Trump: 'Mən Türkiyənin iqtisadiyyatını dağıtmağa tamamilə hazıram'

Trump Erdogan-la ‘sərt’ danışıb

ABŞ Prezidenti Donald Trump türkiyəli həmkarı Recep Tayyip Erdogan-la telefon söhbətində Suriyada dərhal atəşkəsə çağırıb. Bunu Vitse-prezident Mike Pence deyir.

Pence-nin sözlərinə görə, Trump Erdogan-la telefonda sərt danışıb. Vitse-prezident böhranda vasitəçilik üçün tezliklə regiona səfər edəcəyini bildirib.

“Amerika Birləşmiş Ştatları Türkiyənin Suriyanı bundan artıq işğal etməsinə sadəcə dözməyəcək. Türkiyəni dayanmağa, zorakılığa son qoymağa və danışıqlar masasına oturmağa çağırırıq”, – Pence jurnalistlərə deyib. Xəbəri “Reuters” yayıb.

Suriyada bir neçə gündür aparılan əməliyyat zamanı 160 mindən çox dinc sakinin evindən didərgin düşdüyü bildirilir.

***

ABŞ prezidenti Donald Trump tezliklə Türkiyə rəsmilərinə qarşı sanksiyaların qoyulması üçün fərman imzalayacağını deyib.

O habelə bildirib ki, Türkiyənin Suriyanın şimalında apardığı hərbi əməliyyatlara görə Ankara ilə 100 milyard dollarlıq ticarət razılaşmasına dair danışıqar dayandırılacaq və Türkiyə poladına 50 faizlik rüsum qoyulacaq.

Trump oktyabrın 14-də verdiyi bəyanatda bildirib:

"Türkiyə liderləri bu qorxulu və dağıdıcı yoldan çəkilməsələr mən tez bir zamanda Türkiyənin iqtisadiyyatını məhv etməyə tamamilə hazıram”.

Suriya qoşunları ölkənin şimalına doğru irəliləyir

Suriya Türkiyəni qabaqlayaraq Mənbicə daxil olduğunu bildirir

Dəməşq və kürd qüvvələri arasında əldə olunmuş razılaşmanın ardınca Suriyanın hökumət qüvvələri ölkənin şimalına doğru irəliləməyə başlayıb. Bu razılaşmaya görə Suriya nizami ordusu kürdləri Türkiyənin hücumundan qorumalıdır.

Dövlət mediasının verdiyi xəbərə görə oktyabrın 14-də Suriya ordusunun birləşmələri Mənbic şəhərinə daxil olub. Türkiyə bu şəhəri Suriyanın şimalında yaratmağa çalışdığı “təhlükəsiz zonaya” daxil etmişdi və növbəti hədəfin Mənbic olduğu elan etmişdi.

Bu xəbər hələlik başqa mənbələr tərəfindən təsdiqlənməyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Suriya Türkiyə ordusunun girdiyi ərazilərə dogru ordu yeridir

Suriya qoşunları habelə Fərat çayının şərq sahilindəki Tel Tamer və Ayn İssa şəhərlərini tutub. Bu iki şəhər Türkiyə sərhədinə gedən strateji yolun üstündədir.

BMT-nin baş katibi Antonio Guterres deyib ki, Türkiyənin hücumuna görə azı 160 min insan evlərindən didərgin düşüb.

Lüksemburqda keçirilən sammitdə Avropa İttifaqının 28 üzvü Türkiyənin hərbi əməliyyatını yekdilliklə pisləyib. Bununla belə Avropa Türkiyəyə embarqo elan etməyib.

Recep Tayyip Erdoğan oktyabrın 14-də Bakıya səfəri zamanı Avropa İttifaqı və Ərəb Liqasının mövqeyini tənqid edib.

Bu arada ABŞ prezidenti Donald Trump deyib ki, ola bilsin kürdlər İslam Dövləti ekstremist təşkilatının üzvlərini həbsxanadan bilərəkdən azad ediblər.

Trump-ın dediyinə görə bundan məqsəd ABŞ-ı münaqişəyə cəlb etməkdir.

Amma Trump əlavə edib ki, “Türkiyənin üzərinə böyük sanksiyalar qoyulacaq”.

Bununla belə ABŞ prezidenti Vaşqintonun NATO müttəfiqi Türkiyə ilə qarşıdurmaya getməyəcəyini bildirib.

***

Suriya kürdləri oktyabrın 13-də Dəməşq hökumətilə anlaşma əldə etdiklərini bildiriblər.

“Frans Pres” agentliyi yazır ki, kürdlər Suriya hökumətilə sövdələşməni hücumu dayandırmaqdan ötrü lazımlı addım hesab edirlər.

“Bu təcavüzü önləmək və dayandırmaq üçün Suriya hökuməti ilə razılaşma əldə olunub... Suriya ordusu Suriya-Türkiyə sərhədində yerləşərək Suriya Demokratik Qüvvələrinə (SDF) kömək edəcək”, – kürd administrasiyası bəyanatında bildirib.

