Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:00

Əcnəbi iş adamlarının Azərbaycandan köçü


Arxiv fotosu
Arxiv fotosu

Bir neçə həftə əvvəl Badamdarda göz oxşayan otellərdən birinin giriş qapısında edilən dəyişiklik gözdən qaçmadı. Kempinski Hotel Badamdar adını qürurla daşıyan mehmanxananın giriş lövhəsindən Kempinski sözü müəmmalı şəkildə yoxa çıxdı. Hələ də dünyaca məşhur brendin Gilan Holdinqlə əməkdaşlıqdan niyə imtina etməsinin səbəbləri məlum deyil. Məlum olan bircə odur ki, Avropanın müxtəlif guşələrində 70 hoteli birləşdirən brend artıq Azərbaycandan gedib.

Kempinski Hotel-Badamdar, 2011
Kempinski Hotel-Badamdar, 2011

Həftədə 3-5 şirkət

Kempinski Azərbaycanı tərk edən yeganə brend deyil. Həftədə, ən azı, 3-5 xarici şirkət bağlandığı haqda rəsmi mətbuatda elan dərc etdirir.

Son aylar aşağıdakı şirkətlər Azərbaycandakı fəaliyyətlərini dayandırıblar:

  • «Ekson Saus Kaspian Limited»​ - Baham adaları,
  • «Shell Business Development Centlar Asia B.V.», «Offshore Independents International BV» - Hollandiya,
  • «WilsonCos LLC» - ABŞ,
  • «Rolls-Royce İndustrial Power Engineering (Overseas Projects) limited», «BJ Services Company Middle East Limited», «Inspectorate International Azeri» - Britaniya,
  • «Teknip Məritaym Oversiz ltd» - Fransa,
  • «Vogelsang Caspian» - Almaniya,
  • «GSE Manutenzioni S.R.L.» - İtaliya,
  • «Amiantit» - Səudiyyə Ərəbistanı.

Bu, gedən şirkətlərin tam siyahısı deyil. Ekspertlər deyirlər ki, bu şirkətlərin Bakıda sadəcə adı qalmışdı, fəaliyyətləri isə uzun müddət əvvəl dayanıb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin təhlükəsizlik sistemləri sahəsində sifarişini icra edən bu ölkənin «Pernix-Serka» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi də işini başa vurduqdan sonra ofisini bağlayıb.

Amerikanın telekommunikasiya sektorunda təmsil olunan «MFS GLOBENET, İNC.», eləcə də boya, optik məhsullar, fiber şüşə təchizatçısı - «PPG Coatings SPRL/BVBA» şirkəti də Azərbaycandan gedib.

Ofşorlardan gələn oliqarx şirkətləri də gedir

Bu ilin mayında Azərbaycan hökuməti altı filiz yatağında işlərin aparılması üçün yaradılmış «xarici sərmayəli» AİMROC korporasiyasının payını alacağını elan etdi. Bu şirkətin ölkədən getməsi də xarici sərmayənin ölkədən köçü kimi dəyərləndirilə bilərdi, bir əmma olmasaydı.

AzadlıqRadiosunun və OCCRP-nin birgə araşdırması əslində «xarici sərmayədar» kimi təqdim edilən şirkətlərin ofşor zonalarda prezident ailəsinin üzvlərinə aid olduğunu üzə çıxarmışdı.

Biznes reyestrində şəffaflığın olmaması indiyədək ölkədə xarici sərmayədar kimi qeydiyyatdan keçən şirkətlərin hansının həqiqətən də xarici investisiya, hansının ofşorlar vasitəsilə ölkəyə qayıdan oliqarx sərmayəsi olduğunu müəyyənləşdirməyə imkan vermir.

Xarici sərmayə kimi görünən oliqarx bizneslərinin payı Bağlan Group, Ata Holding, Azerfon, Azercell və sair şirkətlərdə üzə çıxmışdı.

Son iki ildə hətta oliqarx sərmayəli şirkətlər də iqtisadi tənəzzül və işgüzar fəallığın azalması ucbatından fəaliyyətini dayandırmalı, yaxud kiçiltməli olub.

