Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:21

Yumurta atmağın intiqamı? Tacikistan qovulan fəalların evində elektriki kəsib


Prezident Emomali Rahmonun Almaniyaya səfəri zamanı tacik fəalları etiraz aksiyası keçirərək onun avtomobilinə yumurta atıblar.
Prezident Emomali Rahmonun Almaniyaya səfəri zamanı tacik fəalları etiraz aksiyası keçirərək onun avtomobilinə yumurta atıblar.

İddia var ki, Tacikistanın avtoritar hökuməti müxaliflərinin evlərində elektrik enerjisini kəsir və bundan təzyiq vasitəsi kimi yararlanır.

Mühacirətdəki müxalif fəalların Tacikistandakı dörd ailəsi son günlər hökumətin onların evlərinə gələn elektrik xətlərini kəsməsindən şikayətlənir. Ailələr bildiriblər ki, daha öncə hökumət övladları Tacikistan hakimiyyətini tənqid etdiyindən onlara qarşı tədbir görüləcəyini deyib.

"Dedilər, hökumətin əmri var"

Ötən ay prezident Emomali Rahmonun Almaniyaya səfəri zamanı etiraz edən müxalifət tərəfdarları onun maşınına yumurta atıblar. Bundan sonra Rahmon hökuməti mühacirətdə olan siyasi fəalların ailələrinə təzyiqi gücləndirib.

Oyişamo Abdulloyeva
Oyişamo Abdulloyeva

Tacikistanın cənubundakı Farxor rayonunda yaşayan 72 yaşlı Oyişamo Abdulloyevanın sözlərinə görə, onun evində elektrik xətlərini kəsən elektriklər bunu məmurların tapşırığı ilə etdiklərini deyiblər.

"İşıqpulunu vaxtında ödədiyim halda niyə mənim evimin işığını kəsdiklərini elektriklərdən soruşdum. Dedilər ki, hökumətin əmri var, çünki sizin oğlunuz Almaniyada Tacikistan prezidentini tənqid edib", - Abdulloyeva AzadlıqRadiosuna belə söyləyib.

Abdulloyevanın oğlu Şarofiddin Qadoyev "Qrup 24" adlı müxalifət hərəkatının keçmiş lideridir. O, Rahmonun 28-29 sentyabr tarixli Berlin səfəri zamanı müxalifətin etirazlarına qatılıb.

Niderlandda yaşayan Qadoyev Tacikistanda İslahatlar və İnkişaf Hərəkatını təsis edib. O, xaricdəki müxalifət qruplarının koalisiyası olan Milli Alyansın da həmtəsisçisidir.

Berlindəki nümayişi "Qrup 24" və Milli Alyans təşkil edib.

Etirazlardan sonra Tacikistan rəsmiləri Qadoyevin yaşlı anasını və Avropada yaşayan fəalların onlarla yaxınını tutaraq sorğu-suala çəkiblər.

"Heç bir izahat verilməyib"

"Oğlumun 38 yaşı var və mən onun dediklərinə görə cavabdeh deyiləm", - Qadoyevin anası telefon müsahibəsində AzadlıqRadiosuna deyib.

Oyişa Mirzoyeva
Oyişa Mirzoyeva

Qonşuluqdakı Vose rayonunun sakini Oyişa Mirzoyeva isə "Qrup 24"ün lideri Suhrob Zafarin analığıdır. O da üç elektrikin onun Kaduçi kəndindəki evinə gələrək elektrik xətlərini kəsdiyini deyir: "Rayon enerji şirkətinin rəhbəri də onların arasında idi. Ondan soruşdum ki, bəlkə, işıqpulu borcum var. Ancaq onlar mənə dedilər ki, hökumətin göstərişi var və əgər mənim etirazım varsa, hökumətlə özüm danışmalıyam".

Avropada yaşayan və Berlindəki etiraza qatılan tacik müxalifət fəalı Farhod Odinayev də Tacikistanda yaşayan yaşlı anasının elektriksiz qoyulduğunu söyləyib.

47 yaşlı Odinayev iddia edir ki, polisin müşayiəti ilə gələn elektriklər onun ailəsinin Hisor rayonundakı evinə daxil olaraq elektrik xətlərini şəbəkədən ayırıblar.

AzadlıqRadiosu bu halların hər biri haqqında açıqlama almaq üçün yetkili qurumlarla əlaqə saxlasa da, heç bir cavab ala bilməyib.

"Human Rights Watch" təşkilatı Berlində keçirilən etiraz aksiyasından sonra Tacikistan polisinin mühacirət etmiş fəalların yaxınlarını saxlaması barədə, azı, 47 halı qeydə alıb.

Şarofiddin Qadoyev
Şarofiddin Qadoyev

"Saxlanılan və aralarında yaşlı nənə-baba və uşaqların, o cümlədən 81 yaşlı kişinin və yaşyarımlıq körpənin də olduğu insanlara heç bir izahat verilməyib. Onların qaba davranış, hədə-qorxu, şantaj və təhqirlərlə üzləşdiyi bildirilir", - "Human Rights Watch"un oktyabrın 6-da dərc etdiyi hesabatda belə deyilir.

Hökumət müxalif düşüncəliləri mühacirətdə də izləyir

10 milyon əhalisi olan Tacikistanın hökuməti müxalif düşüncəyə qarşı hər hansı dözümlülük göstərmir. Bütün əsas müxalifət partiyalarını yasaqlayan hökumət onların lider və fəallarını mühacirət etməyə zorlayıb. Ancaq mühacirətdə də onları rahat buraxmayaraq izləyir.

Tacikistan rəsmilərinin şübhəli ittihamlarla barələrində axtarış elan etdiyi onlarla müxalifət üzvü Avropaya köçməli olub. Onlara qarşı irəli sürülən ittihamlarsa, adətən, terrorizm və ekstremizmlə bağlı olur.

2019-cu ildə Qadoyev Tacikistan rəsmilərini onu Moskvaya səfəri zamanı oğurlayaraq zorla Düşənbəyə gətirməkdə ittiham edib. O, sonradan Qərb dövlətlərinin köməyi ilə yenidən Avropaya qayıdıb.

Odinayev 2019-cu ildə Tacikistan hökumətinin tələbi ilə Belarusda tutulub və 43 gün həbsdə qalmalı olub.

"Qrup 24"ün təsisçisi Umarali Quvatov 2015-ci ildə İstanbulda güllə ilə vurularaq öldürülüb.

XS
SM
MD
LG