Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:10

Müharibəyə zorla aparılan ortasiyalılar. Novosibirskə onlarla tabut gedib


Buryatiyada dəfn, arxiv fotosu
Buryatiyada dəfn, arxiv fotosu

Orta Asiyada onlarla ailəyə Ukraynadakı müharibədə Rusiya qüvvələrinin sırasına cəlb olunmuş yaxınlarının meyitləri gəlməkdədir. Son bir ayda təkcə Qırğızıstanda ən azı dörd ailəyə qohumunun Ukraynada döyüşdə həlak olması xəbəri gəlib. Onlar orduya Rusiya həbsxanalarından, Vaqner muzdlu döyüşçü qrupu tərəfindən cəlb olunublar.

AzadlıqRadiosunun müxbiri Farangiz Nacibullah yazır ki, ölüm xəbəri gələnlər arasında cənubi Oş vilayətindən olan, zorlama və oğurluq ittihamıyla doqquz illik həbsə məhkum edilmiş 30- yaşlı Erlan Ermekov da olub. O, noyabrda Vaqner ilə altı aylıq kontrakt imzalayıb. Əvəzində pul, Rusiya vətəndaşlığı əldə edəcək, kriminal tarixçəsi təmizlənəcəkdi.

Anası Gulnara Zakirova deyir ki, Ermekov buna həyata yenidən başlamaq şansı kimi baxırdı. Ana Rusiyadan pul aldıqlarını təsdiqləyir – birinci ay 1300 dollar, sonrakı aylar 2 min 400 dollar alıblar. Ancaq bu çox çəkmir, Ermekov fevralın 6-da döyüşdə öldürülür.

1077 qırğızıstanlı məhbus

İndi ana Rusiyada məhbəs həyatı yaşayan bütün qırğızıstanlıların ölkəyə gətirilməsi, cəzalarını öz ölkələrində çəkməsi üçün kampaniya aparır.

“Yeganə oğlumu itirdim, başqa anaların mənim yaşadıqlarımdan keçməsini istəmirəm”, – o söyləyib.

Qırğızıstanın hakim orqanları hazırda 1077 vətəndaşın Rusiyada həbs cəzası çəkdiyini təsdiqləyib, onların çoxu narkotik ittihamı ilə cəzalandırılıb.

Rusiyada Orta Asiyanın digər ölkələrindən də minlərlə insan həbs cəzası çəkir. Çünki Rusiya keçmiş sovet respublikalarından miqrant işçilərin üz tutduğu əsas məkandır.

Dünyada müxtəlif döyüş gedən yerlərdə vəhşiliklər törətdiyi bildirilən Vaqner qrupunun Ukraynaya 50 minədək döyüşçü cəlb etdiyi deyilir. Onların 80 faizi isə Rusiya həbsxanalarında adları olanlardır.

Birləşmiş Ştatlar yanvarın 29-da bu qrupu transmilli cinayətkar təşkilatlar kateqoriyasına salıb.

Məhkum ailəsinə deyib ki...

Vaqner iyunun sonundan bəri azı 35 min məhkumu Ukraynadakı müharibəyə cəlb edib. Bunu məhbusların hüquqları üzrə ixtisaslaşmış “Rus Sidyashchaya” insan haqları təşkilatının direktoru Olqa Romanova deyir. Onun sözlərinə görə, qrup əsasən Orta Asiyadan məhkumları hədəfə alır, çox vaxt onları iradələri əleyhinə siyahıya salır.

Tacikistandan 52-yaşlı Fatulla Narzullayev iyunda Rusiyaya işləməyə gedib. Fevralın əvvəlində onun meyiti paytaxt Düşənbə yaxınlığındakı doğma kəndinə göndərilib. Narzullayev məhbəsdən qohumlarına telefon zənglərində deyirmiş ki, onu “zorla müharibəyə göndərirlər”.

AzadlıqRadiosunun tacik xidməti 14 tacikistanlı məhbusun son aylar Ukraynada öldürüldüyünü hesablayıb.

Rusiyadakı ortaasiyalı məhkumların ailələri qohumlarının müharibəyə getmək üçün fiziki və psixoloji pis rəftarla üzləşdiklərini deyirlər.

Orta Asiya hökumətləri vətəndaşlarına dəfələrlə xəbərdarlıq ediblər ki, başqa ölkələrdə hərbi münaqişələrdə iştirak etməsinlər.

Novosibirskə gedən tabutlar

Son günlər internetdə yayılmış bir videoda isə Novosibirskdə Tolmaçevo aeroportunun anqarında onlarla taxta qutunun görüntüsü yayılıb. Görüntüləri yaxınlaşdıranda üstlərində ölüm sertifikatları oxunur. Hər bir kağızda ad-soyad yer alıb.

Sənədlərin birində “Gerbold. Buryatia” yazılıb.

Buryatiyadan 39-yaşlı Gennadi Gerboldun qohumları AzadlıqRadiosu-nun “Siberia.Realities” portalına deyiblər ki, iki həftə öncə Vaqner qrupu onlara Gerboldun ölümü haqda xəbər verib və daha sonra onun meyiti Novosibirskə qaytarılıb.

Tolmaçevo aeroportunun işçiləri videonun orada çəkildiyini danıb, bunu “saxta informasiya” adlandırıb.

Ancaq yerli rəsmilər bu yaxınlarda regiondan xeyli sayda keçmiş məhbusun Ukraynada öldürüldüyünü təsdiqləmişdilər.

Sibirin yoxsul vilayətlərindən olan Buryatiya Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı tammiqyaslı müharibəsinin yükünü çəkib. Rusiyanın digər əraziləri, məsələn, paytaxt Moskva, yaxud Sankt Peterburqla müqayisədə Buryatiyadan daha çox adamın müharibədə öldüyü bildirilir.

Novosibirskdə çəkildiyi deyilən video isə Rusiyanın Ukraynada itkilərinin xeyli artması haqda xəbərlərin fonunda yayılıb.

Bir neçə həftədir Baxmut və yaxınlıqdakı Soledar və Vuhledar şəhərlərində ağır döyüşlər gedir.

“Siberia.Realities” sözügedən videoda digər sənədlərdə adları keçənlərin bir qisminin də Ukraynada öldürüldüyünü təsdiqlədib.

XS
SM
MD
LG