*** Bunlara da baxın:
- Prezident ailəsinin qızıl biznesində iflas - ziyanı vətəndaş ödəyir - [Araşdırma]
- Əliyevlər devalvasiyadan milyonlar qazandılar (Araşdırma)
- Paşayevlərin gəlirli Retro biznesi

Hökumət “gəl, gəl” deyir

Hökumət sərmayə yatırmaq üçün daha çox güzəştlərə getdiyini elan edir. Bakıda və ölkənin bölgələrində, eləcə də sənaye parklarında və sənaye məhəllələrində sərmayə qoymaq planları quran iş adamlarına vergi və gömrük güzəştləri təklif edilir. İqtisadiyyat Nazirliyinin açıqlamalarına görə, avqust ayının əvvəlinə investisiya təşviqi sənədi almış 30 şirkət müxtəlif sənaye məhsullarının istehsalına yaxın 3 ildə 300 milyon ABŞ dolları yatıracaq. Bu şirkətlər arasında, nazirliyin sözlərinə görə, xarici sərmayə də təmsil olunur.

Di gəl ki, əcnəbi iş adamlarının qurduqları şirkətlərin ölkəni tərk etməsi haqda məlumatların yayılma intensivliyi ölkə xaricindən gəlməsi gözlənilən sərmayələr barəsində informasiyanı sanki eşidilməz edib.

Rəsmi qurumlar hələ ki bu mövzuya münasibət bildirmirlər. Dövlət Statistika Komitəsi ləğv edilən xarici şirkətləri məhdud statistik güzgüdə əks etdirməklə kifayətlənir. Bu ilin birinci yarısında ölkədə xarici sərmayənin iştirak etdiyi 300-dən çox şirkət yaradılıb, 50 şirkətin fəaliyyətinə isə xitam verilib. Nə DSK, nə Vergilər Nazirliyi (kommersiya qurumlarının dövlət qeydiyyatı orqanı) bağlanan şirkətləri təmsil etdikləri ölkə, işçi sayı, fəaliyyət sahəsi haqda məlumat verirlər.

Xarici sərmayədarların izi itirilib

Qanunvericilikdə edilən dəyişikliklərdən sonra Azərbaycanda yaradılan şirkətlərin təsisçiləri haqda məlumatlar 2012-ci ilin iyulundan gizli saxlanıldığından, əslində nə yaranan, nə də bağlanan şirkətlərin sahibləri haqda qəti fikir yürütmək olur.

Bir çox xarici sərmayəli şirkətin direktoru vəzifəsinə isə Azərbaycan vətəndaşı təyin edildiyinə görə, onların xarici kapitalın iştirakı ilə yarandığını sonralar öyrənmək olur. Əgər şirkətin rəhbəri əcnəbidirsə, Vergilər Nazirliyi yeni yaranan şirkətin dövlət reyestri məlumatında həmin şəxsin vətəndaşlığını da göstərir.

Təxminən bağlanan şirkətlərdə də vəziyyət eynidir. Şirkətin ləğvi haqda məlumatda onun xarici sərmayəçi tərəfindən yaradılıb-qapadıldığını ayırd etmək olmur.

Yalnız xarici şirkətlərin nümayəndəlik və filialları istisnadır: başqa bir ölkədəki şirkətin nümayəndəlik və filial vasitəsilə Azərbaycanda təmsil olduğu asanlıqla anlaşılır. Son 7 ayda Azərbaycandan gedənlərin əsas hissəsi də elə «qapısını bağlayan» nümayəndəliklər və filiallardır.

İlham Şaban
İlham Şaban

İlham Şaban: “Gedənlərin yeri boş qalmır

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, nefin birja qiymətindəki eniş və qlobal iqtisadiyyatda baş verən dəyişikliklərlə əlaqədar bir çox şirkət müxtəlif ölkələrə səpələnmiş ofislərinin coğrafiyasına yenidən göz gəzdirir, xərclərini azaltmaq məqsədilə fəaliyyətsiz olanları bağlayır. Belə ölkələrin arasında Azərbaycan da var. Azərbaycanı tərk edənlərin bir çoxu neft-qaz sektorunda çalışan servis şirkətidir.

«Şahdəniz qaz layihəsinin 2-ci mərhələsi üzrə kontraktlar «bölüşdürüləndən» sonra tenderlərdə uğursuzluğa düçar olanların Azərbaycanda qalmasına bir lüzum yoxdur. Odur ki, onların Azərbaycandan getməsini dramatikləşdirməyə gərək yoxdur».

Ekspert əlavə edib ki, son vaxtlar Azərbaycanda Avstraliya, Fransa, Britaniya, Niderland və başqa ölkələrdən 20-dək şirkət öz filial və nümayəndəliyini açıb. Yəni gedən şirkətlərin yerini digərləri tutur.

