Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:15

'Tağı Əhmədova 234 min manat faiz vermişəm'


Tağı Əhmədov
Tağı Əhmədov

"Bakı Metropoliteni"nin keçmiş rəisi Tağı Əhmədova məxsus 2 milyon manatı biznes adıyla alıb ələ keçirməkdə suçlanan Səadət Xəlilov deyir ki, dələduzluq ittihamı yalandır. Onun sözlərinə görə, Əhmədov pulu onlara sələmlə vermişdi.

Mərmər daş biznesiylə məşğul olmuş Xəlilov məhkəmə qarşısında tək deyil. Sahil AbuşovQulu Muxtarov da onunla birlikdə mühakimə olunur. Amma digər iki nəfərdən fərqli olaraq, Xəlilov həbsdədir.

1 milyona 10 min qazanc

23 il elmi-pedaqoji fəaliyyətlə məşğul olduğunu deyən Xəlilovun sözlərinə görə, Tağı Əhmədov əvvəl 1 milyon manat pula aylıq 10 min manat qazanc istəmişdi.

Bu işdə zərərçəkən qismində tanınan Soltan Əliyev Əhmədovun dostudur. Elə Xəlilovla keçmiş Metropoliten rəisi arasında vasitəçi də o olub: "Soltan dedi ki, Tağı obyektini satır, onun pulunu bizə verəcək. Qazaxıstandan mərmər sifarişləri götürmüşdük, vaxt daralırdı, malı vaxtında çatdırmasaydıq, cərimə ola bilərdi. Soltan məni apardı, Tağı Əhmədovla görüşdük. Harada, kimlərlə işlədiyimlə maraqlandı. Özü də mərmər işiylə məşğul olan bir neçə nəfərin adını çəkdi. Bu sahəni bildiyimə əmin olanda dedi ki, 3 milyon vermək istəyir".

Yaqut daş girov qoyulub

Xəlilovun sözlərinə görə, həmin görüşdə 200 min verilib. Bir müddət sonra Əliyev ona zəng edib deyib ki, üç sellofan torba götürüb YAP-ın Yasamal rayon təşkilatının yanına gəlsin. Ora gəlib Tağı Əhmədovdan daha 1 milyon alıblar. Üçüncü dəfə isə onlara 800 min manat verilib. Amma 1 milyon götürüləndə Əhmədova Elmlər Akademiyasından sertifikatı da olan, bahalı yaqut qaş girov verilib.

Xəlilov deyir ki, xaricdəki mallarla bağlı ödənişdə problemlər yarananda onlar da faizləri ödəməkdə çətinlik çəkirdilər. Buna görə artıq söz-söhbət yaranmışdı. Bunu onun qardaşı Maşallah Xəlilov da təsdiqləyir: ""Xətai" metrosu tərəfdə ofisləri vardı, arada ora gedib-gələndə eşidirdim ki, Tağı Əhmədovdan götürülmüş pulun faiz hissəsi ilə bağlı problemlər var".

Təqsirləndirilən şəxs əlavə edib ki, faiz ödənişində problemlər yarananda Tağı Əhmədovun qohumları elə Soltan Əliyevin yanında onu döyüb. Onun sözlərinə görə, Tağı Əhmədovun oğlu Ruslan Əhmədov da bu məsələ ilə əlaqədar bir neçə dəfə onunla görüşüb.

"Sənin günahın o oldu ki, şantaja keçdin"

Amma zərərçəkmiş Soltan Əliyev deyir ki, Xəlilovun döyülməsinin şahidi olmayıb: "Səadət, sənin günahın o oldu ki, şantaja keçdin. Bununla da böyük səhv elədin və işlər bu yerə gəlib çatdı".

Xəlilov isə onun yalan danışdığını deyir. Onun sözlərinə görə, zərərçəkmiş Əliyev Xətai rayon Məhkəməsində ona qarşı ayrıca mülki iddia da qaldırıb. Tağı Əhmədovun 2 milyonu ilə yanaşı, 1 milyon 92 min manat da faiz pulu tələb edir: "Bəs niyə verilən faizləri saymırsız? Məni sizin yalanlarınıza görə 10 ilə qədər həbs gözləyir. Eybi yox, mən bu 10 ili həbsdə yataram, amma siz bu qədər yalanlarla yata bilməyəcəksiz. Adamın vicdanı olar. Tağı Əhmədova 234 min faiz vermişəm, amma o pulu çıxmırsız, üstəlik, 1 milyon əlavə faiz istəyirsiz...".

Məhkəmə araşdırmaları davam edir.

Təqsirləndirilən üç nəfər CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi olmuş Tağı Əhmədov uzun müddət hakim Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatına sədrlik edib, bu ilin sentyabrında vəzifədən çıxarılıb.

XS
SM
MD
LG