Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:54

Sovetski sakini: “Pulumu verin, ələ salmayın”


►“O vaxt həyət-həyət gəzib deyirdilər ki, evin hər kvadratmetrinə 1500, həyətyanı sahənin hər kvadratmetrinə 800 manat veriləcək. Sonra baxdım ki, sənədlərdə təkcə evin sahəsi göstərilir”

“Bu evin özülünü Nikolayın vaxtında – 150 il əvvəl babam şəxsən özü qazıb. Babam İçərişəhərdən çıxıb, qayaların üstündə bu evi qalın daşlarla tikib ki, möhkəm olsun, dağılmasın. Qismət elə gətirib ki, ev mənə qalıb. Babamın vaxtilə zəhmətlə tikdiyi həyət-bacanın pulunu indi hökumət mənə vermək istəmir”.

82 yaşlı Zibeydə Qəmbərova Sovetski sakinidir. Deyir, 2 ildir ərazidə söküntü işləri aparılsa da, sakinlərin çoxu kimi, dövlət onunla da kompensasiya məsələsində ortaq məxrəcə gələ bilmir. Zibeydə Qəmbərovaya evin sahəsinə görə kompensasiya ödənilsə də, həyətyanı sahəni çıxdaş etmək istəmirlər:

“O vaxt həyət-həyət gəzib deyirdilər ki, evin hər kvadratmetrinə 1500, həyətyanı sahənin hər kvadratmetrinə 800 manat veriləcək. Sonra baxdım ki, sənədlərdə təkcə evin sahəsi göstərilir. Dedim, “bəs həyət?” Dedilər, “həyətə görə pul verə bilmərik”.

Zibeydə xanım deyir, o gün – bu gün, düşüb qalıb Abid Şərifovun idarəsinin qapısında:

“6 dəfə Abid Şərifovun idarəsinə getmişəm, ordan bir dəfə Yasamalın icra hakimiyyətinə, bir dəfə də maliyyə nazirliyinə göndərdilər. Özlərinə də tapşırıblar ki, “aydınlaşdırın, verin bunun pulunu”. Yenə vermirlər. Tək mən deyiləm, nə qədər adam mənim kimi küçələrdə qalıb. Gedirik Prezident Administrasiyasına, deyirlər, “gedin Abid Şərifovun yanına”. Ordan gedirik Abid Şərifovun yanına, deyirlər, “gedin icra hakimiyyətinə”.

“O VAXT EV VERMƏDİLƏR, İNDİ DƏ...”

Zibeydə xanım 1-ci qrup əlildir. Deyir, hökumətdən nə güzəşt istəyir, nə də əlavə yardım. Eləcə, dədə-babadan qalan əmlaka görə kompensasiyanı ədalətli şəkildə ödəsinlər ki, ahıl yaşda və əlil vəziyyəti ilə küçədə qalmasın:

“Xırda-xırda otaqlardı, mənə nə kompensasiya veriləcək ki, bu yaşda bir daxma alım. Heç olmasa, həyətin pulunu kəsməsinlər, nə düşürsə, qəpiyinəcən ödəsinlər, başıma çarə eləyə bilim”.

Zibeydə xanım 45 il neft şirkətində, həm də gecə növbəsində işləyib. Bir neçə il əvvəlsə qəzaya düşüb, əlilə çevrilib. O vaxt neft sahəsində çalışanlara Bakının ən mərkəzi yerlərində mənzillər veriləndə onun adını siyahıya salmayıblar ki, xüsusi mənzili var:

“O vaxt mənə ev vermirdilər ki, xüsusi mənzilin var. Ancaq indi gəlib xüsusi mənzilimi mənimlə razılaşdırmadan sökürlər. Üstəlik, xüsusi həyətyanı sahəmə pul da ödəmirlər”.

“MƏNİ ƏLƏ SALIRLAR”

Bir də Zibeydə Qəmbərova dərdini deməyə getdiyi yerlərdə qarşılanmadan gileylənir:

“Hara gedirsən, adamın qabağına, az qala, süpürgəçi vəzifəsində adamlar çıxarırlar. Elə bil ölkənin dərdini- sərini dinləməyi bu nazirlik qapılarında dayanan mühafizəçilərə, süpürgəçilərə tapşırıblar. Mən uzun illər geoloq işləmişəm. Qara qızıl çıxartmışam. İndi mənə bu yaşda qapıları gəzdirirlər, getdiyim yerlərdə məni ələ salırlar”.

Yasamal rayon İcra Hakimiyyəti isə, deyəsən, Zibeydə Qəmbərova ilə hesablaşmaq fikrində deyil. Qurumdan bildiriblər ki, hələ ünvanlara bildiriş vərəqələri göndərəndə yaradılmış komissiya üzvləri həyət-həyət gəzərək əmlak sahiblərinin sənədləri ilə tanış olublar. Zibeydə Qəmbərovanın əmlak sənədləri tam qaydasında olmadığından ona sənədləri hazırlamağa vaxt veriblər. Qurum təklif edir ki, əmlak sahibinin həyətyanı sahəsinin sənədi varsa, buyursun. Yoxdursa və sənədi olmaya-olmaya həyətyanı sahəyə görə kompensasiya tələb edirsə, o zaman məhkəməyə müraciət edə bilər.

XS
SM
MD
LG