Apteklərdə qıtlıq aradan qalxır
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Dərman şirkətləri də gedir

Azərbaycanı tərk edən şirkətlər arasında ölkəyə dərman preparatları gətirənlər də var. Dərman biznesində çalışan Elvin Quliyevin sözlərinə görə, ötən ilin yayından bu yana dərman preparatlarının pərakəndə satış qiymətinin dövlət tənzimlənməsinəbaşlandıqlan sonra xarici şirkətlərə Azərbaycanda farmakoloq, marketoloq və s. ştatlardan ibarət ofis saxlamaq baha başa gəlir. Çünki yeni qiymətlərlə ölkəyə rəsmi yolla gətirilən malın üzərinə qoyulan ticarət əlavəsilə inzibati xərcləri qarşılamaq bir çox şirkətlər üçün çətindir. Odur ki, nümayəndəlikərini bağlayan bəzi şirkətlər («Schering Plough East AG», İsveçrə, «German Medikal Senter», Almaniya) əvvəlkitək Azərbaycana dərman ixrac edəcəklər, amma burada işlərin gedişinə əvvəlki qaydada nəzarət etmək imkanını itirəcəklər.

Bolqarıstanın dərman istehsalçısı «Aktavis EAD» şirkəti əvvəlcə Bakı nümayəndəliyini bağladığını elan etsə də, sonradan fikrindən daşınıb. Hər halda nümayəndəlikdə AzadlıqRadiosuna fəaliyyətlərinin əvvəlki rejimdə davam etdirdiklərini bildiriblər.

Türkiyədən gələn də çoxdur, gedən də

Azərbaycanda ən çox Türkiyə sərmayəli şirkətlər açılır. Odur ki, bağlanan şirkətlər arasında onların çoxluğu da diqqət çəkir. Bu şirkətlərin bir çoxunu ölkəyə gətirən özəl və dövlət investisiya layihələrinin icraçısı və təchizatçısı olmalarıdır. Fəaliyyətini dayandıranlar arasında «Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş.», «Anel Telekommunikasion Ektronik Sistemleri Sanayi ve Ticaret A.Ş.», «Biz Group Tasarım Mağaza Ekipmanları» «Ay-Ce İmport Eksport Ltd», «Elit Tasarım Dekarasyon İnşaat Ticaret Limited», «EMİ Qrup Bilgi Teknoloji A.Ş.» «Müminler Otomotiv Ticaret ve Sanayi» şirkətləri də var.

Kipr sərmayəli «Veb İnvestment», «Pro Media Systems», «Eprocess», «Dex Manus» şirkətləri də Bakıdakı filiallarını bağlayıb.

Bakıda təmsilçiliyi olan şirkətlərin arasında Rusiyadan olanlar da az deyil. Onlardan biri, uşaq qidası və pəhriz yeməkləri istehsalçısı «Lebedaynskiy» şirkəti iyun ayında Azərbaycanı tərk edib.

«Samsung Electronics Central Eurasia» şirkəti də Bakıdakı nümayəndəliyini bağlayıb. Amma bu, bu dünya texnologiya nəhənginin Azərbaycandan getməsi anlamına gəlmir. İki il öncə «Sumsung Electronics» 2,2 milyon ABŞ dolları həcmində kapitalla «Samsung Electronics Caucasus Company» törəmə şirkətini qurub.

Vergilər Nazirliyi: Dinamika pozitivdir

Bəs xarici sərmayəli şirkətlərin Azərbaycanı tərk etməsinin dövlət büdcəsinə ödəmələrə, ölkədə məşğulluq səviyyəsinə təsiri varmı?

Vergilər Nazirliyinin analitik informasiya şöbəsinin əməkdaşı Şahin Məmmədov qurumun şirkətlərin gəliş-gedişi demoqrafiyasına dinamik bir proses kimi baxdığını bildirib:

«Bir vergi ödəyicisi ləğv olur, digəri yaranır. Buna təbii proses kimi baxmaq lazımdır. Xarici sərmayəli elə vergi ödəyiciləri var ki, onlar müəyyən kontraktlarda çalışırdılar, indi işləri bitir, çıxıb gedirlər, digərləri isə fəaliyyətlərini yenidən təşkil edirlər. Bütövlükdə ləğv edilən və yeni yaradılan, eləcə də fəaliyyətini dayandıran və bərpa edən vergi ödəyicilərinin say dinamikası pozitiv xarakter daşıyır, yəni yeni yaradılan vergi ödəyiciləri daha çoxdur/»

XS
SM
MD
LG