qızıl Aypara Xankəndinə un göndərdiyini deyir

Azərbaycan Qızıl Aypara Cəmiyyətindən bildirilib ki, Xankəndidə yaşayan erməni əhalisinə humanitar yardım göndəriblər. Bu barədə qurumun sədri Novruz Aslan məlumat verib. Onun sözlərinə görə, bu, ilkin yardımdır və 40 ton undan ibarətdir.

O, həmçinin qeyd edib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xankəndidə humanitar vəziyyəti qiymətləndirməyə hazırdır və bu, baş tutarsa, digər ləvazimatların da göndərilməsi mümkündür.

Humanitar yardımın Ağdam-Xankəndi yolu vasitəsilə göndərildiyi bildirilir.

Bundan əvvəl Ermənistanın da Xankəndiyə 361 ton humanitar yardımın göndərdiyi barədə məlumat yayılmışdı. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, yardım Laçın yolu vasitəsilə göndərilib. Lakin Azərbaycanın həmin yardımı buraxmaqdan imtina etdiyi, yük dolu maşınların iki ölkənin sərhədində qaldığı açıqlanıb. Azərbaycan isə Qarabağda yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi yolunu təklif etdiyini vurğulayıb. Rəsmi Bakının bildirməsinə görə, qarşı tərəf bundan, hələlik, imtina edib.

Ermənistan rəsmiləri, bir qayda olaraq, vurğulayırlar ki, onlarla Qarabağ arasında vasitə kimi 2020-ci ilin üçtərəfli bəyanatında yalnız Laçın dəhlizindən bəhs edilir.

Ötən ildən...

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir. Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir. Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib. Ermənistan isə bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG