Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:36

Ukraynadan oliqarx köçü?


Kiyevdə oliqarxlara qarşı etiraz aksiyası, 2018-ci il
Kiyevdə oliqarxlara qarşı etiraz aksiyası, 2018-ci il

Rusiyanın təhdidlərinə qarşı həmrəylik çağırışları fonunda Prezident Volodimir Zelenski hökumətinin korrupsiyanın kökünü kəsmək cəhdlərinin hədər gedəcəyi ilə bağlı şübhələr var

Ukraynaya Rusiyadan yeni hücum təhdidi olduğu bir vaxtda özəl, elit, çarter təyyarələrinin ölkədən Qərb doğru uçuşu monitorinq proqramları tərəfindən qeydə alınıb.

Fevralın 13-də “Ukrayinska Pravda”nın müxbirləri Kiyevdən 20-dək təyyarənin çıxdığını hesablayıblar.

“Dəyirman daşı”

Bu təyyarələrin “oliqarxlar” kimi tanınan biznes maqnatlarına məxsus olduğu bildirilir. Onların sərvəti və gücü Ukrayna kapitalizminin simvolu, bu ölkənin korrupsiya ilə bağlı reputasiyasının təmizlənməsi yolunda “dəyirman daşı” hesab olunur.

Rusiyanın Ukrayna ilə sərhəd yaxınlığına 130 mindən çox əsgər və güclü silahlar yerləşdirməsi bu ölkəyə mümkün hücuma hazırlaşması ehtimalını gücləndirib. 2014-cü ildə Krımı ilhaq etmiş Rusiya Ukraynanın şərqində separatçıları dəstəkləyir, münaqişədə 13 mindən çox insan öldürülüb.

AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Mayk Ekel yazır ki, Rusiyanın təhdidlərinə qarşı Ukraynada həmrəylik çağırışları fonunda Prezident Volodimir Zelenski hökumətinin korrupsiyanın kökünü kəsmək cəhdlərinin hədər gedəcəyi ilə bağlı şübhələr var. Ən pisi isə odur ki, Zelenski hökuməti özü islahatları yubada bilər.

Beynəlxalq təzyiq

İslahatların hədəflərinə Rinat Axmetov, Viktor Pinçuk, Dmitro Firtaş, Viktor Medvedçuk, İhor Kolomoyski kimi oliqarxrların gücünü məhdudlaşdırmaq daxildir. Aqrobiznes maqnatı Vadim Nesterenko, gəmiçilik maqnatı Andriy Stavnitser, milyarder deputat İhor Abramoviç, metal maqnatı Vadim Novinskiy daha az tanınan fiqurlardır.

“Müharibə və bütün bu təhdidlərlə bağlı, beynəlxalq tərəfdaşlarımızın diqqəti Rusiyaya yönəlib, bu isə onların təzyiq vasitəsini itirməyimiz deməkdir”, – Antikorrupsiya Fəaliyyət Mərkəzinin icraçı direktoru Darya Kalenyuk deyir.

“Ukraynaya hələ də maliyyə yardımı lazımdır. Rusiyaya, onun sərhədə qoşun yığmasına görə çox şey itiririk, amma bu, qeyd-şərtsiz dəstək olmamalıdır. Şərtilik olmalıdır, son səkkiz ilin islahatlarının bada getməyəcəyi şərti qoyulmalıdır. Daxili islahatlara daxili diqqəti itirməməliyik”, – o vurğulayıb.

İslahatlar

Rusiyayönlü prezident Vikrot Yanukoviçin devrilməsi ilə nəticələnmiş 2013-14-ci illərin Maydan hərəkatının bir səbəbi ölkədəki korrupsiya idi. Güclü oliqarxların bəziləri Yanukoviçi və onun Regionlar Partiyasını dəstəkləyirdi.

2014-ci ildə seçilmiş Prezident Petro Poroşenko hökuməti, həm də Qərb donorlarının təzyiqi altında iki böyük layihəni həyata keçirdi. Birincisi, Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) kimi təhqiqat agentliklərinin yaradılması oldu. Bu qurum korrupsiyanı sübuta yetirir, işləri hazırlayıb məhkəməyə təqdim edir.

İkinci addım isə ölkə iqtisadiyyatında böyük rolu olan dövlət şirkətlərində korporativ idarəçiliyi təkmilləşdirmək oldu.

Ukrayna mülki obyektlərinin atəşə tutulduğunu deyir
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Ləng mübarizə

Amma tənqidçilərin fikrincə, Poroşenko fundamental dəyişiklikləri, baş prokuror daxil olmaqla, korrupsioner hesab edilən güclü oliqarxların təqibini ləng həyata keçirirdi.

