Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:47

Siyasi fəallar hökumətdən kompensasiyalarını niyə ala bilmirlər


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Bir sıra ictimai-siyasi fəallar Avropa Məhkəməsinin onlara təyin etdiyi kompensasiyanın ödənişində qərəzli münasibətlə üzləşdiyini iddia edir. Deyirlər ki, Avropa Məhkəməsinin onlar haqqında qərarlarından sonra işlərinə yenidən baxılması bir yana, illərdir heç təzminatlarını da ala bilmirlər.

Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi deyir ki, atasının 2011-ci ildə etiraz aksiyasında saxlanması və pis rəftara məruz qalmasına görə Avropa Məhkəməsinin kəsdiyi kompensasiya bu günə qədər ödənilməyib. Onun sözlərinə görə, təkcə atası deyil, 2015-ci ildə vəfat etmiş bacısı, ictimai-siyasi fəal Nərgiz Yaqublunun kompensasiyasını da üç ildir ki, ala bilmirlər. Nərgiz 2013-cü ilin prezident seçkiləri öncəsi namizədlərdən Milli Şuranın sədri Cəmil Həsənlinin Sabirabadda yerli sakinlərlə görüşündə baş verən insident zamanı xəsarət almasıyla əlaqədar məhkəməyə şikayət etmişdi.

N.Həzi
N.Həzi

"Siyasi qərəzdən irəli gəlir"

N.Həzi bildirir ki, atası və bacısından əlavə, həyat yoldaşı, jurnalist Seymur Həzinin həbsinə görə Avropa Məhkəməsinin təyin etdiyi kompensasiyanı da ala bilmirlər: "Atanın kompensasiyasını əvvəl hissə-hissə ödəyirdilər, 2017-ci ildən dayandırdılar. Nərgiz haqqında qərar 2017-ci ilin iyununda verilib, vərəsə kimi də mən tanınmışam. Onun kompensasiyasından 3 ildir ki, heç nə ödəməyiblər. Seymurla bağlı qərarın qüvvəyə minməsindən də bir il keçib, ödəmirlər. Onlardan sonra qərar verilən işlərdə ödəyiblər. Ona görə düşünürəm ki, bu da siyasi qərəzdən irəli gəlir".

N.Həzi problemlə əlaqədar dəfələrlə Azərbaycanın Avropa Məhkəməsi yanında daimi nümayəndəsi Çingiz Əsgərova məktub yazdıqlarını, hətta şəxsən özünə telefonla zəng etdiyini deyir. Onun sözlərinə görə, 2019-cu ildə birinci zənginə Ç.Əsgərov özü cavab verib, kompensasiyaların ödəniləcəyinə söz vermişdi. Sonrakı zənglərinə isə cavab verməyib:


"Görünür, əvvəl nömrəni tanımayıb, götürüb. Sonra onun nömrəsinə cavab verən şəxs bildirir ki, guya yanlış zəng eləmişəm, Çingiz Əsgərovun nömrəsi deyil".

N.Həzi Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinə bu haqda şikayət məktubları göndərdiklərini əlavə edir. Deyir ki, qərarların icra olunmamasıyla əlaqədar Strasburqa şikayət göndərməkdə davam edəcəklər.

Avropa Məhkəməsinin təyin etdiyi kompensasiyanı ala bilmədiyini deyən "Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirələmli isə buna görə həm Ç.Əsgərovu, həm də Maliyyə Nazirliyini məhkəməyə vermək niyyətindədir. Onun fikrincə, hökumət tənqidçilərinə pul vermək istəmir, onların təzminatının ödənilməməsinin kökündə dayanan səbəb budur: "Əgər başqalarına ödənilirsə, məhz hökuməti tənqid edən şəxslər bu problemlə üzləşirsə, deməli, ortada qərəz var".

Ə.Mustafayev
Ə.Mustafayev

"Bəzilərinə illərdir ki, ödənilmir..."

Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları İlham Hüseyn, Bəhruz Həsənov da kompensasiya ödənişində problemlə üzləşdiklərini deyir.

Vəkil Əsabəli Mustafayev də kompensasiyaların ödənişi məsələsində problemlərin olduğunu təsdiqləyir. Deyir ki, elə qərarlar var, 2016-cı ildə çıxarılıb, amma bu günə qədər heç kompensasiya hissəsində icra olunmayıb: "Hələ mən qərar verilən işə yerli məhkəmələrdə yenidən baxılmasını demirəm. Avropa Məhkəməsinin qərarının icrasında ən asan hissə kompensasiyanın ödənilməsidir. Hüquqlarını müdafiə etdiyim şəxslərdən bəzilərinə illərdir ki, ödənilmir, bəzilərinə isə bir hissəsi ödənilib. Əlbəttə, kompensasiyasını tam alanlar da var...".

