Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:59

Şahidlər polkovnikin məhkəməsinə zorla gətiriləcək


Kosovo - Kosovo Police, logo, arrest, generic
Kosovo - Kosovo Police, logo, arrest, generic

►“Firma mənim adıma təsis olunub. Ancaq o firmanın nə işlə məşğul olduğunu bilməmişəm. Mən yalnız dedikləri sənədlərə qol çəkmişəm. Başqa işlər mənlik olmayıb”.

Bunu oktyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində 1995-1999-cu illərdə müdafiə nazirinin müavini vəzifəsində işləmiş polkovnik Mehman Səlimovun məhkəmə işində şahid kimi dindirilən “Legenda Co” MMC-nin direktoru Ağamirzə Məmmədov deyib.

Mehman Səlimova verilən ittihama görə, o, müdafiə nazirinin müavini vəzifəsindən çıxarılandan sonra sahibkar kimi Müdafiə Nazirliyinin hərbi hissələrindəki tikinti işlərini və mülki sahədə başqa tikinti işlərini həyata keçirib. Və bu işləri görərkən külli miqdarda pul mənimsəyib.

Mehman Səlimov özünü təqsirli bilmir.

Buna da bax: Kütləvi bağlanan dükanlar- [Fotolar]

Sahibi məhkəmədə ifadə verən “Legenda Co” MMC-yə gəlincə, ibtidai istintaqın qənaətinə görə, bu şirkət Mehman Səlimovun tikinti işləri ilə əlaqəli olub. Aralarında boru və sair materialların alqı-satqısı ilə bağlı çoxlu müqavilələr olub. Ancaq şirkətin təsisçisi və direktoru deyir ki, Mehman Səlimovu tanımır.

Hakim:

- Burda sənədlər var. Alqı-satqı sənədləridir. Hamısında da sizin imalarınız var…

Şahid:

- Kim kimə nə satdı, neçəyə satdı, bu işlərdən xəbərim olmayıb. Mən ancaq sənədləri imzalamışam. Mehman Səlimovu tanımıram. Mənə hər dəfə sənədləri Tərlan Yusifov imzalatdırırdı. Hər dəfə də buna görə mənə 200 manat verirdi”.

Ağamirzə Məmmədov məhkəməyə bundan əlavə heç nə demədi.

Növbəti şahid isə Kənan Rəsulov idi. Bu adam plastik boruların alqı-satqısı ilə məşğul olan şirkətdə baş mühasib işləyib. O, qısa ifadəsində Mehman Səlimovu tanımadığını dedi.

Buna da bax: Azərbaycan dilində bu sözlərin mənasını bilirsən?

İki şahiddən sonra məlum oldu ki, dəvət olunan digər şahidlər məhkəməyə gəlməyib. Hakim Zeynal Ağayev məhkəməyə gəlməyən şahidlərin məcburi gətirilməsi ilə bağlı qərar qəbul etdi. Əgər bu qərardan sonra da şahidlər məhkəmədən yayınsalar, barələrində cinayət işi başlanacaq.

Məhkəmə iclası oktyabrın 23-də davam edəcək.

Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. İttiham təsdiqini tapsa, onu azı 10 illik həbs cəzası gözləyə bilər.

XS
SM
MD
LG