13 saylı orta məktəbdə 900-dən çox şagird təhsil alır, onlarla müəllim çalışır. Şəhərin «Qırmızı kənd» qəsəbəsinin yaxınlığında yerləşən məktəbin geniş həyəti var. Ötən əsrdən qalma da iki mərtəbəli binası.
1992-ci ildə sinif otaqları çatışmadığından məktəb üçün dördmərtəbəli korpusun tikilməsi, köhnə binanın əsaslı təmir edilməsi nəzərdə tutulub, hətta yeni korpusun 2 mərtəbəsinin divarları hörulub də. Tikinti yarımçıq qaldığından məktəb rəhbərliyi məcbur olub həyətə dəmir qaraj gətirib ki, sinif otaqlarını müvəqqəti əvəz etsin. Köhnə binanın 8 sinfini də iki yerə bölüb, 16 sinif ediblər ki, 1-dən 4-ə kimi oxuyan balacaları qarajdan uzaq tutsunlar. Bir də belə hörmət 11-cilərin payına düşüb, məktəbdə sonuncu illəri olduğu üçün…
Məktəbin direktoru Hüsnay Mövlayeva deyir ki, yayda isti, qışda soyuq qarajlar uşaqları xəstə salıb. Buna görə də bir çox valideynlər övladlarını uzaq da olsa, başqa məktəbə göndərməyə məcbur olublar.
Nəvəsi bu məktəbdə oxuyan, özü də ibtidai sinif muəlliməsi olan Səlimə deyir ki, uşaq ilboyu xəstə olur. Amma başqa məktəbə aparmaq fikri də yoxdu: «Hamı uşağını çıxarsın, bəs biz kimə dərs deyək? «Partalara?»
Valideyn Nəcibə xala isə gileylənir ki, keçən ilin soyuqlarında bu qaraj-siniflər onun qızını yataq xəstəsi edib.
Müəllimlər danışmağa həvəsli deyillər. Dil-ədəbiyyatdan dərs deyən Zemfira müəllimə bu küskünlüyün səbəbini belə anladır: «Daha heç kimə inanmırıq. Guya xəbərləri yoxdu ki, biz ilboyu qarajda dərs deyirik? Heç kimin vecinə deyil».
Gəncə Şəhər Təhsil İdarəsinin rəis müavini Xanlar Əmiraslanov isə deyir ki, 4 mərtəbəli binanı tikib başa çatdırmaq real görünməsə də, yarımçıq qalan iki mərtəbəni tamamlamaq mümkündür. Elə təhsil idarəsinin rəhbərliyi də məktəb əhlinin narahatlığına son qoymağa qərar verib. Hər halda cənab Əmiraslanov bildirir ki, gələn il binanın tikintisi başa çatdırılacaq və şagirdlərə 20 yeni sinif otağı verilləcək. Qarajları isə sökəcəklər.