Başqa bir vəkil Nemət Kərimli deyir ki, kompensasiya ödənişi Avropa Məhkəməsinin qərarının bir hissəsidir. Onun sözlərinə görə, pulu ödəmək hələ qərarın icrası demək deyil:


"Əgər Avropa Məhkəməsi şəxsin işinə yerli məhkəmələrdə ədalətli baxılmadığı nəticəsinə gəlirsə, o işdə pozuntunu tanıyırsa, deməli, avtomatik o məsələ yenidən araşdırılmalıdır. Hüququ pozulduğuna görə şəxsə təzminat ödənilməklə yanaşı, o pozuntu da aradan qaldırılmalıdır. Bu mənada, icrasını gözləyən yüzlərlə iş var. Məsələ bundadır ki, bəzi işlərdə heç kompensasiya da ödənilmir".

"Məbləğin üzərinə cüzi miqdarda faiz gəlir"

Azərbaycanın Avropa Məhkəməsi yanında daimi nümayəndəsi Çingiz Əsgərov AzadlıqRadiosunun zənglərinə cavab verməyib. O, bir müddət öncə mediaya açıqlamasında Avropa Məhkəməsinin qərarlarının icrasında problem olmadığını bildirmişdi: "Bununla bağlı həm fərdi, həm də ümumi xarakterli tədbirlər həyata keçirilir. Azərbaycan hökuməti bütün kompensasiyaları ödəyir. Kompensasiyaların ödənilməsi üçün hər hansı müddət məhdudiyyəti yoxdur. Lakin Avropa Məhkəməsinin qərarlarında belə bir qayda var ki, əgər kompensasiya 3 ay müddətində ödənilmirsə, həmin məbləğin üzərinə cüzi miqdarda faiz gəlir. Bu da dövlətlər üzərinə həmin kompensasiyanın tez bir zamanda ödənilməsi üçün hüquqi öhdəliklər qoymur".

Ə.Nuriyev
Ə.Nuriyev

"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də deyir ki, kompensasiyaların ödənişində ara-sıra gecikmələr olsa da, bu hissədə Avropa Məhkəməsinin qərarları icra olunur. Onun sözlərinə görə, həmin işlərə yeni açılmış hallar üzrə yenidən baxılıb, şəxsin pozulmuş hüquqlarının bərpası məsələsində lənglik var: "Bu da hüquqi prosedurlardan irəli gəlir. Çünki o işlərə yenidən baxılması üçün müəyyən prosessual hərəkətlər aparılmalıdır. Bu hissədə də icra olunan qərarlar kifayət qədərdir. Məsələn, birləşmək azadlığının pozuntusundan şikayət etmiş təşkilatlar vardı, onların qeydiyyat problemi həllini tapdı. Rəsul Cəfərov və İlqar Məmmədovla bağlı işlərdə həm onların siyasi və mülki hüquqları bərpa edildi, həm də yüksək məbləğdə kompensasiya verildi. Amma Avropa Məhkəməsinin qərarlarının icrasında kompensasiyanın ödənişi hissəsində daha çox irəliləyişlər var".

Bu günlər Avropa Məhkəməsinin qərarlarının icrası problemi yenidən aktuallaşıb. Belə ki, Ali Məhkəmənin Plenumu ReAL Partiyasının sədri İlqar Məmmədov və partiyanın İdarə Heyətinin üzvü Rəsul Cəfərovun işinə baxıb, onlar haqqında bəraət və kompensasiya qərarı çıxarıb. Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsi martın 5-də Avropa Konvensiyasının 46-cı maddəsinə uyğun olaraq ilk aralıq qətnaməni qəbul etmişdi. Konvensiyanın 46-cı maddəsi Avropa Şurasına üzv ölkə üçün Avropa Məhkəməsinin qərarlarının icrasının məcburiliyini ehtiva edir. Bu aralıq qətnamə isə İ.Məmmədov və R.Cəfərovun da daxil olduğu 8 nəfərlik qrupun işi üzrə qərarların icra olunmamasına görə idi.

XS
SM
MD
LG