Bundan öncə isə Suriyanın SANA dövlət xəbər agentliyi bildirib ki, ordu “Türkiyənin təcavüzünü önləmək üçün” şimala hərbçilər göndərir.

Parisdə kürdlərə dəstək aksiyası, 12 oktyabr, 2019-cu il

“Foreign Policy” dərgisində SDF rəhbəri Mazlum Abdi yazır: “Kompromis ilə xalqımızın soyqırımı arasında seçim etməli olsaq, əlbəttə ki, xalqımızın həyatını seçəcəyik”.

Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı bazar günü münaqişə zonasında azı 26 dinc sakinin öldürüldüyünü bildirib. İndiyədək sərhədin Suriya hissəsində azı 60 dinc sakin həyatını itirib. Türkiyə isə kürdlərin bombardmanı nəticəsində 18 dinc sakinin öldürüldüyünü bildirir.

***

ABŞ Suriyanın şimalından min əsgərini çıxarır

Birləşmiş Ştatlar Suriyanın şimalındakı hərbçilərinin hamısını geri çəkdiyini bildirir. Fransa isə bu ərazidəki hərbi və mülki personalının təhlükəsizliyi üçün tədbirlər gördüyünü açıqlayıb.

Hazırda Suriyanın şimalında Türkiyə qüvvələri ilə kürd döyüşçülər arasında şiddətli toqquşmalar gedir.

Suriyanın kürd qüvvələrinin oktyabrın 13-də bildirməsinə görə, onlar Türkiyənin işğalını önləmək üçün Suriya hökumətindən yardım almağa razılaşıblar.

130 mindən çox köçkün yaranıb

ABŞ-ın Müdafiə naziri Mark Esper elə həmin gün bildirib ki, Türkiyə ilkin planlaşdırdığı hücumu “güman ki genişləndirmək” istəyir.

Türkiyənin əməliyyatda məqsədi kürdlərin başçılıq etdiyi Suriya Demokratik Qüvvələrini (SDF) ərazidən çıxarmaqdır. Ankara SDF-i qadağan olunmuş Kürdüstan İşçi Partiyasının (PKK) bir qanadı sayır. PKK 30 ildir Türkiyədə muxtariyyət uğrunda mübarizə aparır.

Buna da bax: Türkiyə hərbçiləri Ras al-Ayn şəhər mərkəzinin nəzarətə götürüldüyünü bildirir

Esper deyib ki, SDF Türkiyəyə qarşı alyans yaratmaq üçün Suriya və Rusiya hökumətləri ilə danışıqlar aparır.

BMT Türkiyənin hücumu nəticəsində 130 mindən çox adamın evindən didərgin düşdüyünü bildirir.

Türkiyə Prezidenti Recep Tayyip Erdogan ötən həftə ABŞ lideri Donald Trump ilə telefon danışığından sonra Suriyanın 30 kilometrliyində əməliyyat keçirəcəyini, burada “təhlükəsiz zona” yaradaraq 2 milyonadək suriyalı qaçqını oraya yerləşdirəcəyini bildirib. Ağ ev isə Türkiyənin müdaxiləsinə qarışmayacağını açıqladı. Sözügedən ərazilər kürd qüvvələrinin nəzarətindədir. Kürdlər 2014-cü ildən bəri ABŞ qüvvələrinin Suriyada İslam Dövləti (İD) silahlı qruplaşması ilə mübarizəsində əsas rol oynayıb.

Mnuchin sansksiyalarla hədələyir

Oktyabrın 13-də 200-dək İD tərəfdarının Ayn İssa şəhəri yaxınlığında təcridxanadan qaçdığı xəbəri yayılıb. Xəbəri “AP” kürd rəsmilərinə istinadla yayıb.

Buna da bax: ABŞ Suriyada artan ölümlərlə bağlı Türkiyəyə xəbərdarlıq edir

ABŞ-ın Maliyyə naziri Steven Mnuchin isə Trump-ın Türkiyəyə qarşı sanksiyalar tətbiqinə icazə verdiyini açıqlayıb. Mnuchin oktyabrın 11-də deyib ki, “bunlar çox güclü sanksiyalardır, ümid edirik onları tətbiq etməli olmayacağıq, ancaq lazım gələrsə, Türkiyə iqtisadiyyatını çökdürə bilərik”.

NATO üzvləri Almaniya və Norveç müttəfiqləri Türkiyəyə silah satışına məhdudiyyətlər tətbiq ediblər.

Bu arada Ağ ev Suriyada “etnik və dini azlıqların qorunması, insan haqlarının irəli aparılması üçün” 50 milyon dollar ayırıb.

Suriyada 2011-ci ilin martından başlanan vətəndaş müharibəsində 400 mindən çox adam həlak olub, milyonlarla köçkün yaranıb.

Erdogan noyabrda Vaşinqtona səfər edərək Trump-la görüşəcək.