Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:22

Zelenski: Ukraynanın NATO-ya gələcək üzvlüyünə şübhələr aradan qalxdı


Vilnüsdə NATO sammiti
Vilnüsdə NATO sammiti

NATO-nun Vilnüsdə iki günlük sammiti zamanı Ukrayna alyansa “üzvlüyü ilə bağlı hər hansı şübhə və qeyri-müəyyənliyi aradan qaldırdı”. Bunu Ukrayna prezidenti Volodimir Zelenski iyulun 12-də deyib.

O, Böyük Yeddilik (G7) qrupu ölkələrinin təhlükəsizlik zəmanətlərini alqışlayaraq deyib ki, Ukraynanın NATO-ya üzvlük yolunda təhlükəsizlik təməli qurmaq üçün heç vaxt belə bazası olmayıb.

“Bu təməl üzərində ikitərəfli təhlükəsizlik sazişlərinin yeni, hüquqi öhdəliklər qoyan arxitekturasını quracağıq”, – Zelenski vurğulayıb.

G7-nin verdiyi təhlükəsizlik təminatı qrupun hər bir üzvünün Ukraynanın uzun müddətə öz ordusunu gücləndirməyə yardım göstərməsi üçün danışıq aparmasına yol açır.

“Birliyimiz büdrəməyəcək”

NATO sammitinin sonuncu günündə Ukrayna ilə əlaqələrin dərinləşdirilməsi məqsədilə NATO-Ukrayna Şurası adlı yeni forumun da təməli qoyulub. Daimi fəaliyyət göstərəcək bu qurumda alyans üzvləri və Ukrayna konsultasiyalar keçirəcək, fövqəladə vəziyyətlərdə iclas çağıracaqlar.

Zelenski sammit çərçivəsində ABŞ Prezidenti Co Bayden (Joe Biden) ilə də görüşüb. Bayden daha sonra Vilnüs universitetində deyib ki, ABŞ və müttəfiqlərin Ukraynaya bağlılığı “zəifləməyəcək”.

Bayden görüşdən sonra Ukrayna prezidentinə deyib ki, “Birləşmiş Ştatlara sizə ehtiyacınız olanları çatdırmaq üçün bacardığını edir”.

“Birliyimiz büdrəməyəcək. Sizə söz verirəm”, – Bayden elan edib.

+++

Prezident Volodimir Zelenski sənayeləşmiş ölkələrin Böyük Yeddilik (G7) qrupunun Ukraynaya təklif edəcəyi uzunmüddətli təhlükəsizlik "çərçivəsini" alqışlayıb. Ancaq deyib ki, bu, NATO-ya üzvlük üçün aydın cədvəlin yerini vermir.

NATO-nun Litva sammitinin yekununda qəbul olunan qarışıq ifadəli bəyanatda deyilir ki, 31 üzvü olan alyans “Müttəfiqlər razılaşdığı və şərtlər yerinə yetirildiyi vaxt Ukraynanın alyansa qoşulması üçün dəvət göndərə biləcək”. Kiyev bu bəyanatdan məyus olduğu bir məqamda G7 sözügedən açıqlamanı verib.

“Bu sammitin nəticələrinin yaxşı olduğunu deyə bilərik, lakin dəvət alsaydıq, optimal nəticə olardı”, – Zelenski NATO başçısı Yens Stoltenberqlə Vilnüsdə birgə mətbuat konfransında deyib.

"Ukrayna üçün ən yaxşı zəmanət NATO-da olmaqdır", – Zelenski jurnalistlərə deyib. O, iyulun 12-də sammit çərçivəsində ABŞ Prezidenti Co Baydenlə (Joe Biden) görüşməlidir.

“Ukrayna NATO-ya hər zamankından daha yaxındır”

Ukrayna prezidentinin yanında dayanan Stoltenberq bildirib ki, üzvlük dəvətinin olmamasına baxmayaraq, Ukrayna "NATO-ya hər zamankından daha yaxındır". "Müttəfiqlər kimi görüşəcəyimiz günü səbirsizliklə gözləyirəm", – o əlavə edib.

“Bu müharibə başa çatdıqda, tarix təkrarlanmasın deyə, Ukraynanın təhlükəsizliyi üçün etibarlı razılaşmaları təmin etməliyik”, – o vurğulayıb.

G7 razılaşmasını Britaniyanın Baş naziri Rişi Sunak bəyanatında açıqlayıb. Razılığa görə, daha çox müdafiə avadanlığı veriləcək, kəşfiyyat paylaşımı gücləndiriləcək və sürətləndiriləcək, kiber və hibrid təhdidlərdən müdafiəyə dəstək artacaq, təlim proqramları və hərbi təlimlər genişləndiriləcək, Ukraynanın sənaye bazası inkişaf etdiriləcək.

Razılaşma haqda rəsmi açıqlama Zelenskinin Baydenlə görüşündən sonra veriləcək.

Kremlin reaksiyası

Kreml dərhal təhlükəsizlik razılaşmasını tənqid edərək, bunun “səhv” olduğunu bildirib.

Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə deyib ki, bunu “potensial olaraq çox təhlükəli sayırlar”: “Onlar Ukraynaya təhlükəsizlik qarantiyaları verməklə Rusiyanın təhlükəsizliyinə müdaxilə edirlər”.

Bayden və onun NATO-dakı həmkarları, həmçinin Zelenski ilə yeni NATO-Ukrayna Şurasında danışıqlar aparacaqlar. Bu qurum 31 müttəfiq və Ukrayna üçün daimi məşvərətçi orqandır.

Zelenski iyulun 12-də deyib ki, görüşdə onun prioritetləri Ukraynada döyüşən əsgərlərə daha çox dəstək, müttəfiqlərdən təhlükəsizlik zəmanəti almaqdır. O əlavə edib ki, hələ də NATO-ya dəvətə ümid edir.

"Döyüşçülərimizə daha çox silah, bütün Ukraynaya daha çox həyat təminatı!" – o, tvitində yazıb.

XS
SM
MD
LG