Ordudan tərxis yubanırmı?

.

ƏSGƏR ANASININ GÖZÜ QAPIDADIR...

Bu il Azərbaycanda ordudan tərxis olunma bir qədər yubanır. Hər halda, əsgər valideynlərində belə bir nigarançılıq var.

Eləcə də mətbuat, sosial şəbəkələr xidmətini başa vuran əsgər və zabitlərin tərxis edilmədiyini yazır.

Ötən illərin təcrübəsi göstərir ki, xidmətini başa vuranları iyulun 1-dən evə buraxmağa başlardılar. Proses iyulun 30-dək davam edərdi. Bu il də belədirmi? Ordudan tərxis edilən varmı? Yoxdursa, gecikməyə səbəb nədir?

Cavabı ancaq Müdafiə Nazirliyi verə bilər. O da israrla susur.

Tərxis olunma prosesinin yubanması isə cəmiyyətdə narahatlıqlara yol açıb. Hətta yubanmanı “hərbi əməliyyatlara hazırlıqlar”la bağlayanlar, “işğal atındakı torpaqların qaytarılması üçün müharibənin başlanması” ehtimalını səsləndirənlər də var.

Narahatlığı artıran bir də bu günlərdə ATV-nin xəbər aparıcısının çəkildiyi bədii filmdə Qarabağ ətrafında işğal edilmiş yeddi rayonun qaytarılması haqda dediklərinin sosial şəbəkələrdə yayılması olub. Bu, əməlli-başlı çaşqınlığa yol açıb. Sonradan aparıcı və film müəllifləri bildiriblər ki, bu, kinodur, gerçək deyil.

Bir il öncə oğlunu hərbi xidmətə yola salan Sara Əhmədova deyir ki, bir gözü qapıda, o biri gözü televiziyada hər gün oğlunun yolunu gözləyir. Günaşırı oğlu Nicatla əlaqə saxlasa da, o da anasına şad xəbər verə bilməyib:

“Allah haqqı ürəyimi yeyirəm. Yenə sağ olsun yaxşı adamlar, ürək-dirək verirlər ki, yaxşı olar. Ürəyimdə ancaq onu deyirəm ki, “bu gün-sabah gələr, buraxarlar”. Buraxılanlar var deyə ürəklənmişəm ki, bir həftəyə də oğlum gələr. Qonşumuzun oğlu da hərbi komissarlığa getmişdi, deyiblər 10 günə gəl. Deyirlər, bu cür irəli-geri həmişə olur, ona görə bir az əminlik yaranır”.

Sara ana deyir ki, beş gün tez, beş gün gec gəlsə, eybi yoxdur, təki sağ-salamat gəlsin.

Bəs, Sara Əhmədova kimi əsgər analarına, ümumiyyətlə, son günlər müharibənin başlanması haqda dedi-qodular dolaşan topluma Müdafiə Nazirliyi hansı cavab verir?

İyulun 7-də AzadlıqRadiosu adından Müdafiə Nazirliyinin mətbuat xidmətinə həm şifahi, həm də yazılı suallarımızı göndərsək də cavab ala bilməmişik. Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının dediyinə görə, suallara baxacaq və imkan olsa cavab verəcək.

DEPUTAT MÜDDƏTDƏN ARTIQ XİDMƏTƏ XÜSUSİ QƏRAR LAZIM OLDUĞUNU DEYİR

Zahid Oruc

Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Zahid Oruc AzadlıqRadiosuna deyib ki, əsgər və zabitlərin hərbi xidmətlərini başa vurması və tərxis edilməsi üçün hələ iyulun sonuna kimi vaxt var. Bu baxımdan xüsusi gecikmə yoxdur. Ancaq deputat etiraf edir ki, cəbhə xəttində gərginlik əvvəlki illərlə müqayisə olunmayacaq dərəcədə çoxdur:

Sizin brauzer HTML5-i dəstəkləmir

Zahid Orucun tərxisin yubanması haqda

“Bu, Azərbaycanın rəsmi dairələri tərəfindən də inkar edilmir. Ona görə də istisna olaraq ayrı-ayrı hərbi hissələrdə gecikmə olarsa və ya ordakıların xidmət müddətinin daha bir-iki ay uzadılması reallığı yaranarsa, bundan ötrü rəsmi qərar olmalıdır. Bu da hərbi hissələrin səlahiyyətində deyil. Bu qanunlarla tənzimləndiyindən komandirlərin və hərbi hissə rəhbərlərinin öhdəsinə buraxılmayacaq. Ona görə də belə nəticə çıxarmaq olmaz ki, Azərbaycan müharibə qərarı verib və ya bu hazırlığın içindədir, hərbi çağırışçılar xidmət müddətlərindən artıq saxlanacaqlar və s... Bu, yanlış yanaşma olardı”.