Kalenyuk Ukraynada oliqarxların fərqli xüsusiyyətləri olduğunu deyir.

“Amma ümumi faktor onların sərvətidir. Sərvətə görə rusiyapərəst siyasətçiləri dəstəkləmək istəsələr, bunu edəcəklər. Bu, bütün oliqarxlara xasdır”, – o vurğulayıb.

“Onların hamısı eyni zamanda Qərbdən çox asılıdır”, – Kalenyuk bildirir.

2019-cu ildə hakimiyyətə keçmiş Zelenski Rusiya ilə münaqişəni bitirməyi, korrupsiya və bürokratiya ilə mübarizə vəd edib

Amma Zelenski administrasiya rəsmilərinin bu cəhdlərə zərbə vura biləcəyi sarıdan şübhələr artır.

Tənqid

“Transparency International” ötən ay açıqladığı hesabatda “irəliləyiş olmadığını”, ölkənin reytinqinin azacıq düşdüyünü qeyd edib. “Xeyli təcili antikorrupsiya tapşırığı yubadılır, dondurulub, yaxud qeyri-müəyyən vaxta təxirə salınıb”, – qurum bildirib.

Zelenski administrasiyadan iki sözçü AzadlıqRadiosu-nun sorğularını cavablandırmayıb. Amma əvvəllər administrasiya rəsmiləri islahatlara sadiq qaldıqlarını deyərək onları yubatmaq, yaxud dayandırmaqla bağlı deyilənləri təkzib ediblər.

Sentyabrda Zelenskinin “Xalqın Qulluqçusu” partiyasının üstünlük təşkil etdiyi parlament bir qanun qəbul etdi. Milli Müdafiə və Təhlükəsizlik Şurasına icazə verildi ki, oliqarx anlayışını müəyyənləşdirsin. Oliqarx hesab olunan şəxslərin siyasi partiyaları maliyyələşdirməsinə, hökumətdə vəzifə tutmasına, dövlət şirkətlərinin özəlləşdirilməsində iştirakına icazə verilməyəcək. Onlardan aktivlərini açıqlamaq tələb olunacaq.

Baxır oliqarxa...

Amma fəallar bu qanunun görüntü xarakterli olduğunu, korrupsiyaya qarşı digər işlərin sakitcə önləndiyini deyirlər. Məsələn, İxtisaslaşmış Antikorrupsiya Prokurorluğuna yeni başçı hələ də seçilməyib.

Müəllif yazır ki, Zelenski ən asanı rusiyapərəst təbliğat aparan üç televiziyanın sahibi Medvedçukla savaşmaq oldu. Medvedçuk, qızının xaç atası, Rusiya Prezidenti Vladimir Putinin dostudur.

Birləşmiş Ştatlar hələ 2014-cü ildə Medvedçukun Ukraynada demokratiyaya zərbə vurduğunu deyərək ona sanksiyalar tətbiq edib. Zelenski administrasiyası 2021-ci ilin fevralında onun telekanallarını bağlayıb, bir ay sonra isə prokurorlar onu ev dustağı edib.

Zelenskinin siyasi partiyasını dəstəkləyən Kolomoyski ilə mübarizə daha çətindir. O 2016-cı ildə iflas etmiş "Privatbank"ın vəsaitindən sui-istifadədə ittiham olunaraq ABŞ sanksiyaları ilə üzləşib.

Kolomosyki fevralın 15-də müsahibəsində Zelenski ilə daha əlaqəsi olmadığını deyib.

Rusiya Duması Ukrayna separatçılarını tanımağa çağıran qərar qəbul etdi
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Zelenskinin müraciətindən sonra...

“Ukrayinska Pravda” ölkədən çıxan çarter reysləri haqda yazandan sonra Zelenski əhalini Rusiyanın təhdidinə qarşı həmrəyliyə çağırıb. O, deputatları, adını çəkmədiyi biznes liderlərini Rusiya qüvvələrinin potensial hücumu gözləndiyi bir vaxtda ölkədən qaçmaqda ittiham edib.

Bir gün sonra metal biznes imperiyası olan Axmetov Ukraynaya qayıtdı, Donbasda cəbhə xəttinə yaxın Mariupol liman şəhərinə getdi. Onun şirkətinin orada iki zavodu var.

AzadlıqRadiosu Firtaş və Medvedçukun sözçülərindən şərh ala bilməyib.

Pinçukun sözçüsü Nataliya Vovk deyib ki, Pinçuk biznes və şəxsi işləri ilə əlaqədar tez-tez səyahət edir.

“Ukrayna bizim üçün yeganə vətəndir, biz buraya investisiya qoyuruq, onun uğrunda birlikdə vuruşacağıq”, – sözçü Pinçuka istinadla deyib.

XS
SM
MD
LG