Əli Həsənov mühacirlərə səsləndi

Əli Həsənov

“Heç olmasa, avropalılardan siyasi mübarizə mədəniyyəti öyrənəydiniz”

“Cümhuriyyət sadəcə hüquqi varislik deyil, biz Cümhuriyyətimizin, onun qurucularının mənəvi irsinə varisliyi də bacarmalıyıq”.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün “Facebook” səhifəsində belə yazıb. Yazı “vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir” cümləsi ilə başlayır.

Ə.Həsənov yazısında 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti irsinin davam etdirilməsinə toxunub. O zaman Azərbaycandan mühacirətə getməyə məcbur qalan cümhuriyyət qurucularından bəhs edib, bəzi paralellər aparıb.

Buna da bax: Əli Həsənov prezidentin sərəncamını şərh edib

“Qurucu ata-babalarımızın həm Cümhuriyyətin mövcud olduğu 23 ay müddətində sərgilədiyi fəaliyyət, həm də Cümhuriyyətin süqutundan sonra mühacirət dövründəki vətənə, milli dövlətçilik ideallarına sədaqətli xidmət nümunələri mənimsənilməsi vacib olan nümunəvi irsdir”.

O, bəzən mühacirlər arasında milli ideallara xəyanət yolu tutanların da olduğunu söyləyib. Ə.Həsənov Azərbaycanın yaxın coğrafiyanın sabitlik adasına çevrildiyini iddia edib.

“İndi bu sabitliyin qəsdinə duranlara, ölkəmizə qarşı istənilən formada mübarizə aparmağa hazırlaşanlara, hətta əllərinə silah alaraq ölkəmizi dağıtmağa belə hazır olanlara üzümü tutaraq sual edirəm. Onlarla, yüzlərlə qohum-əqrəbanız sabah Yaxın Şərq və Şimali Afrika ölkələrinin qaçqınlarının nümunəsində sizin məskunlaşdığınız o dövlətlərə üz tutsalar, özünüzü necə hiss edəcəksiniz?”​

Prezidentin köməkçisi Avropada əxz etməyə çoxsaylı müsbət nümunələrin olduğunu bildirib, vətənpərvərlik, dinc siyasi mübarizə nümunələrini sadalayıb.

Buna da bax: Əli Həsənovun siyasiləşmiş biznes şəbəkəsi

“Heç olmasa aralarında yaşadığınız bu avropalılardan siyasi mübarizə mədəniyyəti öyrənəydiniz. Onların necə siyasi debat apardıqlarını, bir-biri ilə siyasət və opponentlik dilində necə hörmət və izzətlə davrandıqlarını nümunə kimi əxz edəydiniz”, – prezidentin köməkçisi mühacir azərbaycanlılara xitabən bildirib.

O, İlham Əliyevin təmsil etdiyi hakimiyyətə opponentlik edənlərə öz mübarizələrini sərbəst formada Azərbaycanda aparmağa bütün şəraitin olduğunu iddia edib.

Xatırlatma

Son həftələr Azərbaycandan mühacirət edən bəzi siyasi fəallar Avropa şəhərlərində prezident İlham Əliyevin nümunəsində “diktatoru tanıdaq” adlı aksiyalar keçirirlər. Mühacirlər bildirirlər ki, son vaxtlar Azərbaycanda yaşayan ailə üzvlərini və hətta qadınları belə polis idarələrinə apararaq onlardan imtinaya məcbur edirlər.

Ancaq ölkənin hüquq mühafizə orqanları da deyirlər ki, Azərbaycanda siyasi əqidələrinə görə, heç kimin qohumu təzyiqlərə məruz qalmır.