Zahid Orucun qənaətincə, son zamanlar Azərbaycan Qarabağ münaqişəsinin hərbi-siyasi müstəvidə həlli üçün imkanlarını gücləndirib, ön cəbhəyə yetərincə hərbi texnika toplanıb və onları idarə edəcək kadr potensialı da var. Deputat Rusiya-Azərbaycan münasibətlərinin də tarixin heç bir dönəmində bu qədər yaxşı olmadığını söyləyir:

“Ona görə də söyləməkdən çəkinmirəm ki, 7 rayonun qaytarılmasının KİV-ə bəzən xaotik, bəzən spontan şəkildə sızması, eyni zamanda Putin-in masası üzərinə Azərbaycanla bağlı planların yatırılması haqda deyilənlər əsassız deyil.

Eləcə də Rusiyanın Qərblə konfrontasiya fonunda üzərindən məlum işğalçılıq imicini atmaq üçün Qafqazda müəyyən şəkildəyişimlərinə getməsi, o cümlədən Azərbaycan torpaqlarının qaytarılması, Qafqazda siyasi çəkisini bərpa edə bilməsi haqda deyilənlərın əsası olmamış deyil. Ona görə də ildırım sürətli müharibə, Rusiyanın nisbətən neytrallaşacağı təqdirdə Azərbaycanın əl atacağı addımlar dövriyyəyə daha çox çıxır”.

“BƏS, QARABAĞI AZAD EDİRDİK”

Üseyir Cəfərov

​İstefada olan zabit Üzeyir Cəfərli isə əminliklə söyləyir ki, tərxis olmayla bağlı gecikmə yoxdur:

“Prezidentin sərəncamıyla iyulun 1-dən 30-dək həm hərbi çağırış, həm də ehtiyata buraxılma prosesi həyata keçirilir. Əsgərlərimiz istəyirlər ki, iyulun 1-də evlərinə yola düşsünlər. Onları başa düşürəm. Amma bu gün iyulun 7-dir. 7 günə hərbi hissələrə yeni kontingentin gəlməsi asan iş deyil.

Bəli, əvvəllər əsgərləri tez yola salır, tələsik yenilərlə məşğul olurdular. Amma son zamanlar xeyli təlimlər keçirilir, səfərbərliklərlə bağlı bəzi işlər görülür”.

Sizin brauzer HTML5-i dəstəkləmir

Üzeyir Cəfərov tərxisin yubanması haqda

Üzeyir Cəfərli deyir ki, onda olan məlumata görə, artıq bəzi hissələrdə tərxisolma başlayıb. Onun sözlərinə görə, sadəcə, döyüş hazırlığıyla bağlı hərbi hissələrdə yenilərin yerləşdirilməsi prosesi gedir deyə belə fikir formalaşıb ki, əsgərlər evə buraxılmır:

“Gənclərə o dəqiqə silah verib ön xəttə çıxarmaq olmaz, qanun yol vermir buna. Arada zarafatla deyirəm ki, “bəs, biz deyirik torpaq azad etmək istəyirik, nə tez evə qaçmaq istəyirsiz, ay uşaqlar?””

Bununla belə, Üzeyir Cəfərli istənilən an müharibə başlana biləcəyini da istisna etmir:

“Əvvəla, ona görə ki, çox münbit şəraitdi. Adətən belə vaxtlar döyüşlər olur. Əvvəlki illərin xronikası döyüş olacağını istisna etmir. Amma inanmıram bundan ötrü bu qədər qoşunu saxlasınlar. Yadınızdadır, ötən il avqustda bir vur-çatlasın vardı. Amma heç nə də baş vermədi. Uşaqlar, darıxmayın, qısa zamanda evdə olacaqsız”.

Maraqlıdır ki, ekspertin və deputatın dediyi kimi narahatlığa əsas yoxdursa, Müdafiə Nazirliyi niyə susur?